AZ

Milli maraqların müdafiəsində mətbuatın rolu və Rusiyadakı səfirimizin "işinin adı"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyada azərbaycanlı tələbələrin şüarları ilə bağlı yaradılmış süni gərginlik artıq aradan qaldırılıb. Belə ki, Rusiya İstintaq Komitəsi Rusiya hökuməti yanında Maliyyə Universitetinin əcnəbi tələbələrinin şüarlarında ekstremizm faktları aşkar etmədiyini açıqlayıb.
Azərbaycan xalqı və dövlətinə qarşı daha bir təxribatın qarşısı alınıb, ancaq hər bir hadisədən çıxarılması olan dərslər mütləq ki var. Əgər vaxtında dərs çıxarmasaq... Məsələnin bu əmması yazının sonunda hər birimizə agah olacaq...
Nə baş vermişdi?
Rusiya hökuməti nəzdində Moskva Maliyyə və Hüquq Universitetində (MMHU) "Mənim Vətənim: böyük və kiçik" adlı tələbə festivalı keçirilib.
Tədbir çərçivəsində MMHU-nun Azərbaycan klubuna dəstək məqsədilə digər universitetlərdən olan tələbələr - Azərbaycan diasporunun nümayəndələri də qoşulublar. Festivaldan sonra azərbaycanlı gənclər doğma dildə "Yaşasın Azərbaycan!" şüarını səsləndirməyə başlayıblar. Daha sonra sosial şəbəkələrdə guya azərbaycanlı tələbələrin qanunsuz ekstremist şüarlar səsləndirdiyi təhrif olunmuş səsli video yayılmağa başlayıb.
Təxribata çevik reaksiya
İstənilən təxribatın qarşısını almağın ən düzgün yolu ona çevik reaksiya verməkdir. Ancaq gərək bu reaksiyanın da təsiri təxribatın miqyası qədər güclü olsun. Əks halda təxribat məqsədinə çatmış olar və göstərilən sonrakı səylərin də bir əhəmiyyəti qalmazdı. Bunu ilkin tibbi yardım kimi də düşünmək olar, xəstənin həyatı üçün ən vacib addımlar ilk tibbi yardım zamanı atılmalıdır. Bu baş verməyən halda sonrakı müalicə prosesindən asılı olmayan qalıcı fəsadlar üzə çıxa bilər.
Dövlət və xalqa xidmət edən, Azərbaycanın mənafeyinin, maraqlarının təmin olunması uğrunda mübarizə aparan, yaradılan tamaşanın final səhnəsi oynanılmadan nəticəni öncədən görə bilən Azərbaycan mətbuatı da məhz təxribat zamanı həmin funksiyanı yerinə yetirdi.
"Global Media Group" hadisənin baş verdiyi ilk andan etibarən vəziyyəti düzgün qiymətləndirərək müvafiq addımlar atdı və sözün əsl mənasında Rusiyanın aidiyyəti orqanlarını hadisənin əsl mahiyyətini görmək və düzgün qiymət verməyə vadar etdi.
Rusiya kimi Azərbaycanın strateji müttəfiqi olan və milyonlarla azərbaycanlının yaşadığı bir ölkədə təhrif olunmuş bir video ilə rezonans doğurmaq, həmyerlilərimizə və dövlətimizə qarşı süni kampaniya başlatmaq istəyənlər üçün ələ yaxşı fürsət düşsə də, məhz "Global Media Group" bu fürsəti Azərbaycan düşmənlərinin qursağında qoydu. Hadisənin mahiyyətinin aydın şəkildə ortaya qoyulması, Rusiyanın hüquq-mühafizə və digər aidiyyəti orqanlarına oynanılan oyunun əsl üzünü göstərmək və prosesin həssaslıqla aparılmasına, araşdırılmasına ilk müdaxilə Azərbaycan mətbuatı və məhz "Global Media Group"dan gəldi.
Təxribatçılar keçmiş təcrübələrində müşahidə etdikləri sükut və ya gecikmiş reaksiyanı bu dəfə görə bilmədilər. Onların planları hələ gün üzü görmədən iflasa uğradı.
Biz - məhz Azərbaycan mətbuatı bu işdə öz rolunu oynadı və sözün əsl mənasında bütün əlaqədar qurumları ayağa qaldıraraq yüksək peşəkarlıq nümayiş etdirdik. Təxribatçılar iş-işdən keçdikdən sonra vəziyyəti düzəltmək üçün atılmış addım deyil, qarşılarında sədd kimi dayanaraq Azərbaycan dövlətinin və xalqının, Rusiyada yaşayan milyonlarla soydaşımızın maraqlarını qoruyan mətbuatımızın gücünü gördülər. Hər kəs gördü, bircə əslində xalq dilində səslənən ifadədə olduğu kimi "işinin adı" bu olan Azərbaycan səfirindən başqa...
Azərbaycanın Rusiyadakı Səfirliyinin "işinin adı"...
Doğrudan da haqlı sualdır. Xüsusən Rusiya kimi bir ölkədə. Bura hansısa geridə qalmış, dünya siyasi arenasında yeri olmayan, yüz ildə bir təsadüfən bir azərbaycanlının ziyarət etdiyi bir ölkə deyil axı.
