AZ

Hamı bu oyunu gözləyir – Hünərin var uduz!

Şənbə günü axşam saat 7-dən etibarən diqqətlər “Neftçi Arena”ya yönələcək.

Mövsümə tam istədiyi şəkildə başlaya bilməyən “Zirə” uğursuzluq zolağından qurtula bilməyən “Neftçi”nin qonağı olacaq.

Komandalar arasında ilk dövrədə baş tutan oyunda meydan sahibi zirəlilər rəqibini meydana çıxmağa peşman etmişdi. Oyunun startında Salifu Sumanın, ikinci yarıda Rafael Utziqin vurduğu qollar “qartallar”a qələbə qazandırmışdı.

Lakin indiki vəziyyət fərqlidir. “Neftçi”nin “sükanı” arxasında Roman Qriqorçuk yox, Samir Abasov yer alıb. Həmkarı Rəşad Sadıqovla eyni xüsusiyyətlərə - çılğın, emosional, hədəfləri yüksək olan – sahib olan Abasov. Və həmin Abasov ki, vaxtilə “Zirə”də çalışmasına baxmayaraq, uğursuz nəticələrə görə vaxtından əvvəl oranı tərk etmişdi.

Bu oyunda Abasovla Sadıqovun taktiki mübarizəsi, eləcə də texniki zonadakı hərəkətləri duelə xüsusi rəng qatacaq.

Qələbə komandaların hər ikisinə hava-su kimi lazımdır. “Zirə” ilk “3-lük”dəki rəqibləri ilə aradakı xal fərqini azaltmaq niyyətindədirsə, lider “Qarabağ”dan 21, 3-cü pillədəki “Turan Tovuz”dan 16 xal geri qalan bakılılar qış fasiləsinə qədər vəziyyəti mümkün qədər yaxşılaşdırmaq istəyir.

Odur ki, hər iki komanda meydana qıələbə həvəsi ilə çıxacaq. Hətta mümkün heç-heçə belə, indiki vəziyyətdə hər ikisinə problem yaradacaq.

Hər iki düşərgədə psixoloji gərginliyin hökm sürməsi heç kimə sirr deyil. “Qartallar” son 6 oyunda yalnız “Şamaxı” üzərində qələbəyə sevinməklə, son 2 görüşdə əsas rəqibləri “Araz-Naxçıvan”la “Qarabağ”a boyun əyib.

“Neftçi”dən danışmağa dəyməz. Samir Abasovun gəlişindən sonra çempionatın ikinci yarısında toplanan 5, ümumilikdə 10 xal və 10 komanda arasında 8-ci pillə. Daxildəki məsuliyyətlə gərginliyin hansı vəziyyət yaratdığını təxmin etmək çətin deyil.

Bir sözlə, şənbə günü paytaxtda baş tutacaq qarşılaşmanı mütləq izləmək lazımdır. Görək, çempionatın ən çox heç-heçə edən komandası olan “Neftçi” (7 dəfə) “Zirə”yə qarşı nə edəcək.

HƏBİB

Seçilən
18
sportinfo.az

1Mənbələr