ABŞ-nin Koreya yarımadasındakı hərəkətləri Şimali Koreya ilə müharibəyə səbəb ola bilər.
Xezerxeber.az xəbər verir ki, bu barədə Şimali Koreya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib.
“Bu gün hərbi-siyasi vəziyyət ABŞ-nin dövlətimizə qarşı hər an real müharibəyə çevrilə biləcəyini proqnozlaşdırır”, - deyə qurumun rəsmisi Koreya Respublikası və Yaponiyanın iştirak etdiyi “Freedom Edge” təlimlərini, “Kolumbiya” sualtı gəmisinin Pusana səfərini və RC-135S kəşfiyyat təyyarəsinin uçuşunu xatırladıb.
“Biz qəti şəkildə xəbərdarlıq edir və tələb edirik ki, ABŞ və onun peykləri Koreya yarımadasında və onun ətrafında əsl silahlı münaqişəyə gətirib çıxara biləcək növbəti təxribatçı hərəkətlərini dərhal dayandırsın”, - deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.
Müdafiə Nazirliyinin rəsmisi özünümüdafiə və təhlükəsizlik tədbirlərinin görülməsinin, regionda qüvvələr bərabərliyinin təmin edilməsinin Şimali Koreya silahlı qüvvələrinin konstitusion vəzifəsi olduğunu bildirib. “Koreya Xalq Ordusu ABŞ və müttəfiqlərinin hərbi hərəkətlərini yaxından izləyir və tam döyüş hazırlığını saxlamaqla hər hansı bir ehtimalı istisna etmir, lazım gələrsə, təhlükənin qarşısını almaq, hərbi və strateji məqsədə nail olmaq üçün dərhal tədbirlər görəcək”, – deyə Pxenyan xəbərdarlıq edib.