AZ

Jurnalistlərin vergi güzəştləri ilə təmin edilməsi onların maddi vəziyyətini yaxşılaşdıracaq —AÇIQLAMA

Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizi hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək. Bu, Vergi Məcəlləsinə təklif edilən yeni 102.1.30-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azad ediləcək.

Qeyd edilib ki, 1 yanvar 2024-cü ildən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin qüvvədə olan redaksiyasına əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərin 75 %-i gəlir vergisindən azad edilib. Bir sıra fərdi peşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vardır ki, onlar əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindən sadələşdirilmiş verginin ödəyicisi ola bilmirlər.

Həmin şəxslər fərdi qaydada fəaliyyət göstərdikləri üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan güzəştdən də istifadə edə bilmirlər. Bu səbəbdən bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarların illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkar fiziki şəxslərə münasibətdə ədalətli vergitutmanın tətbiq edilməsinin təmini məqsədilə həmin şəxslərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) gəlir vergisindən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif edilir.

Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Media eksperti Azər Həsrət Demokrat.az- açıqlamasında məsələyə münasibət bildirərək hansısa kateqoriya işçilərə əlavə güzəştlərin şamil edilməsinin tərəfdarı olmadığını deyib. O söyləyib ki, bunun əksinə olaraq bütün sahələrdə elə şərait yaradılmalıdır ki, yüksək əməkhaqqı olsun və hamı kimi jurnalistlər də vergi ödəmələrini etsinlər:

“Amma nəzərə alsaq ki, Azərbaycanda media bazarı elə də böyük deyil, medianın gəlir imkanları misal üçün, qardaş Türkiyədəki qədər deyil. Bu baxımdan media qurumlarının yüksək gəlir əldə edib öz işçilərinə daha yüksək maaş vermək imkanları məhduddur. Belə bir şəraitdə özəlliklə də alternativ plüralist medianın ayaqda dura bilməsi üçün dövlətin yardımına ehtiyac var. İndi Medianın İnkişafı Agentliyi vasitəsilə müəyyən dəstək verilir, amma bu, yetərli deyil. Müsbət haldır, amma bəllidir ki, bu dəstək məhdud çevrədə olan media qurumlarına verilir. Ona görə də ayrıseçkilik müstəvisi yaranır. Bunun aradan qaldırılması üçün dövlət hamını özündə ehtiva edəcək addım atmalıdır. Bu baxımdan bu təşəbbüsü anlayışla qarşılamaq və dəstəkləmək olar”. 

Ekspertin fikrincə, bəlli bir məbləğə qədər gəliri olan jurnalistlər bu və ya digər şəkildə vergi güzəştləri ilə təmin edilərlərsə, onlara böyük bir dəstək verilmiş olar:

“Əksər jurnalistlər heç ildə 45000 manat qazanmır. Xüsusən də müxbirlər, jurnalistikanın “qara fəhlələri” olduqca aşağı məbləğdə maaş alırlar. Həmin maaş heç göstərilən məbləğin 20-30 faizi eləmir. Düşünürəm ki, dövlət bu təşəbbüsü dəstəkləməklə çox da böyük pul itirməyəcək. Amma jurnalistlərin maddi gəlirləri nisbətən artacaq və bu artım onların alternativ yollarla gəlir axtarmasına əngəl olacaq. Peşəsini sevən jurnalistlər az miqdarda maaşa razı olub işləməyə davam edirlər, bu da onların maddi vəziyyətini pisləşdirir”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
4
30
demokrat.az

10Mənbələr