Bakı iqlim sammitinin “Nizami” konfrans zalında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) danışıqlar qrupları iştirakçılarının qurultayı keçirilib.
COP29-un Prezidenti Muxtar Babayev açılış nitqi ilə çıxış edərək nazirlərin uzun sürən məsləhətləşmələrinin və müvafiq qrupların işinin nəticəsi olan yekun sənəd layihəsinin hazırlandığını açıqlayıb. O, konfransı noyabrın 22-də saat 18:00-a qədər başa çatdırmaq məqsədinə nail olmaq üçün qurultay iştirakçılarını layihəni dəstəkləməyə çağırıb.
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev sənəd layihəsini qurultay iştirakçılarına təqdim edib. Mətnin 25 səhifədən 10 səhifəyə endirildiyini və sözügedən sənədin bu işdə iştirak edən hər kəsin səyinin məhsulu olduğunu vurğulayan baş danışıqçı, həmçinin tərəfləri xüsusilə təsirin yumşaldılması yolunda (iqlim dəyişikliyinin mənfi nəticələrinin azaldılması üzrə tədbirlər) maksimalist yanaşmadan imtina etməyə çağırıb.
Daha sonra COP29-un prezidenti iştirakçıları təqdim olunan layihə ilə bağlı fikirlərini bildirməyə dəvət edib.
Tədbirdə tənqidi yanaşmadan tutmuş dəstəyi ehtiva edən fərdi paraqraflara qədər ən əks mövqeləri ifadə edən iştirakçılar fikirlərini bildiriblər. Sənəd layihəsi ilə bağlı rəy bildirənlər arasında, demək olar ki, bütün milli nümayəndə heyətlərinin, eləcə də Avropa İttifaqının nümayəndələri olublar. Xüsusilə, Uqanda və Türkiyədən olan nümayəndələr Azərbaycanın Sədrliyinin gərgin işinə heyran olduqlarını vurğulayaraq həmkarlarını yekun sənədi hazırlamadan Bakını tərk etməməyə çağırıblar.
Pakistan, Boliviya və digər inkişaf etməkdə olan dövlətlərin nümayəndələri bu ölkələrin ayrılmış vəsaitlərə çıxışının olması barədə razılığa gəlməyə səsləyiblər.
XQ