AZ

47 milyard manatdan çox icmal büdcə

Büdcə zərfində yer alan bütün fondların gəlir və xərclərində artım olacaq

Milli Məclisin müvafiq komitəsində “Büdcə sistemi haqqında” qanunun parametrlərinə əsasən, 2025-ci ilin Büdcə zərfinin icmal büdcəsinin tərkibinə daxil olan digər sənədlərin və büdcədənkənar fondların layihələri müzakirə edilir. Həmin layihələrin ilkin ssenariləri  növbəti ildə sosial-iqtisadi göstəricilərin nikbin dinamika vəd etdiyini şərtləndirir. İlk növbədə qeyd edək ki, gələn ilin icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 47 milyard 589 milyon manat müəyyən edilib. Bu, 2024-cü ilin büdcə göstəricisi ilə müqayisədə 2 milyard manata yaxın çoxdur.

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi 700 milyon manatdan çox artacaq

İcmal büdcənin tərkib hissəsi kimi ən mühüm maliyyə sənədi Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclər smetasıdır. Fondun 2025-ci il büdcəsinin gəlir və xərcləri eyni həcmdə proqnozlaşdırılmaqla 7 milyard 676,4 milyon manat nəzərdə tutulub ki, bu da  2024-cü illə müqayisədə 726,5 milyon manat və ya 10,5 faiz çoxdur. Fondun maliyyə mənbəyinin 7 milyard 617 milyon manatlıq hissəsini cari gəlirlər, 59 milyon manatlıq hissəsini isə əvvəlki illərdə yaradılmış ehtiyat vəsaitlər təşkil edəcək. Fondun gəlirlərinin 78,1 faizi və ya 5 milyard 997 milyon manatının məcburi dövlət sosial sığorta daxilolmalarından formalaşacaq. Bu, cari ilin müvafiq göstəricisindən 519 milyon manat və ya 9,5 faiz çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 66,1 faizi qeyri-büdcə sektorunun, 33,9 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək. Bu rəqəmlər onu təsdiqləyir ki, əmək bazarında qeyri-əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək müqavilələrinin sayının artması, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması sosial büdcəyə daxil olan vəsaitlərin həcminin yüksəlməsini təmin etməkdir. 2024-cü ildə gözlənilən 519 milyon manatlıq əlavə icbari sosial yığımlar qeyri-rəsmi məşğulluğun azaldılması ilə bağlı aparılan məqsədyönlü tədbirlərin müsbət effekt verdiyini göstərir. Xüsusilə də yığımların əsas etibarilə qeyi-neft sektorunu əhatə etməsi həmin sahələrdə əmək müqaviləsinin bağlanması üzrə müsbət dinamikanı əks etdirir. Bir məqamı da nəzərə almaq lazımdır ki, sosial sektorda əmək münasibətlərinin leqallaşdırılması azad biznes sektorunda da rəqabət mühitini stimullaşdırır, haqsız rəqabət aradan qaldırır, nəticədə kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar yaranır.

Beləliklə, növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun 7, 7 milyard manata yaxın büdcə portfeli formalaşdırmaq potensialı hədsiz dərəcədə böyük resurs olmaqla Fond qarşısında hədəflənən maliyyə istiqamətləri üzrə əlavə təminatlar yaradacaq. Belə ki, Fondun ümumi xərclərinin 96,5 faizi və yaxud 7 milyard 408 milyon manatı birbaşa əhalinin sosial ödənişlərinə yönəldiləcək. Həmin ödənişlərin 7 milyard 210 milyon manatı əmək pensiyalarının, 198,4 milyon manatı məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin maliyyə təminatı üçün nəzərdə tutulub. Əhaliyə ödənişlərin məbləği 2024-cü ildəki rəqəmdən 702 milyon manat çox olacaq. 2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,41 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 16,83 milyon manat çoxdur. Bundan başqa,  Fondun şəhid ailələri və müharibə əlillərinin mənzil və ya fərdi evlərlə təmin edilməsi, məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və sair istiqamətlər üzrə xərclərində də artımlar gözlənilir.

