AZ

Kripto Ticarəti Halaldır, yoxsa Haram? – İlahiyyatçılar açıqladı

Bu gün dünyada, eləcə də Azərbaycanda kriptovalyutalara maraq artmaqdadır. Bitkoin və digər rəqəmsal valyutaların qiymətinin artması ilə bu maraq daha da genişlənib. Lakin, İslam dünyasında bu yeni ticarət vasitəsinin istifadə edilib-edilə bilməyəcəyi ilə bağlı ciddi müzakirələr aparılmaqdadır. Kriptovalyutaların İslam prinsiplərinə uyğunluğu ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi müsəlman ölkələrində kripto ticarətə icazə versələr də bəzilərində qadağandır. 
Məsələn, Birləşmiş Ərəb Əmirlikləri maliyyə tənzimləyiciləri vasitəsi ilə Dubayın sərbəst zonasında rəqəmsal əlamətlərin istifadəsinə və ticarətinə icazə verməyə razı olublar. Bəhreyn də, 2019-cu ildə kriptovalyutaya dəstəyini göstərən kriptovalyutalarla bağlı qaydalar da hazırlayıb.
Bunun əksinə olaraq, bəzi dominant Müsəlman ölkələri kriptovalyutaların qəbul edilməsinə, istifadəsinə və ticarətinə qarşı çıxırlar. Onlar rəqəmsal sikkələri qadağan edən və ya məhdudlaşdıran qanunlar və fətvalar veriblər. 
 
Bəs kripto ticarəti  müsəlmanlar üçün halaldır, yoxsa haramdır? 
 
İlahiyyatçıların bu mövzuda  fikirlərini bilmək maraqlıdır.
 
 
Bu barədə Moderator.az- a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyir ki, kriptovalyuta müasir dövrün ticarət vasitələrindən biridir:
 
 “Kripto ticarətin İslamın maliyyə qaydaları ilə nə dərəcədə uyğun olması ilə bağlı müxtəlif ilahiyyatçıların və alimlərin fərqli yanaşmaları var. Qurani Kərimdə Bəqərə surəsinin 188-ci ayəsi var. Quranda  qeyd edilir  ki, “Bir- birinizin malını haqsızlıqla yeməyin”. Çağlar qocalsa da, Quran da cavanlaşır. İslam dini  zəmanənin bütün problemlərinə, müşküllərinə daim cavab verəcək qüdrətdədir. İslamın prinsipial mövqeyi, ticarətdə dürüstlük və şəffaflıq prinsiplərini əsas tutan bir yanaşma təqdim edir. Dinimiz, insanların mal və sərvətlərinin hiyləgər və dələduzluq yolları ilə ələ keçirilməsini qətiyyətlə yasaqlayır. İslam, insanların hüquqlarını qoruyaraq, onların toxunulmazlıq hüququnu təmin edir. Bu, deməkdir ki, bir insanın malı, heç bir şəxs tərəfindən haqsız və ya qeyri-şəffaf yolla əldə edilə bilməz. Dinimiz, dürüst ticarəti və qarşılıqlı anlaşmanı təşviq edir. Ticarət, yalnız qarşı tərəfin razılığı və şəffaflıq əsasında həyata keçirilməli, heç bir tərəf aldatılmamalıdır. Bu səbəbdən, İslamın iqtisadi prinsipləri, dürüst və ədalətli ticarəti təşviq edərək, insanları haqsız mənfəət əldə etməyə yönəldən yolları qadağan edir. İslam dini, insanlara ticarət və iqtisadi fəaliyyətlərdə qarşılıqlı fayda və ədalət prinsiplərinə riayət etməyi tövsiyə edir. Bu, həmçinin şəffaflıq, səmimiyyət və qarşılıqlı hörmət əsasında qurulmuş ticarət əlaqələrini dəstəkləyir. İslamda ticarət, insanların bir-birinə hörmətlə yanaşdığı, aldatmadan və manipulyasiya etmədən baş tutan bir fəaliyyət olmalıdır”.
 
İlahiyyatçı vurğulayır ki, İslam iqtisadiyyatı baxımından, pul yalnız dəyər ifadə edən bir vasitədir, əsasən mübadilə və sərmayə vasitəsi olaraq istifadə edilir. 
 
