Qərbin bir çox rəsmiləri İrəvana “ötürücü məntəqə” kimi baxırlar
“Avropa İttifaqının bir hissəsi olan Almaniya yenilənmiş maliyyə sisteminin işə salınması üçün beynəlxalq iqlim maliyyələşdirilməsinə yeni yanaşmanı dəstəkləyir”. Almaniyanın Xarici işlər naziri Annalena Berbok Bakıda keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, iqlim maliyyələşdirilməsi böyük sərmayələr tələb edir: “Söhbət böyük məbləğlərdən gedəndə isə danışıqlar daha çətin və sərt olur. Bu faktı nəzərə alaraq bütün detalları diqqətlə öyrənməliyik. Almaniya və Avropa beynəlxalq iqlim maliyyələşməsində etibarlı tərəfdaş olaraq qalır. Amma “yaşıl enerji”yə keçid və adaptasiya tədbirləri üçün xərclər çox böyükdür. Bu da qlobal səylər və bütün tərəflərin cəlb olunmasını tələb edir”.
Nazir vurğulayıb ki, qlobal istixana qazı emissiyalarında ən böyük paya malik olan ölkələr təkcə emissiyaları azaltmamalı, həm də beynəlxalq iqlim maliyyələşdirmə prosesinə qoşulmalıdırlar. O, başqa bir paylaşımında qeyd edib ki, COP29 çərçivəsində danışıqlar indiyədək sadəlikdən uzaq olub: “Bizim qlobal birlik olaraq daha sıx əməkdaşlıq etməyimiz olduqca vacibdir. Biz Bakıda bütün qitələrdə iqlim koalisiyaları yaratmaq üçün çalışırıq. Yalnız birlikdə irəliyə getməyimizə töhfələr verməliyik”.
Eyni zamanda, Almaniya xarici siyasət idarəsinin rəhbəri onu da qeyd edib ki, BMT-nin Bakı Sammiti iqlim böhranı ilə mübarizədə konkret nəticələr verməlidir. İqlim dəyişmələrini dövrümüzün ən böyük təhlükəsizlik problemi adlandıran nazir Berlinin iqlimin maliyyələşdirilməsi üçün məsuliyyəti dərk etdiyini vurğulayaraq, digər ölkələri də bunu bölüşməyə çağırıb.
Bunun ardınca almaniyalı nazir iqlim konfransı ərazisində keçirilən mətbuat konfransında COP-un məramı və çağırışları ilə qətiyyən üst-üstə düşməyən, müzakirə edilən məsələlərdən uzaq mətlərdən danışmağa başlayıb. Onun Azərbaycanda, guya, “insan haqlarının acınacaqlı vəziyyətdə olması”, “siyasi həbslər”, “iqlim fəalları və müxalifətçilər” barədə dedikləri sağlam məntiqlə bir araya sığmır.
“Almaniyanın Xarici işlər naziri kimi demək istərdim ki, Avropa Şurası Parlament Assambleyasının 76 üzvünə Azərbaycana giriş qadağası qətiyyən qəbuledilməzdir. Bunlar Almaniya Bundestaqının üzvlərinə də öz təsirini göstərir və Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəlikləri ilə bir araya sığmır”.
* * *
Rəsmi Bakı Avropa Şurasının, eləcə də Avropa İttifaqının digər qurumlarının ermənipərəst Parisin diktəsilə hansı missiyaları yerinə yetirdiyini yaxşı bilir. Onların Azərbaycana qarşı qəbul etdikləri qərar və qətnamələrin arxasında gizlənən məkrli niyyətlərindən də xəbərdardır. Bu kontekstdən yanaşanda, AŞPA-nin COP29-a dəvət edilməməsinin kifayət qədər ciddi və tutarlı səbəblərə söykəndiyini bu qurumun Brüsseldəki mənzil–qərargahında əyləşənlər də bilməmiş deyil. Annalena Berbokun Fransanın patronajlıq etdiyi Avropa Şurasındakı bəzi ölkələrin təmsilçilərinin bəyanat və çıxışlarında səslənən anti–Azərbaycan tezislərinə uyğun “arqumentləri” ilə kimin dəyirmanına su tökdüyü aşkar görünməkdədir. Bu zaman Almaniyanın baş diplomatının Bakıya İrəvandan, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra təşrif buyurması faktını da nəzərdən qaçırmaq olmaz.
