AZ

Yığmanın tarixinə Solna faciəsi də düşdü - REPORTAJ

Millətlər Liqası, qrup mərhələsi
C liqası, 1-ci qrup
İsveç – Azərbaycan 6:0 (3:0)
12. Viktor Yohansson
13. Ken Sema
5. Qabriel Qudmundsson
(19. İsak Lidberq, 89)
15. Karl Starfelt
22. Sebastyan Nanasi
(10. Emil Forsberq, 66)
14. Anton Saletros
21. Deyan Kulusevski (k)
16. Yesper Çelstrem
(7. Lukas Berqvall, 66)
18. Yassin Ayyari
(2. Emil Holm, 53)
9. Aleksander İsak
17. Viktor Dyökereş
(20. Nils Zetterstrem, 89)
Ehtiyat oyunçular
1. Yakob Zetterstrem
23. Kristoffer Nordfeldt
3. Qustaf Laqerbielke
4. Henrix Kasteqren
6. Samuel Dahl
8. Daniel Svensson
11. Niklas Eliasson
Baş məşqçi: Yon Dal Tomasson

23. Rza Cəfərov
5. Anton Krivotsyuk
15. Bədavi Hüseynov (k)
(14. Zamiq Əliyev, 46)
4. Bəhlul Mustafazadə
2. Amin Seydiyev
(21. Abbas Hüseynov, 56)
20. Aleksey İsayev
(22. Musa Qurbanlı, 63)
6. Ozancan Kökçü
(18. Ceyhun Nuriyev, 46)
7. Coşqun Diniyev
17. Toral Bayramov
9. Nəriman Axundzadə
(11. Ramil Şeydayev, 46)
10. Mahir Emreli
Ehtiyat oyunçular
1. Nicat Mehbaliyev
12. Aydın Bayramov
8. İsmayıl İbrahimli
16. Səbuhi Abdullazadə
19. Xəyal Nəcəfov
Baş məşqçi: Fernando Santuş

Qollar: D.Kulusevski, 10 (1:0). V.Dyökereş, 26 (2:0). V.Dyökereş, 37 (3:0). D.Kulusevski, 57 (4:0). V.Dyökereş, 58 (5:0). V.Dyökereş, 70 (6:0).
İsak 49-cu dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: A.Krivotsyuk, 23. A.Seydiyev, 54. C.Diniyev, 57. Q.Qudmundsson, 60. B.Mustafazadə, 73. T.Bayramov, 88 – sarı.
Hakimlər: PAVEL RAÇKOVSKİ, Radoslav Sieyka, Adam Kupsik, Voytsex Muts (hamısı Polşa).
VAR hakimi: Pavel Malets (Polşa).
VAR hakiminin köməkçisi: Daniel Stefanski (Polşa).
Hakim-inspektor: Georgi Yordanov (Bolqarıstan).
UEFA nümayəndəsi: Frederik Veragaenne (Belçika).
19 noyabr. Solna. “Strouberri Arena”. 10127 tamaşaçı.
Hər hissəyə 2 dəqiqə əlavə olunub.

21 (14) qapıya (“çərçivə”yə) zərbə 4 (3)
12 künc zərbəsi 1
3 ofsayd 2
10 qayda pozuntusu 16
1 (0) sarı (qırmızı) vərəqə 5 (0)
56 topa sahibolma (faizlə) 44


Yığmamız üçün qələbədən başqa yolun olmadığını əzbər bilirdik. Əks halda, D liqasına yuvarlanacağımızı da… Bunun fiasko olacağını da, elə İsveçin çox çətin rəqib olduğunu və buna heç cür imkan vermək istəməyəcəyini də… Bəs nəyi bilmirdik ki, sadəlövhcəsinə millimizin qələbə qazanacağına inanır, xam xəyallar qururduq…

