AZ

Bu komandaların baş məşqçiləri kimlərdir? - Keçmiş “Qarabağ”lılar ilk dəfə...

“Sumqayıt” – “Şamaxı” qarşılaşması bəlkə də çəkisinə görə “Neftçi” – “Zirə” və “Turan Tovuz” – “Sabah” görüşünün kölgəsində qalır.

Hər halda, büdcəsi çox olanların, yəni avrokuboklara vəsiqə iddia edənlərin dueli daha maraqlı olur.

Ancaq sumqayıtlılarla şamaxıların məhz bu dəfəki qarşılaşmasında kifayət qədər maraqlı məqam var ki, ona toxunmasaq olmur.

Bu komandaların baş məşqçiləri kimlərdir?

Sumqayıtlıları Vaqif Cavadov çalışdırır, bölgə təmsilçisinə Ayxan Abbasov rəhbərlik edir.

Bu iki şəxs vaxtilə “Qarabağ”da komanda yoldaşı olub. “Köhlən atlar”ın Avropanı fəth etməyə hazırlaşdığı ilk dönəmlərdə eyni boşqabdan yemək yeyiblər, çətin günlərdə birlikdə addımlayıblar. İndi isə ilk dəfə baş məşqçi qismində üz-üzədirlər.

Düzdür, Abbasov məşqçilik sənətinə 10 əvvəl start verib və kifayət qədər təcrübə sahibidir. Söhbət məşqçilikdən gedirsə, “Şamaxı”nın çalışdırıcısı Premyer Liqanın him-cimini gənc həmkarından yaxşı bilir.

Ancaq Cavadov da az aşın duzu deyil. Elitada dördüncü oyununa hazırlaşsa da, vaxtilə futbolçu kimi çıxış etdiyi ölkələrdə əcnəbi mütəxəssislərdən çox şey “oğurlayıb”. İstəkli və emosional olması müsbət tərəfləridir.

“Sumqayıt”ın baş məşqçisi qismində özündən yaşca az qala 30 yaş böyük olan Şahin Diniyevin “Səbail”ini, eləcə də legioner məşqçi Krunoslav Renduliçin rəhbərlik etdiyi “Sabah”ı udmağı bacarıb.

Vaxtilə Azərbaycan millisində çiyin-çiyinə oynadığı Elmar Baxşıyevin “Araz-Naxçıvan”ından xal qoparmağa isə son dəqiqələrdə buraxılan qol mane olmuşdu.

Keçmiş “Qarabağ”lıların məşqçi qismində baş tutacaq duelini səbrsizliklə gözləməyə dəyər. Bir tərəfdə təcrübəli Ayxan Abbasov, digər tərəfdə gənc və istəkli Vaqif Cavadov. Gözləyək...

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
11
sportinfo.az

1Mənbələr