AZ

Dünya ölkələri SEÇİM QARŞISINDA – Hansı dövlətlər Netanyahunun həbsinə RAZILIQ VERİR?

Xəbər verdiyimiz kimi, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbs olunmasına order verib.

Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu və Yoav Qalanta qarşı ən azı 8 oktyabr 2023-cü il və 20 may 2024-cü il tarixləri arasında törədilmiş insanlığa qarşı cinayətlər və hərbi cinayətlərə görə həbs qərarı çıxarıb. Məhkəmə müəyyən edib ki, hər iki təqsirləndirilən şəxs “qəsdən və bilərəkdən Qəzzanın mülki əhalisini yaşamaq üçün zəruri olan əşyalardan, o cümlədən ərzaq, su, dərman və tibbi ləvazimatlar, həmçinin yanacaq və elektrik enerjisindən məhrum ediblər”.
 

MÖVZU İLƏ BAĞLI:

Almaniya XİN-dən VƏD: Netanyahu ilk fürsətdə həbs ediləcək


İsraildən sərt reaksiya

Qərara ilk etiraz təbii ki, Təl-Əvivdən gəlib. Belə ki, Baş nazirin ofisi Beynəlxalq Cinayət Məhkəməsinin qərarını “antisemit” adlandırıb və İsrailin öz vətəndaşlarını qorumaq üçün “təzyiqlərə boyun əyməyəcəyini” bildirib:

"İsrail BCM-nin ona qarşı irəli sürdüyü absurd və yalan hərəkətləri ikrah hissi ilə rədd edir".

İsrail prezidenti İsaak Hersoq da Beynəlxalq Cinayət Məhkəməsinin bu qərarını tənqid edib:

“Bu, ədalət üçün qara gündür. Bəşəriyyət üçün qara gün. BCM-nin vicdansız qərarı universal ədaləti universal gülüş obyektinə çevirdi. O, haqq-ədalət uğrunda mübarizə aparanların hamısının qurbanlarına lağ edir”.

Fələsinlilər sevinir…

Beynəlxalq Cinayət Məhkəməsinin bu qərarına ən çox sevinən Fələstin xalqı olub. Bel əki, Fələstin Milli Administrasiyasının yaydığı bəyanatda deyilir ki, bu addım Fələstin xalqında beynəlxalq hüququn etibarlılığına inamı bərpa edir.

Bəs, hansı aparıcı dövlətlər BCM-in qərarını alqışlayır?

Təbii ki, Avropanın aparıcı dövlətləri BCM-nin qərarını dəstəkləyir. Məsələn, Fransa, İsveçrə, Almaniya və digər dövlətlərdə məhkəmənin qərarına və Netanyahu ilə Qalantın həbsinə (onların ölkəyə səfəri halında) dəstək elan edilib.

Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Jozep Josep Borrell bildirib ki, BCM qərarları Aİ ölkələrinin də daxil olduğu beynəlxalq qurumun bütün iştirakçıları üçün məcburidir.

Böyük Britaniyanın Leyboristlər hökuməti də İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı ölkəyə gəlsələr, onların həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin qərarını yerinə yetirməyə hazırdır.

İordaniyanın xarici işlər naziri Ayman Safadi Beynəlxalq Cinayət Məhkəməsinin qərarının icra edilməli olduğunu deyib və əlavə edib ki, Fələstinlilər İsrailin Qəzzada "müharibə cinayətləri" adlandırdığı hadisədən sonra ədalətə layiqdirlər.

Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Parisin bu qərara reaksiyası məhkəmənin nizamnaməsinə uyğun olacaq. Mətbuat konfransı zamanı Fransanın Netanyahunu həbs edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Kristof Lemiyon bunun hüquqi baxımdan mürəkkəb bir məsələ olduğunu deyib:

“Bu, hüquqi baxımdan mürəkkəb məsələdir, ona görə də bu gün bu barədə şərh vermək fikrində deyiləm”.

Niderlandın xarici işlər naziri Kaspar Veldkamp isə bildirib ki, Niderland BCM-nin Netanyahu üçün verdiyi həbs qərarına uyğun hərəkət etməyə hazırdır.

“İsrail lideri Niderlanda gələrsə, həbs olunacaq”.

Amerika qitəsindən Kanada ilk reaksiya verənlərdən olub. Kanada hökuməti BCM-nin qərarına sadiqlik nümayiş etdirib.

Kolumbiya prezidenti Qustavo Petro da Beynəlxalq Cinayət Məhkəməsinin  İsrailin baş naziri Binyamin Netanyahunun həbsi ilə bağlı verdiyi qərarla bağlı bunu deyib:

“Bu, məntiqli qərardır. Netanyahu soyqırımı edir”.

Qərara etiraz edənlər də az deyil...


ABŞ-ın Respublikaçılar Partiyasının sözçüsü, yeni seçilmiş prezident Donald Trampın yeni administrasiyada milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə seçdiyi Mayk Uolssa bunları deyib:

“Yanvar ayında Tramp vəzifəyə başlayanda BCM və BMT-nin antisemitizm qərəzinə güclü reaksiya gözləyə bilərsiniz”.

BCM-in qərarları ABŞ-ın indiki hökuməti tərəfindən də rədd edilib:

“İsrail qanuni olaraq öz xalqını və sərhədlərini soyqırımı törədən terrorçulardan müdafiə etdi".

Macarıstanın baş naziri Viktor Orban da Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu haqqında verdiyi həbs qərarına əməl etməyəcəklərinə söz verib. O Netanyahunu Macarıstana dəvət edəcəyini də bildirib:

"Beynəlxalq qurumlar qərar qəbul edərkən ehtiyatlılıq nümayiş etdirmirlər. BCM-nin qərarı siyasi məqsədlərlə hazırkı münaqişəyə müdaxilə etdiyi üçün kinli addımdır. Başqa seçimimiz yoxdur, biz bu qərara qarşı çıxmalıyıq”.


Beləcə, BCM-nin qərarı dünya ölkələrini üz-üzə qoydu. Artıq bu qərardan sonra Yaxın Şərq məsələsinə baxışlarda yeni mövqelər ortaya çıxacağın aydın görünür...

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
39
2
bizim.media

10Mənbələr