Mövzu ilə bağlı XQ-yə açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyyə Qarayeva bildirdi ki, Almaniya və “kollektiv Qərb”in digər üzvləri tərəfindən Azərbaycana bu cür yanaşmalar gözlənilməz deyil: “Bu qüvvələrin Cənubi Qafqazda öz maraqları var. Ölkəmizin özünün ərazi bütövlüyünü, beynəlxalq hüquqa uyğun suverenliyini bərpa etməsi həmin şəbəkənin bölgədə özlərinin məkrli niyyətlərini reallaşdırmaq imkanlarını sıfıra endirib, onların ayaqlarını bölgədən kəsib. Hazırda regionda formalaşmış yeni reallığın fonunda Azərbaycanın qlobal məkanda əsas güclərdən birinə çevrilməsi prosesi bizə qarşı təzyiqlərin daha geniş şəkil almasını şərtləndirir. Bu prosesin bir tərkib hissəsi kimi, COP29-un Azərbaycanda keçirilməsini göstərə bilərik. Axı, dünyanın 190-dan çox dövlətinin təmsilçilərinin iştirak etdiyi BMT-nin bu mötəbər tədbiri ölkəmizə əlavə siyasi dividendlər gətirir. Bakının iqlim dəyişmələri kimi qlobal problemin həllinə verəcəyi töhfələrlə yanaşı, eyni zamanda, Azərbaycanı gözü götürməyənləri, bədxahlarımızı qıcıqlandırır. Onlar bütün bunların nəticəsində ölkəmizin bütün müstəvilərdə mövqelərinin gücləndiyini, Ermənistanın isə dalana dirəndiyini görürlər”.
Z.Qarayevanın fikrincə, əslində, rəsmi Bakı İrəvana onu təlqin erməyə çalışır ki, bölgədə inteqrasiya meyilləri daha da artıır və sən həmin “kollektiv Qərb”in fitvası ilə getdiyin sabotajlardan əl çəkməyincə, proseslərdən kənarda qalacaqsan: “Bu mesayı yaxşı başa düşən ermənipərəst aktorlar, o cümlədən Almaniyanın Xarici işlər naziri Annalena Berbok, guya, Azərbaycanda insan haqlarının pozulması ilə bağlı böhtan və yalanlarla dolu qarayaxma kampaniyasına başlayıblar. O Almaniyada ki, mötəbər mərkəzlərin hesabatlarında bu ölkədə istər irqi ayrı-seçkilik, istər insan haqlarının pozulması, istərsə də islamofobiya meyillərinin güclənməsi barədə müddəalara rast gəlirik. Yəni, öz evlərində səliqə-sahman, nizam-intizam yarada bilməyənlər Azərbaycanı ittiham etməyə girişiblər...”.
* * *
Diqqəti çəkən digər məqam isə Almaniya Xarici işlər nazirinin Azərbaycana səfərindən bir gün əvvəl “X” sosial platformasında etdiyi paylaşımında COP29 barədə normal, pozitiv fikirlər söyləməsidir: “Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması istiqamətində işlər aparılır. İqlim böhranı dövrümüzün ən böyük təhlükəsizlik siyasəti problemidir. Sərhədlərdə dayanmır və ya seçki tarixlərinə əhəmiyyət vermir. Bir dərəcənin hər onda biri vacibdir. Bilirik ki, 1,5 dərəcəyə çatmaq üçün əlimizdən gələni etməliyik”.
Dediyimiz kimi, Annalena Berbok Bakıya İrəvanda hayların baş diplomatı ilə görüşdən gəldi. Onun Ararat Mirzoyanla nələri müzakirə etdiyini dəqiqliyi ilə bilməsək də, orada aksentin Avropa İttifaqında Fransadan sonra erməni təəssübkeşi rolunda çıxış edən Almaniyanın Cənubi Qafqazdakı maraqlarına da toxunduqları birmənalıdır. Ümumiyyətlə, son illər Bakıya səfərə hazırlaşan avropalı diplomat və siyasilərin yolları nədənsə İrəvanda kəsişir. Diqqət yetirsək, biz bu “marşrutun” arxasında Qərbin Ermənistanı dəstəkləməsi missiyasının, xristian həmrəyliyinin gizləndiyini də görə bilərik.
Sonda bir maraqlı məqamı da qeyd etməyimiz yerinə düşər. Nazir Annalena Berbokun anti–Azərbaycan çıxışı onun yerlisi, Almaniya Bundestaqının və Avropa Parlamentinin deputatı Frank Şvabenin ölkəmizə qarşı qərəzli açıqlamaları ilə eynilik təşkil edir. Yerli ekspertlərin bir qismi Almaniyada türkiyəfobiya, azərbaycanofobiya meyillərinin artmasını bu ölkədə radikalların, millətçi–sağçıların hakimiyyətə gəlməsi ilə əlaqələndirirlər. Ağlabatan versiyadır. Son vaxtlar Almaniyanın Türkiyəyə və Azərbaycana qarşı heş vaxt müşahidə olunmayan qərəzli və ermənipərəst yanaşmasının arxasında məhz daxili siyasi amilin dayandığını söyləyə bilərik. Amma, düşünürük ki, Berlinin bu yanlış xarici siyasi xəttinin ömrü Rusiyadan aldıqları təbii yanacağın limiti tükənəndə, qışda soyuqdan donmamaq üçün Azərbaycandan qaz ummağa başlayanda sona çatacaq...
İmran BƏDİRXANLI
XQ