"Vəzifəsindən, mövqeyindən asılı olmayaraq hər kəs qanunlarımıza hörmətlə yanaşmalı, qaydalara əməl etməlidir. Bu, dövlətin inkişafı, həm də insanların rahatlığı üçün çox vacibdir. Metro stansiyalarında, keçidlərdə mağazaların fəaliyyət göstərməsini məqbul hesab etmirəm. Çünki hər gün metroya yüz minlərlə insan gediş-gəliş edir. Onların təhlükəsizliyinin təmin olunması, rahat hərəkətin nizamlanması həm məsuliyyət, həm də vətəndaşlıq borcu tələb edir. Buna görə də "20 Yanvar" metrostansiyasının keçidlərindən mağazaların, ticarət köşklərinin yığışdırılması məqsədəuyğundur".
Publika.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Deputat bildirib ki, kiçik sahibkarlar üçün də şərait yaratmaq vacibdir: "Əgər bu insanlara münasib ərazilərdə ticarət etmələri üçün lazımi şərait yaradılıbsa, etirazlarına, yaxud çağırışlarına heç bir ehtiyac yoxdur. Bu əsassızdır. Sahibkarları qızışdıranların onları etiraz aksiyalarına təhrik etmələri, neqativ hallara çağırışları yolverilməzdir. Düşünürəm, bunun üçün məsuliyyət dərəcələri var. Hər kəs öz hərəkətinə məhəl qoymalı, nə etdiyini yaxşı düşünməlidir. Azərbaycan qanunlarla idarə olunan dövlətdir. Vətəndaşların narahatlığına, gediş-gəlişlərinə maneə olmaq müəyyən dərəcədə inzibati məsuliyyət yaradır. Hər bir kəs bunu bilməlidir".