“Əgər bir kriptovalyuta, dəyər ifadə etmə funksiyasını yerinə yetirirsə, yəni real iqtisadiyyatda istifadə edilə bilən, mübadilə edilə bilən və qəbul olunan bir vahid olaraq qəbul olunursa, o zaman İslam alimləri tərəfindən bu, halal sayıla bilir. Bu yanaşma ilə bağlı halal deyən alimlər, kriptovalyutaların yalnız bir "dəyər" ifadə etməsi səbəbindən, onlara iqtisadiyyat baxımından müsbət yanaşırlar. Əgər kriptovalyuta, dövlət tərəfindən rəsmi olaraq qəbul edilən və mübadilə edilə bilən bir vasitədirsə, bu, İslamın pul və ticarət prinsipləri ilə uyğundur. İslamın iqtisadi prinsiplərində qeyri-müəyyənlik və spekulyasiya məsələləri də ciddi şəkildə nəzərdən keçirilir. Kriptovalyutaların qiymətindəki kəskin dalğalanmalar, bazardakı qeyri-müəyyənlik və risklər, İslam alimlərinin bu məsələyə qarşı tərəddüdlü yanaşmalarının əsas səbəbidir. Kriptovalyutaların ticarətindəki qeyri-müəyyənliklər və risklər, xüsusən də bu bazarın arxasında hansısa dövlətin və ya mötəbər bir qurumun dayanmaması, ciddi suallar doğurur”.
 
A.Hacıbəyli qeyd edir ki,  İslam iqtisadiyyatı prinsipləri, insanların sərvətlərinin qorunması, şəffaflıq və ədalətə əsaslanır, və bu cür qeyri-müəyyənliklər məhz riskli və təhlükəli ticarətə işarə edir:
 
“Kriptovalyutaların arxasında heç bir dövlətin, mərkəzi bankın və ya tanınmış bir şirkətin dayanmaması, bu bazarın xüsusilə qeyri-müəyyən olduğu mənasına gəlir. Bu, ticarət edənlərə, xüsusən də kiçik investorlar üçün riskləri artırır. Nə dövlət, nə də bir şirkət bu ticarətin təminatını verə bilməz. Belə bir vəziyyət isə, investorların vətəndaşlarının gələcəkdə qarşılaşacaqları mümkün çətinliklər barədə böyük suallar doğurur. Həmçinin, kriptovalyutaların qiymətindəki kəskin dalğalanmalar, bazar manipulyasiyaları və spekulyasiya əməliyyatları, bu sahəyə daxil olan şəxslər üçün ciddi təhlükə yaradır. Azərbaycan vətəndaşlarının bu sahəyə daxil olarkən daha ehtiyatlı və diqqətli olmalarını tələb edir. Kriptovalyutalar, beynəlxalq bir ticarət vasitəsi kimi istifadə edilir, amma bu ticarət sahəsi dövlət tərəfindən tənzimlənmədiyi üçün, bu bazarda iştirak edən şəxslərin hüquqi qorunması da qeyri-müəyyəndir”.
 
 
İlahiyyatçı Tural İrfan isə hesab edir ki, kriptovalyuta haram deyil. Bu, müəyyən bir əskinasın, pul vahidinin digər üsulla əvəzlənməsi, daha asan yolla istifadə edilməsidir:
 
 “Əvvəllər müxtəlif əskinaslar, qiymətli kağızlar, istiqrazlar və s. ilə ticarət edildiyi halda, kriptovalyuta bu gün rəqəmsal bir valyuta kimi istifadə edilir. Lakin, kriptovalyutanın əsas fərqi ondadır ki, o, fiziki deyil, rəqəmsal bir dəyərdir. Bu, ticarətin forması və alqoritmləri baxımından fərqli olsa da, onun əsas funksiyası pulun rolunu yerinə yetirməkdir, yəni mübadilə və dəyər saxlama vasitəsi kimi fəaliyyət göstərir. İslamda pulun özü deyil, onun necə istifadə edilməsi və tətbiq olunan prinsiplər önəmlidir. İslamda ticarət və mübadilə zamanı əsas diqqət, tərəflərin bir-birini aldatmamasına və şərtli olmayan faiz əməliyyatlarından uzaq durmağa yönəlib. Sələmçilik (faiz) və aldatma, İslam iqtisadiyyatında ciddi şəkildə qadağan edilib. Faizli əməliyyatlar (sələmçilik) haram sayılır, çünki bu, insanlara haqsız yolla gəlir əldə etməyə imkan verir və iqtisadi ədaləti poza bilər. Bu prinsiplər, həm fiziki pulla, həm də kriptovalyuta ilə edilən ticarətdə tətbiq olunmalıdır. Kriptovalyuta mübadiləsinin halal olması, yalnız faizsiz və dürüst ticarət şərtlərinə uyğun olması ilə mümkündür. Əgər kimsə bu prosses haqda məlumatsızdırsa, onunla kriptovalyuta vasitəsi ilə mübadilə batil və haramdır. Çünki digər ticarət üsullarında da belədir. Əgər alan aldığının ümumi dəyərini, keyfiyyətini bilmirsə, onun ticarəti şəriət cəhətdən batildir. Kriptovalyuta ilə bağlı bütün məsələlər cəmiyyətə düzgün şəkildə izah edilməli və insanlar bu sahə ilə bağlı tam məlumatlı olmalıdırlar. Əgər bu prinsiplər təmin edilərsə, kriptovalyuta ticarəti İslamın iqtisadi qaydalarına uyğun ola bilər”.
 
Mehin Mehmanqızı
 
 
 
Seçilən
7
2
moderator.az

3Mənbələr