Pakistan İslam Respublikasının Baş nazirinin gənclər proqramı üzrə nümayəndəsi Fahad Şahbaz və Lahor Universitetinin xüsusi layihələr və əməliyyatlar direktoru Abuzər Qaffari Bakı Dövlət Universitetində (BDU) olub.
Moderator.az xəbər verir ki, BDU rektoru Elçin Babayev qonaqlara Universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 105 illik tarixə malik BDU Azərbaycanın ən böyük və qədim universitetidir. BDU-nun 16 fakültəsi, bir kolleci, bir liseyi, Qazax filialı fəaliyyət göstərir. Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir.
Lahor Universitetinin xüsusi layihələr və əməliyyatlar direktoru Abuzər Qaffari müəllim-tələbə mübadiləsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Qeyd edib ki, əsası 1999-cü ildə qoyulan Lahor Universiteti QS dünya universitetlərinin reytinqində 951-1000, “Times Higher Education” reytinqində isə 801-1000-ci pillədə qərarlaşıb. Universitetin 11 fakültəsində 35 mindən artıq tələbə təhsil alır. Universitetdə 5 elmi-tədqiqat mərkəzi və 3 texnopark fəaliyyət göstərir.
Görüşdə tərəflər arasında mümkün əməkdaşlığın detalları müzakirə edilib.