Evdə Estoniyanı məğlub edə bilməyən komandanın İsveçin meydanından qələbəylə ayrılacağını düşünmək inamdı, yoxsa dəlilik? Sualın cavabını 10-cu dəqiqədə tapdıq. Çünki bu anda Bəhlul Dyökereşin cərimə meydançası daxilinə ötürməsinə mane olmaq istəsə də, topla düzgün davrana bilmədi. Belədə "kürə" Kulusevskinin önünə düşdü ki, meydan sahiblərinin kapitanı "çərçivə"ni dəqiq nişan aldı. Burda həm də millimizin xətlərarası əlaqəni təmin etməkdə ciddi çətinlik çəkdiyini gördük. O başqa məsələ ki, növbəti qolları da oxşar çatışmazlıqlar üzündən buraxdıq. Bir qədər sonra Toral ələ düşən fürsəti qapıya zərbəylə tamamladı. Onun komanda yoldaşlarına ötürmə etmək əvəzinə hesabı bərabərləşdirməyə cəhd etməsi qeyri-dəqiqlik üzündən uğursuzluqla nəticələndi. Ardınca Rza Dyökereşin fərqi ikiyə çatdırmasına imkan vermədi.

Bəli, İsveçin baş məşqçisi Tomasson oyunöncəsi mətbuat konfransında meydana qələbə üçün çıxacaqlarını, hədəfin həm də DÇ-2026 ilə bağlı olduğunu demişdi. Lakin meydan sahiblərinin bizimkiləri böyük hesabla məğlub etməyə çalışdıqları çox aydın hiss olunurdu. Bəlkə də ötən ilin noyabrında Bakıda aldıqları 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmaq istəyirdilər. Çox keçmədən Qudmundssonu qol vurmaq istəyənlərin sırasında gördük. Rza bu dəfə də yerində idi. O, zərbəni zərərsizləşdirdi, amma təhlükənin tam sovuşması üçün Bəhlulun meydanda qalan topu uzaqlaşdırması lazım gəldi. Təəssüf ki, onların işbirliyinə isveçlilərin ikinci qolunda şahidlik edə bilmədik. Dəqiq desək, 26-cı dəqiqədə sağ cinahdan hücuma keçən qonaqlar Kulusevksinin məhsuldar ötürməsi, Dyökereşin qolu sayəsində millimizi məyus etdi. Burda Bəhlul istəmədən Rzanın baxış bucağını qapatdı ki, top qapıçı ilə müdafiəçinin arasından keçərək tora qovuşdu.

Birdən oyuna baxmayan oxucularımız millimizin rəqibi çəkindirdiyi epizodları qeyd etmədiyimiz üçün bizdən inciyər. Vallah, bu ana qədər yığmamız yalnız müdafiə olunmağa çalışdı, nəinki qapıya zərbə, heç yüngülvari hücum cəhdi ilə də yadda qalmadı. Nəhayət, 28-ci dəqiqədə ürəklənən komanda Ozancanın müəllifi olduğu qolu bayram edə bilərdi. Amma Yohansson üzərinə gələn topa yiyələnməkdə çətinlik çəkmədi. Dərhal irəli atılan İsveç də bu mənada uğurlu olmadı. Daha doğrusu, İsakın fərqi üçə çatdırmaq arzusu qeyri-dəqiqlik üzündən reallaşmadı. Amma bununla təsəlli tapmağa dəyməz. Ona görə ki, 37-ci dəqiqədə Nanasinin ötürməsini maksimum dəyərləndirən Dyökereş Bədavinin də müqavimətinə rəğmən, dubl müəllifi oldu.

Belədə Millətlər Liqasının D liqasına yuvarlanmaqdan qurtulmaq imkansıza çevrildi desək, yanılmarıq. İndi yalnız növbəti qolların vurulmasına imkan verməmək lazım idi ki, yığmamız minimum hədəfindən də öhdəsindən gələ bilmədi. Bizimkilərin nəfəs dərməsinə şərait yaratmayan "sarı-göylər" dördüncü qolu vurmaq üzrə idi ki, tir Rzanın köməyinə çatdı. Qonaqların bunu birinci hissədə bacarmasına mane olan ikinci "xilaskar" isə ofsayd xətti oldu. Belə ki, İsakın 2-cu uzatma dəqiqəsində vurduğu qol sayılmadı və komandalar fasiləyə yollandı. O başqa məsələ ki, sonradan həmin qolun da qaydalar çərçivəsində vurulduğu aydınlaşdı.

