AZ

"Biz də iqlim dəyişikliyinə qarşı mübarizədə töhfə verə bilərik!" - Səbinə Kərimova ilə MÜSAHİBƏ

QHT.az-ın hazırladığı silsilə müsahibələrdən biri Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova ilə oldu. Bu müsahibədə o, COP29-un əlilliyi olan şəxslər üçün yaratdığı imkanlar və qəbul edilən qərarların gələcəkdəki əhəmiyyəti barədə fikirlərini bölüşdü.

 

QHT.az: COP29 bu gün yekunlaşır. Sizcə, konfransın gedişatında irəli sürülən təkliflər və qəbul edilən qərarlar əlilliyi olan şəxslərin hüquq və maraqlarına necə təsir edəcək?

Səbinə Kərimova: BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanıb. Bu konvensiyanın Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29, bu il Azərbaycanda keçirildi.

Yer kürəsində baş verən iqlim dəyişiklikləri və atmosferdəki dəyişikliklər bütün canlıların həyatına mənfi təsir göstərir. COP tədbirlərinin keçirilməsində məqsəd dünya liderlərini bir araya gətirərək bu dəyişikliklərin qarşısını almaq üçün təsirli tədbirlər görməyə sövq etməkdir. Bu tədbirlər həm də canlıların məhv olmasına səbəb ola biləcək mənfi dəyişikliklərin qarşısını almağa yönəlib.

COP29-un Azərbaycanda keçirilməsi bizim üçün qürurvericidir. İnanırıq ki, bu tədbirdə qəbul olunan qərarlar insanların həyatına müsbət təsir göstərəcək və öz nəticəsini verəcəkdir. Əlilliyi olan şəxslərə gəlincə, həm dünya miqyasında, həm də ölkəmizdə bu kateqoriyaya xüsusi diqqət və qayğı göstərilir. Dövlət səviyyəsində onların hüquqlarının qorunması və problemlərinin həlli istiqamətində əhəmiyyətli işlər həyata keçirilir. COP29 çərçivəsində də əlilliyi olan şəxslərin iqlim dəyişikliklərinə hansı töhfələri verə biləcəkləri ilə bağlı müəyyən qərarlar qəbul edilib.

 

QHT.az: COP29 çərçivəsində əlilliyi olan şəxslərin iqlim dəyişikliyindən qorunması ilə bağlı hər hansı konkret beynəlxalq öhdəlik qəbul ediləcəkmi?

Səbinə Kərimova: COP29 tədbirlərində əlilliyi olan şəxslərin iqlim dəyişikliklərindən qorunması üçün bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Bu tədbirlər onların sağlamlığının qorunması, əmək qabiliyyətinə malik şəxslərin iş imkanlarının artırılması və təhsil ilə bağlı məsələləri əhatə edir.

Tədbir çərçivəsində əlilliyi olan şəxslərə öz bacarıqlarını nümayiş etdirmək üçün xüsusi panel ayrılmışdı. Burada onların əl işləri nümayiş olundu, qonaqlar isə bu işlərlə tanış oldular. Bu sərgi əlilliyi olan şəxslərin bilik və bacarıqlarını dünya ictimaiyyətinə nümayiş etdirmək baxımından çox əhəmiyyətli idi. Onlar bu addımla mesaj verdilər ki, sağlam insanlardan geri qalmır və iqlim dəyişikliklərinə qarşı mübarizədə öz töhfələrini verə bilərlər.

 

QHT.az: Konfransda iqlim dəyişikliyinin ən çox təsir etdiyi sosial qruplar arasında əlilliyi olan şəxslərin problemləri ilə bağlı hansı məsələlər müzakirə edildi?

Səbinə Kərimova: COP29, iqlim dəyişikliyinin əlilliyi olan şəxslərin həyatına mənfi təsirlərini azaltmaq üçün bir çox mühüm məsələlərin müzakirə edildiyi bir platforma oldu. Bu müzakirələr çərçivəsində onların hüquqları, fövqəladə hallar zamanı qarşılaşa biləcəkləri çətinliklər və bu problemlərin həlli yolları əsas mövzulardan biri idi.

Beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi də gündəmdə idi. Əlilliyi olan şəxslərin ehtiyaclarının iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə inteqrasiya olunması xüsusi vurğulandı.

 

QHT.az: COP29-dan sonra Azərbaycanın əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində hansı addımları atması gözlənilir?

Səbinə Kərimova: Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Gələcəkdə bu sahədə müyəssər şəraitin yaradılması, təhsil, iş və səhiyyə sahələrində daha inklüziv mühitin təmin edilməsi üçün bir sıra mühüm addımların atılması gözlənilir.

Eyni zamanda, ictimai, nəqliyyat və kommersiya infrastrukturunun əlilliyi olan şəxslərin ehtiyaclarına uyğunlaşdırılması, onların layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində konkret qanunvericilik təşəbbüsləri həyata keçiriləcək. COP29-un nəticələri bu proseslərin sürətlənməsinə və yeni təşəbbüslərin yaranmasına təkan verəcəkdir.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
20
qht.az

1Mənbələr