Rusiya Azərbaycanın xarici siyasətində mühüm yer tutan, milyonlarla azərbaycanlının yaşadığı, regionumuzdakı mühüm güc mərkəzlərindən biridir. Siyahını nə qədər istəsək uzada bilərik, ancaq ən sıravi azərbaycanlı belə bilir ki, Rusiya sadə dildə desək, elə Rusiyadır. İzaha nə ehtiyac var.
Ancaq görünür Rusiyadakı səfirimiz Rəhman Sahib oğlu Mustafayev və tabeliyindəki qurum harada olduğunu bilmir, xalq və dövlət adına hansı öhdəliyi daşıdıqlarının anlamırlar.
Ən son təxribat zamanı da bir daha aydın oldu ki, Rusiyadakı səfirimiz və tabeliyindəkilər "işlərinin adının" nə olduğunu billmirlər, ya da anlamırlar, ya da anlamazdan gəlirlər, ən pisi də bəlkə də, odur ki, anlaya bilmirlər, bu potensiala, bəlkə savad və dünya görüşünə, bəlkə də ən primitiv biliklərə malik deyillər... Çünki başqa cür suallara cavab tapmaq olmur. Hansı suallara?
Mənşəyi bəlli olan təxribatın qarşısını aldığına səfirliyimizin günahlandırdığı Azərbaycan mətbuatı
Əslində, yarımbaşlıq artıq lap əvvəldə qeyd etdiyimiz dərs çıxarmalı olduğumuz məqamı gün kimi ortaya qoyur. "Global Media Group"un təşəbbüsləri, jurnalistlərimizin verdiyi sorğular, Rusiyanın aidiyyəti orqanlarını hərəkətə gətirmək üçün göstərdiyimiz səylər və çevik reaksiyamızın ortaya qoyduğu nəticə - təxribatın qarşısının alınması "işinin adı" nədir sualına cavab axtardığımız səfirliyimizdə o qədər də xoş təəssürat oyatmayıb. Çox güman ki, vaxtında atılan addımları vaxtında atmadıqları iş işdən keçdikdən sonra göstərəcəkləri səyləri sual altında qoyduğu üçün...
Əks halda Azərbaycan mətbuatının bu prosesdə göstərdiyi səyləri və əzmi niyə yerə vurmağa cəhd olunsun ki? Niyə Azərbaycan dövlətinin və xalqının maraqlarını hər şeydən üstün tutan və bu maraqlar uğrunda ölkəmizə düşmən kəsilən tərəflərlə hər an mübarizə aparan Azərbaycan mətbuatı məsələni işıqlandırdığı üçün tənqid olunsun? Nəyə görə görməli olduğumuzu görməməli, etməli olduğumuzu etməməliydik? Axı bunu biz yox, siz bacardınız cənab səfir və tabeliyindəki səfirliyimiz...
Təxribat və çıxarmalı olduğumuz dərs: Cənab səfirə tövsiyə...
Hər bir Azərbaycan vətəndaşının borcu öz dövlətinin, öz xalqının maraqlarını qorumaq, bu yolda təşəbbüs göstərmək, mübarizə aparmaq və haqq səsimizi istənilən gücün, tərəfin, təxribatın qarşısında ən yüksək zirvəyə qaldırmaqdır. Vətən və dövlət anlayışı hər şeydən üstün, bu Vətənin və dövlətin vətəndaşı olmaq böyük bir qürur və şərəfdir. Milyardlarla insandan bir çox fərqli tərəfimiz ola bilər, ancaq bunların içində bizi biz edən və dünyada fərqləndirən məhz azərbaycanlı olmağımızdır. Budur bizim kimliyimiz, bizim dünya arenasındakı layiqli imzamız.
Səfir kimliyi hansısa fərdi nailiyyət deyil. Bu fərd olaraq məktəbdə oxuduğumuz üçün verilən attestat və ya universitet illərindəki səylərimizin bəhrəsi olan diplom deyil. Səfir kimliyi Azərbaycan dövlətinin və ən əsası xalqının bəxş etdiyi bir tituldursa, o zaman bu vəzifənin ağırlığını və tələblərini dərk etmək iqtidarında olmalıyıq. Azərbaycanın Rusiyadakı səfiri hər bir azərbaycanlının sözünün, əqidəsinin, maraqlarının, dövlətin siyasi xəttinin, strateji planlarının və addımlarının təmsilçisi olmalıdır.
Çıxarmalı olduğumuz dərs ondan ibarətdir ki, həmrəy olmaq, bir yumruq kimi hədəfə yönəlmək lazımdır. Öz işini layiqincə görənlərə, düzgün qiymət vermək və lazım gələndə bunu etiraf etmək gərəkdir. Əgər Azərbaycan mətbuatı öz işini layiqincə yerinə yetiribsə, o zaman buna qısqanclıqla yanaşmaq və öz gecikmiş səylərini kölgədə gizlətmək düşüncəsi, fikri, qərarı yanlışdır.
Bizim işimizin adı hadisələri işıqlandırmaq və yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın maraqları uğrunda qarşı tərəflərə adekvat cavab vermək, onlarla informasiya müstəvisində mübarizə aparmaqdır. Mümkündürsə, yuxarıda qeyd etdiyimiz suallara siz də cavab verin, ən əsası isə bizə deyin, sizin işinizin adı nədir?
Seçilən
34
50
oxu.az

10Mənbələr