Ümumilikdə, “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin gəlir və xərclərində əhəmiyyətli artımların dövlətin ümumi sosial-iqtisadi siyasətinə xidmət etməklə, sosial ədalət və sosial rifah prinsipləri üzrə niyyətləri gerçəkləşdirməyə imkan verəcək.

İşsizlikdən Sığorta Fondunun büdcə prioritetləri...

Digər büdcədənkənar maliyyə sənədi olan İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsinin də gəlir və xərclərində artımlar ehtimal edilir. Belə ki, ilkin proqnzolara əsasən, növbəti ildə Fondun gəlir və xərclərinin bərabər olmaqla 260 milyon 700 min manat nəzərdə tutulub. Bu isə 2024-cü ilə nisbətən 22,7 milyon manat, yaxud 9,5 faiz çoxdur. Fondun gəlirlərinin artması işsizliklə bağlı dövlətin müəyyən etdiyi hədəf prinsiplərinin həyata keçirilməsində mühüm rol oynaycaq. Belə ki, Fond gələn il 13 istiqamətdə işsizliyin təsirlərinin aradan qaldırılması tədbirlərini həyata keçirməyi planlaşdırır. Bunlar işsiz vətəndaşlara müavinət və sığorta vəsaitlərinin ödənilməsi, məşğulluq imkanlarının yaxşılaşdırılması, müxtəlif peşə kurslarına insanların cəlb edilməsinə yardım, əmək bazarında işaxtaranların işlə təminatı üçün yeni mexanzimlərin tətbiqi və s. sahələri əhatə edir.

2025-ci ildə işsizliyə görə sığorta ödənişləri xərclərinin həcmi 2 milyon manat yaxud 13,3 faiz artırılaraq 17 milyon manata çatdırılacaq. Fond xərclərinin təxminən üçdə birini özünüməşğulluq tədbirlərinə yönəldəcək, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərcləri 4 milyon manat yaxud 5 faiz artırılaraq 77 milyon manat təşkil edəcək. Həmin vəsait hesabına 8 min ailədə mikro və kiçik biznesin yaradılması planlaşdırılır. 2017-ci ildən 2025-ci il daxil olmaqla özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 100 min nəfər təşkil edəcək.Növbəti ildə peşə hazırlığı və əlavə təhsil üçün 35 milyon manatın ayrılması və 16 min nəfər işsiz və işaxtaran şəxsin peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulur, ölkədə 105 əmək yarmarkasının təşkil olunması planlaşdırılır. Nəticədə peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsi xərcləri ümumi büdcənin 15 faizini təşkil edəcək. Ümumilikdə, İşsizlikdən Sığorta Fondununbüdcəsinin 55-60 faiz nisbətində hissəsi aktiv məşğulluq tədbirləri layihələri üçün nəzərdə tutulub.

İcbari Tibbi Sığorta Fondunun büdcəsi 3 milyard manatı ötəcək

2025-ci ildə İcbari Tibbi Sığorta Fondunun büdcəsi də artımla proqnozlaşdırılır. Fondun büdcəsi təxminən 3,5 milyard manat təşkil edəcək ki, həmin vəsaitin 1,4 milyard manatı dövlət büdcəsində ayrılacaq. Büdcə vəsaitinin 1 milyard 266 milyon manatını və ya 90 faizini dövlətin əhalinin icbari tibbi sığortalanması payına düşən öhdəlikdir. 2025-ci il dövlət büdcəsinin layihəsində adambaşına düşən icbari tibbi sığorta haqqı 124,1 manat götürülməklə 2024-cü ilin sonuna gözlənilən 2,7 faizlik istehlak qiymətlərinin indeksinə uyğun artırılıb. Fondun büdcəsinin əsas hissəsini, yəni 2,1 milyard manatını icbari tibb sığorta yığımlarından formalaşması təşkil edəcək.

