İstanbul Enerji Forumu çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə enerji əməkdaşlığının inkişafı məqsədilə ikitərəfli, üçtərəfli və dördtərəfli formatlarda görüşlər keçirilib. Bu barədə XQ-yə Energetika Nazirlərindən məlumat verilib.
Bildirilib ki, nazirlərin ikitərəfli görüşündə Pərviz Şahbazov forumun keçirilməsi və BOTAŞ şirkətinin 50 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, həmçinin COP29-da iştiraka görə təşəkkürünü bildirib. Müzakirələr zamanı ikitərəfli enerji əməkdaşlığının prioritet məsələləri və gələcək perspektivləri nəzərdən keçirilib. Türkiyəyə və buradan Avropaya “yaşıl” enerji və qazın tədarükü ilə bağlı müştərək layihələrin inkişafından bəhs edilib.
Forum çərçivəsində, həmçinin Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Bolqarıstanın energetika naziri Vladimir Malinovun iştirakı ilə “yaşıl” enerji sahəsində müzakirələr aparılıb.
Söhbət zamanı Naxçıvan üzərindən “Azərbaycan – Türkiyə – Avropa” “yaşıl” enerji dəhlizi layihəsinin cari vəziyyətinə nəzər salınıb. Xəzər dənizi və Mərkəzi Asiyadan bərpaolunan enerjinin Gürcüstan və Türkiyə vasitəsilə Avropaya müxtəlif marşrutlarla çatdırılması imkanları dəyərləndirilib. Müzakirələrin nəticəsi olaraq dörd ölkə arasında “yaşıl” enerji əməkdaşlığı üzrə müvafiq addımların atılması razılaşdırılıb.