AZ

COP29-da Aİ və 25 ölkə kömür elektrik stansiyaları tikməmək barədə razılığa gəlib

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı milli iqlim planlarının növbəti mərhələsi çərçivəsində Avropa İttifaqı (Aİ) və 25-ə yaxın ölkə kömürlə işləyən istilik elektrik stansiyaları (İES) tikməyəcəkləri ilə bağlı öhdəlik götürüb.

“İki sahil” “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu, həmin yanacaq növündən istifadənin azaldılmasına yönəlmiş son qlobal öhdəlikdir.

“Bloomberg” agentliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində müvafiq Sazişin bağlandığı barədə bəyanata istinad edir. Məlum olub ki, onu Kanada, Böyük Britaniya və Almaniya imzalayıb. Dünyanın ən çox kömür istehlak edən ölkələri olan Çin və Hindistan, eləcə də ABŞ indiyədək bu sənədə məhəl qoymayıb.

Bəyanat Azərbaycanda keçirilən iqlim sammitində Aİ, ABŞ və digər ölkələrin tədbirin digər iştirakçılarını qazıntı yanacaqlarından uzaqlaşmaya dair 2023-cü il Sazişini yenidən təsdiq etməyə çağırdığı bir vaxtda verilib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində mədən yanacaqlarının istehlakının və istehsalının azaldılmasını nəzərdə tutan Saziş layihəsi hazırlanıb. Bu tədbirlər 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq məqsədi daşıyır.

Aİ-nin iqlim dəyişiklikləri üzrə komissarı Vopke Hoekstra deyib: “Bir çox ölkələrin artıq kömür enerjisindən imtina etməsinə baxmayaraq, ona tələbat artmaqda davam edir. Yeni kömürlə işləyən elektrik stansiyalarının yaranması Yer kürəsində qlobal temperaturun 1,5 dərəcə Selsi səviyyəsində saxlanılması üçün ən böyük təhlükələrdən biridir”.

Kömürdən mərhələli şəkildə imtinanın tərəfdarları 2025-ci ildə Braziliyada keçiriləcək COP30 danışıqları ərəfəsində kömür enerjisi ilə bağlı oxşar öhdəliklər götürmələri üçün digər ölkələrə təzyiq göstərəcəklər.

Qeyd edək ki, 2024-cü ilin iyulunda BMT-nin Baş katibi Antonio Quterreş xatırladıb ki, Paris Sazişinə əsasən, 2025-ci ilə qədər ölkələr istixana qazı emissiyalarını azaltmaq üçün yeni öhdəliklər təqdim etməlidirlər (Milli Müəyyən Edilmiş Töhfələr, NDCs). Bundan belə bir nəticə çıxır ki, ölkələr qlobal istiləşmənin 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırılmasına əməl etməli, 2030 və 2035-ci illər üçün emissiyaların mütləq azaldılması hədəflərini yerinə yetirməli və 2040-cı ilə qədər kömürdən tədricən imtina etməyi öhdələrinə götürməlidir. Ehtimal olunur ki, ölkələrin öhdəlikləri enerji sistemlərinə yeni kömür elektrik stansiyalarının daxil edilməməsi vədini ehtiva edir.

Seçilən
1
5
ikisahil.az

9Mənbələr