Onu da qeyd edək ki, Tibbi Sığorta Fondunun vəsaitləri ilə yanaşı,dövlət büdcəsindən səhiyyə sahəsinə təxminən 2 milyard manat ayrılması nəzərdə tutulub ki, bu da 2024-cü illə müqayisədə 133 milyon manat çoxdur.

Bütövlükdə, 2020-ci ildən tətbiq olunmuş adambaşına düşən icbari tibbi sığorta haqqının 90 manatdan 2025-ci il üçün 124,1 manata çatdırılmaqla bu xərc 34,1 manat və ya 37,9 faiz artacaq.

Ehtiyac meyarı və ünvanlı sosial yardım da artacaq

Növbəti ilin mühüm sosial sənədlərindən biri də  “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsidir. Sənədə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Nəticədə ölkə üzrə yaşayış minimumu cari ildəki 270 manata nisbətən 15 manat artmış olacaq.  Həmçinin “2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyən edilib. Yəni yaşayış minimumu və ehtiyac meyarının həddi bərabər məbləğdə 285 manata çatacaq.

Qeyd edək ki, 2023-cü il yanvarın 1-dən etibarən ölkəmizdə yaşayış minimumu və ehtiyac meyarının məbləği eyni həcmdə olmaqla bərabərləşdirilib. Bu iki sosial göstəricinin eyniləşdirilməsində məqsəd aztəminatlı ailələrin sosial rifahı səviyyəsinin yüksəldilməsində mühüm sosial normativi bir baza prinsipi ilə müəyyən etməkdən ibarətdir. Belə ki, bərabarləşdirmədən sonra əhalinin aztəminatlı təbəqəsi üçün nəzərdə tutulmuş  ünvanlı sosial yardımın məbləği yaşayış minimumuna söykənməklə ehtiyac meyarı əsasında hesablanmaqdadır. Bu sosial ədalət düsturu ünvanlı dövlət sosial yardımının məbləğinin artması yolu ilə həm səmərəliliyin və sosial faydalılığın yüksəlməsi, həm də ünvanlı yardıma həqiqi ehtiyacı olan aztəminatlı ailələrin sayının dəqiq müəyyən edilməsini nizamlayır. Bununla da ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün əsas indikator və düstur formalaşıb. Beləliklə, 2025-ci ildə ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması sayəsində ünvanlı sosial yardımın aylıq məbləğinin də yüksəlməsi və əhatəsinin genişlənməsi üçün hüquqi əsaslar yaranacaq.  Hazırda bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta məbləği təxminən 480 manat təşkil edir. Bu o deməkdir ki, gələn ?? bu yardımın məbləği 7-8 faiz artmaqla 500 manatı keçəcək.

Sosial yığımların artım dövlətin iqtisadi hədəflərə çatmasına töhfə verəcək

Beləliklə, icmal büdcənin tərkib hissəsi olan bütün büdcədənkənar fondların büdcəsinin hər biri sosial xarakterli yığımların artım templərinin nümayişi fonunda daha da böyüyəcək. Bu, mühüm maliyyə sənədləri ölkəmizin iqtisadi strategiyasının əsas hədəflərinin həyata keçirilməsi, qüdrətli dövlət və yüksək rifah cəmiyyətinin qurulması və güclü iqtisadiyyatın formalaşması arxitekturasına mühüm töhfə verməklə, ümumilikdə maliyyə-büdcə-fiskal potensialları gücləndirəcək. Xüsusilə də Dövlət Sosial Müdafiə və İşsizlikdən Sığorta fondlarının büdcələri dövlətin sosial müdafiəsinin təmin edilməsi üçün maliyyə mexanizmini formalaşdıracaq, sosial və iqtisadi hədəflərin təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Bundan başqa, icmal büdcənin maliyyə fondları 2025-ci ildə makro-iqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın cilovlanması və digər hədəflərin icrasında da dəstləyici rol oynayacaq, iqtisadi inkişfın yeni imkanlarını səfərbər edəcək.

E.CƏFƏRLİ

Seçilən
20
yeniazerbaycan.com

1Mənbələr