Noyabrın 22-də “Gələcəyin qurulması: Azərbaycanda və dünyada keçirilən COP29-un irsi” mövzusunda panel müzakirə keçirilib. İclasdaAzərbaycanın COP29-a evsahibliyi etməsinin dayanıqlı inkişaf üzərindəki uzunmüddətli təsirləri diqqət mərkəzində olub.
Azərbaycanda Amerika Ticarət Palatasının Dayanıqlı İnkişaf və Korporativ Təsir Komitəsinin sədr müavini Ceyhun Atayevin moderatorluğu ilə keçirilən panel müzakirəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının baş icraçı direktoru və COP29 Təşkilat Komitəsinin üzvü Natəvan Məmmədova, Azərbaycan Tekstil Assosiasiyasının İcraçı direktoru Fəridə Axundova, “GLOBE International” şirkətinin baş direktoru Malini Mehra və BMT İnkişaf Proqramının Dayanıqlı Maliyyə Mərkəzinin direktoru Markos Neto çıxış edərək ölkəmizin iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsindəki səylərini yüksək qiymətləndiriblər. COP29-un ölkəyə gətirdiyi iqtisadi, sosial və ekoloji faydaları vurğulayan natiqlər qeyd ediblər ki, bu konfrans Azərbaycanın qlobal iqlim gündəliyindəki mövqeyini gücləndirib və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün yeni imkanlar yaradıb.
Müzakirələrdə COP29 çərçivəsində həyata keçirilən tədbirlərin yerli və beynəlxalq əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycan bu tədbirlər vasitəsilə davamlı enerji həlləri, yaşıl texnologiyalar və ekoloji maarifləndirmə təşəbbüslərini həyata keçirir. Məclisdə Azərbaycanın dayanıqlı şəhər inkişafı, bərpaolunan enerji layihələri və ekoloji turizmin genişləndirilməsi sahəsindəki nailiyyətləri təqdim olunub. COP29-un uzunmüddətli təsirləri ilə bağlı müzakirələrdə ekspertlər və iştirakçılar Azərbaycan təcrübəsinin gələcək beynəlxalq tədbirlər üçün nümunə ola biləcəyini vurğulayıblar.
Sonda iştirakçılar COP29-un nəticələrinin ölkə və dünya üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq gələcək üçün əməkdaşlıq perspektivləri barədə təkliflər səsləndiriblər.