AZ

Kursantlara ödəmələrin verilməsi Qaydası təsdiqlənib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi Qaydası təsdiqlənib.

Xezerxeber.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qərar 2024/2025-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna, Bakı Hərbi Kollecinə, Gəncə Hərbi Kollecinə, Naxçıvan Hərbi Kollecinə, Heydər Əliyev adına Hərbi Liseyə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuş və həmin müəssisələrdə təhsil alan kursantlara şamil edilir.

Müdafiə Nazirliyi:
- “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”də Qaydaya uyğun dəyişikliklərin Maliyyə Nazirliyi ilə razılaşdırmaqla 10 (on) gün müddətində həyata keçirilməsini təmin etməli;
- bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Maliyyə Nazirliyi və Müdafiə Nazirliyi bu Qərardan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.

Bu Qaydada ödəmələr dedikdə xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlara verilən birdəfəlik ödəmə, təqaüd, ailə üzvlərinə maddi yardım və hesabda yığılan ödəniş nəzərdə tutulur.

Bu Qaydaya əsasən xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlara ödəmələr dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Bu Qaydanın məqsədləri üçün kursantın ailə üzvləri dedikdə:

- atası və ya anası;

- arvadı (əri);

- qeyd edilən ailə üzvləri olmadığı hallarda kursantın himayədə olduğu babası, nənəsi, qardaşı, bacısı və ya qanunla müəyyən edilmiş qaydada himayəçi təyin edilmiş digər şəxs nəzərdə tutulur.

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş kursantlara birdəfəlik ödəmə aşağıdakı qaydada ödənilir:

- xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş kursantların təhsilə başlaması haqqında həmin müəssisənin rəhbərinin müvafiq əmri imzalandıqdan sonra növbəti 15 əməliyyat günü müddətində;

- xüsusi təyinatlı təhsil müəssisəsi tərəfindən birdəfəlik ödəmənin məbləği kursantın pul təminatı üçün bu Qaydanın 3-cü hissəsində göstərilən hesaba köçürülür.

Xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlara təqaüdün verilməsi Universitet tərəfindən Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, sistem əhəmiyyətli banklar sırasından müəyyən etdiyi agent bankda (bundan sonra – agent bank) kursantın adına açılmış bank hesabına köçürülməklə tədris ilinin hər ayı üçün növbəti ayın birinci ongünlüyündə həyata keçirilir.

Bank hesabında yığılmış vəsaitdən kursant tərəfindən istifadə hüququ aşağıdakı hallarda yaranır:

- hərbi liseyləri bitirmiş məzunlar üçün Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna və ya Bakı Hərbi Kollecinə, Gəncə Hərbi Kollecinə, Naxçıvan Hərbi Kollecinə qəbul olunaraq təhsilə başladıqda, habelə vəzifənin icrasına başladıqda;

- hərbi kolleci bitirmiş məzunlar üçün Azərbaycan Ordusunda müvafiq qaydada gizir (miçman) kimi vəzifəyə təyin edilərək həmin vəzifənin icrasına başladıqda;

- ali təhsil müəssisəsini bitirmiş məzunlar üçün Azərbaycan Ordusunda müvafiq qaydada zabit kimi vəzifəyə təyin edilərək həmin vəzifənin icrasına başladıqda.

Hərbi liseyi bitirən məzunlara bank hesabında yığılmış vəsaitin əlli faiz hissəsi onlar ali təhsil müəssisəsinə və ya hərbi kollecə qəbul olunaraq təhsilə başladıqda, qalan əlli faiz hissəsi bu Qaydaya uyğun olaraq vəzifələrinin icrasına başladıqda, ali təhsil müəssisəsini və hərbi kolleci bitirmiş məzunlara isə onlar Azərbaycan Ordusunda müvafiq qaydada zabit və ya gizir (miçman) kimi vəzifəyə təyin edilərək həmin vəzifənin icrasına başladıqda kursantın (hərbi qulluqçunun) yazılı ərizəsi əsasında onun tərəfindən müəyyən edilən bank hesabına ödənilir.

Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları qeyd olunan hüququ əldə edə bilmədikdə onların bank hesabında yığılmış vəsait (hesablanmış faizlərlə birlikdə) dövlət büdcəsinə geri qaytarılır və Universitetlə agent bank arasında həmin hesab üzrə bağlanılmış müqaviləyə xitam verilir.

Seçilən
3
2
xezerxeber.az

10Mənbələr