AZ

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 12-ci Baş Assambleyası başa çatıb

Noyabrın 23-də Kamboca Xalq Partiyasının (KXP) ev sahibliyi ilə bu ölkənin Pnompen şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 12-ci Baş Assambleyasının 4-cü plenar iclası, Asiya Mədəniyyət Şurasının (ACC) 3-cü iclası və ICAPP Media Forumunun 7-ci iclası keçirilib.

Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən bildiriblər ki, “Sülh və barışıq axtarışı” mövzusunda keçirilən dördüncü plenar sessiyada YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da iştirak edib. İclasda dünyada artan münaqişələrin regional və qlobal təhlükəsizliyə çoxsaylı təhdidlər yaratdığı vurğulanaraq, bütün siyasi partiyalar sülh naminə əməkdaşlığa dəvət olunub.

Asiya Mədəniyyət Şurasının “Sülh və barışığın təşviqi naminə mədəni müxtəliflik” mövzusunda keçirilən 3-cü iclasında Azərbaycanı YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin məsləhətçisi Nizami Məmmədov təmsil edib. İclasda xalqların mədəni özünəməxsusluğunun qorunmasının, sülh və barışıq naminə mədəniyyətlərarası dialoqun təşviqinin əhəmiyyətindən bəhs olunub.

ICAPP Media Forumunun “Rəqəmsal era kontekstində saxta xəbərlərlə mübarizə” mövzusunda keçirilən 7-ci iclasında isə YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi, Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV-nin aparıcısı Nurlana Mehdiyeva çıxış edib. O, qlobal çağırışlar fonunda informasiya və kommunikasiya texnologiyalarının inkişafının ayrı-ayrı xalqların həyatına və dövlətlərin siyasətinə təsirlərindən bəhs edib. Qeyd olunub ki, bir sıra dövlətlər və ya dövlətlərin dəstəyi ilə təşkilatlanmış qruplar beynəlxalq ictimai rəyi yanlış istiqamətə yönləndirmək üçün vaxtaşırı qarayaxma kampaniyaları aparırlar.

YAP təmsilçisi, həmçinin Azərbaycan torpaqlarının həm 30 ilə yaxın işğal altında saxlanıldığı zaman, həm İkinci Qarabağ müharibəsi ərəfəsində, həm də postmüharibə dövründə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarına danışıb. Regionda bir münaqişə ocağının söndüyü ərəfədə ayrı-ayrı dairələrin məhz media platformasından istifadə edərək birtərəfli, qərəzli və bugünkü reallıqla daban-dabana zidd olan feyk məlumatlar yaymağa çalışdığını deyən Nurlana Mehdiyeva bunun sabitlik və inkişafa hədəflənmiş Cənubi Qafqaz yolunda başlıca maneələrdən olduğunu diqqətə çatdırıb. Eyni zamanda, bu günlərdə Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 zamanı da həmin dairələrin ölkəmizə qarşı informasiya hücumunun növbəti dalğasına start verdikləri qeyd olunub.

O, sonda media nümayəndələrini səyləri birləşdirərək dezinformasiya və media manipulyasiyası kimi pis niyyət güdən fəaliyyətlərə qarşı mübarizədə vahid mövqe nümayiş etdirməyə çağırıb.

Sonra ICAPP Media Forumunun fəaliyyət qaydalarını və müzakirələrin əsas nəticələrini özündə əks etdirən Pnompen Bəyanatı qəbul olunub.

Daha sonra Kambocanın Baş naziri, Kamboca Xalq Partiyasının vitse-prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasının prezidenti Hun Manetin sədrliyi ilə Assambleyanın bağlanış mərasimi olub. Tədbirdə aparılmış müzakirələrin əsas məzmununu özündə əks etdirən Pnompen Bəyannaməsi qəbul edilib.

Qeyd edək ki, tədbir çərçivəsində iştirakçıların, həmçinin Kambocanın xüsusi hüquqi sənədlər mərkəzinə və “Vin-Vin” abidəsinə ziyarəti təşkil olunub.

Seçilən
3
6
xalqqazeti.az

7Mənbələr