Avstraliya dünyada bir ilkə imza atmağa hazırlaşır. 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan edən qanun layihəsi parlamentə təqdim edilib. Layihəyə əsasən, qadağanı pozan sosial media platformalarına böyük məbləğdə cərimələr tətbiq ediləcək.
Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, 14-17 yaşlı Avstraliya gənclərinin təxminən üçdə ikisi onlayn mühitdə zərərli məzmunlarla qarşılaşır. Bunlara narkotik vasitələr, intihar və özünə zərər vermə ilə bağlı şiddət məzmunları daxildir.
Qanun qəbul olunarsa, 12 ay ərzində qüvvəyə minəcək. Instagram, TikTok və X kimi platformaların uşaqların bu qadağadan necə kənarda saxlanacağını müəyyən etmək üçün həll yolu tapması tələb olunacaq. Qaydalara əməl etməyən şirkətlər 33 milyon dollara qədər cərimə ilə üzləşəcək.
Qanun layihəsi valideynlər və 18 yaşı tamam olmayan uşaqlar üçün heç bir cəza nəzərdə tutmur. Lakin mütəxəssislər bu təşəbbüsə birmənalı yanaşmır. Onların fikrincə, gənclərin qanunu pozmaq ehtimalı yüksəkdir və bu, onların valideynlərindən dəstək alma ehtimalını azalda bilər.
Eyni zamanda, oxşar bir qanunun İngiltərədə də tətbiqi gündəmdədir. İngiltərənin Elm, İnnovasiya və Texnologiya üzrə naziri Peter Kyle bildirib ki, uşaqların onlayn mühitdə təhlükəsizliyini təmin etmək hökumətin prioritetləri sırasındadır.
Türkan İSGƏNDƏRLİ