"Qarabağ"da ayrılıq baş verə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" Apasport-a istinadən xəbər verir ki, klubun Olavio Juninyo ilə yollarını ayırmaq ehtimalı yüksəkdir.
Futbolçu Avropa Liqasında uğursuz nəticələrdən heç məmnun deyil. Braziliyalı psixoloji olaraq oyunlara köklənməkdə çətinlik çəkir və məhsuldarlığı da xeyli düşüb.
O, yayda klubla yeni müqavilə bağlamışdı. Buna səbəb Juninyonun komanda ilə Çempionlar Liqasına yollanmaq niyyətində olması idi. Lakin "Qarabağ" Avropanın bir nömrəli klub turnirinə vəsiqə qazana bilmədi.
Hazırda ağdamlıların Avropa Liqasında durumu da yaxşı deyil. Komanda pley-offa yüksələ bilməsə, böyük ehtimalla Juninyonun xidmətində maraqlı olan klublarla danışıqlar başlanacaq.
Qeyd edək ki, yayda Olavio Avropa klublarının təklifini rədd edərək "Qarabağ"da qalmışdı.