Rusiyanın Ukraynaya zərbələr endirmək üçün yeni qitələrarası ballistik raketdən istifadə etməsi Rusiya diktatoru Vladimir Putinin çarəsizliyidir.
Moderator.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski “Amerikanın səsi”nin Ukrayna bürosuna müsahibəsində bildirib.
Sikorski Rusiyanın bütün müharibə zamanı ballistik raketlərdən istifadə etdiyini müşahidə edib. Lakin bu dəfə adətən başqa bir tətbiq üçün nəzərdə tutulan qitələrarası ballistik raket Dneperi vurmaq üçün istifadə olundu.
"Əgər bu belədirsə, bu, əlbəttə ki, bir tərəfdən eskalasiya və siqnal, digər tərəfdən isə çarəsizliyin təzahürüdür. Çünki Putin bu müharibədə qalib gələ bilmir", - Polşa Xarici İşlər Nazirliyinin rəhbəri belə deyib.
Sikorski qeyd edib ki, Rusiya iqtisadiyyatı gərginlik yaşayır, rus əsgərləri arasında fərarilik xəbərləri var və təbii ki, Şimali Koreyadan əsgərlərin cəlb edilməsi Kremlin gücünün təzahürü deyil.
Polşa bu cür raketlərdən qorunur...
Polşalı nazir Polşa ərazisində, Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə sərhədə yaxın ərazidə NATO-nun yeni hərbi bazasının açılmasına münasibət bildirib.
"Bu baza bir neçə gün əvvəl Ukraynanı vuran Rusiya raketlərini vura biləcək. Bu, sahildə yerləşən "Aegis” raket əleyhinə müdafiə sistemidir. Bu, əslində quruda yerləşən Amerika esminesidir(yüksək manevrli, tutumlu, zirehli, müdafiə qabiliyyətli hərbi gəmi-S.L.). O, istənilən növ raketlərlə bacara bilər - təkcə ABŞ-a deyil, həm də Avropaya yönələn raketləri vura bilər”, - deyə Sikorski vurğulayıb.