"Şəki"nin ABŞ-dən olan basketbolçusu Aleks Koldvell klubun mətbuat xidmətinə müsahibə verib.
Fanat.Az-ın məlumatına görə, o, ölkəsindəki Cənubi Karolina ştatının mərkəzi olan Kolumbiya şəhərini Şəki ilə müqayisə edib:
"Yaşadığım şəhərlə Şəki arasında fərqlər çoxdur. Xüsusən bu fərq dəniz baxımındandır (Kolumbiya Atlantik okeanının sahilində yerləşir). Bu mənim fikrimdir. Ancaq Kolumbiya da böyük şəhər deyil. Şəki ilə bu şəhər arasında oxşarlıqlar da tapmaq mümkündür. Məsələn, hər ikisində dağ təbiəti var".
Oyunçu Azərbaycan Basketbol Liqasının ilk üç turunda 2 qələbə qazanmalarına və 1 dəfə məğlub olmalarına belə münasibət bildirib:
"Biz uşaqlarla danışmışdıq ki, ən çox müdafiə barədə düşünməliyik. İlk 2 turdan sonra bu qənaətə gəldik ki, müdafiə planında problem var. Bakıda uduzduğumuz matç bizə "soyuq duş" təsiri bağışladı. Bu səbəbdən də sonuncu turda müdafiə baxımından daha yaxşı çıxış etdik".
Aleks Koldvell öz çıxışının da hələlik pis alınmadığını söyləyib:
"Performansımı burada göstərə bilirəm. Sonuncu oyunda əlimizə çoxlu xal toplamaq üçün yaxşı fürsət düşmüşdü. Mən də bu şansdan yararlandım".
Daha əvvəl Albaniyanın "Beselidya" klubunda çıxış edən basketbolçu iki ölkənin liqalarını müqayisə etmək istəmədiyini feyib:
"Ancaq deyə bilərəm ki, sabiq komandamda çox yaxşı yerlərdə oynamış basketbolçular var idi. Məncə, liqa önəm daşımır. Əsas komandaların tərkibində yer alan oyunçuların səviyyəsidir".