Kamboca Xalq Partiyasının ev sahibliyi ilə Pnompen şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 12-ci Baş Assambleyasının açılış mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da iştirak edib.
"Far.Az" xəbər verir ki, “Sülh və barışıq axtarışı” mövzusunda keçirilən və 28 ölkədən 49 siyasi partiyanın qatıldığı 12-ci Baş Assambleyada YAP Sədrinin müavini Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub.
Bundan sonra xüsusi qonaqlar qismində Laosun vitse-prezidenti xanım Pani Yatotou, Vyetnam Sosialist Respublikası Milli Assambleyasının Prezidenti Tran Tan Man, Mərkəzçi Demokratlar İnternasionalı (CDI) Prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrana Aranqo, Türkiyə Ədalət və İnkişaf Partiyası sədrinin müavini Zəfər Sırakaya çıxış ediblər.
YAP Sədrinin müavini qeyd edib ki, “Sülh və barışıq axtarışı” mövzusunda təşkil olunan plenar sessiya nəinki burada təmsil olunan üzv ölkələr, eləcə də bəşəriyyət üçün olduqca aktual və taleyüklü bir məsələyə həsr olunub:
“Müasir dövrdə dünyada olduqca mürəkkəb proseslər və sürətli dəyişikliklər baş verir. Böhran və qarşıdurmalarla müşayiət olunan siyasi kataklizmlər bir çox ölkələri əhatə etməkdədir. Yeni çağırışlarla qarşı-qarşıya olduğumuz belə bir mürəkkəb şəraitdə sülh və barışıq axtarışı mütləq zərurətə çevrilib”.
T.Budaqov vurğulayıb ki, bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar.
O, Azərbaycanın yaratdığı reallıqlar əsasında Cənubi Qafqazda sülh gündəliyinin müəyyənləşdiyini qeyd edib:
“Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların bərpası bu gündəliyin mühüm tərkib hissəsi kimi beynəlxalq ictimaiyyətin diqqətindədir. Azərbaycan sülhyaratma prosesi çərçivəsində siyasi iradə nümayiş etdirərək hüquq normalarına əsaslanan beş baza prinsipi əsasında müvafiq təkliflərini verib və Ermənistandan da eyni konstruktiv yanaşmanı gözləyir”.
Sonda 12-ci Baş Assambleya çərçivəsində ICAPP ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament və ASEAN Parlamentlərarası Assambleyası arasında anlaşma memorandumları imzalanıb.