Bir qədər əvvəl də vurğuladığımız kimi, qalan dəqiqələr üçün yeganə ümid növbəti qolların buraxılmamasıydı. Nə biləydik ki, mərhəmət hissini paltardəyişmə otağında qoyub meydana çıxan İsveç fərqi faciəvi həddə çatdıracaq?

Bəli, İsveç 2-ci hissəyə də yüksək təzyiqlə başladı. 47-ci dəqiqədə İsayevin Ayyarinin qapıya zərbəsini qoluyla dəf etməsi penaltiyə səbəb oldu. Yaxşı ki, Rza topun istiqamətini tapmaqla İsakı üzdü. 57-ci dəqiqədə isə dördüncü qolu buraxdıq. Daha doğrusu, cərimə meydançası daxilindəki qarışıqlıqdan yararlanan Kulusevski dubl müəllifi oldu.Onu nə Aleksey, nə Zamiq, nə də Rza dayandıra bildi. Cəmi bir dəqiqə sonra vurulan qola gəlincə, bu, Dyökereşin aktivinə yazıldı. İsveçli topu cərimə meydançası daxilində Zamiqdən “oğurladı” və tora qovuşdurdu. Meydan sahiblərinin altıncı qolunu isə 70-ci dəqiqədə izlədik. Saletrosun məhsuldar ötürməsi, Dyökereşin dəqiq zərbəsi, Zamiq, Bəhlul və Antonun müdaxilə cəhdlərinin heç nəyə yaramaması millimizin nə qədər biabırçı durumda olduğunu bir daha sübut etdi. Bu azmış kimi, “sarı-göylər” daha bir qol üçün mübarizə apardı ki, Berqvalla qeyri-dəqiqlik, Saletrosa Rza imkan vermədi.

Beləliklə, millimiz D liqasına yuvarlandı. Tarixində ikinci dəfə rəsmi oyunda 0:6 hesabıyla uduzan yığmamız artıq “cırtanlar” arasında yarışacaq. Bu məqamda yığmanın sabiq baş məşqçisi Berti Foqtsu xatırlamamaq mümkün deyil. Axı AÇ-2016-nın seçmə mərhələsində Xorvatiyaya bu hesabla uduzarkən o istefaya göndərilmişdi. Bəli-bəli, Osiyek faciəsini nəzərdə tuturam. Fernando Santuşa gəlincə, portuqaliyalı mütəxəssis karyerası ərzində ilk dəfə belə biabırçı hesablı uduzdu. Qısası, həm yığma, həm də baş məşqçisi antirekordları sıralamağa davam edir.

Qeyd edək ki, qrupun digər oyununda Slovakiya Estoniyaya qalib gəlib – 1:0.

Gözdən qaçmadı
* Qarlı və yağışlı hava şəraitinə görə oyundan əvvəl stadionun damı qapadıldı.
* Yığamızı təxminən 200 azarkeş dəstəkləyirdi. Onlar arenaya Azərbaycan, Türkiyə və Gürcüstan bayraqlarıyla gəlmişdi.
* Fernando Santuş hesab 0:6 olandan sonra dəftərində bəzi qeydlər apardı.
* Rza Cəfərovla Mahir Emreli hələ oyunun gedişində emosiyalarına sahib ola bilmirdilər, gözləri dolurdu.
* Matç bitəndən sonra Coşqun Diniyev Viktor Yohansson və Lukas Berqvall ilə xüsusi görüşdü, bir-birini qucaqladılar.
Reaksiyalar

Yeri gəlmişkən...
Azərbaycan yığması Millətlər Liqasının son mövsümündə qrup mərhələsində ən çox qol buraxan üç komandadan biridi. Fernando Santuşun çalışdırdığı komanda Bosniya və Hersoqovina ilə birlikdə 6 matçda 17 top buraxıb. C liqasının 1-ci qrupunda yer alan yığmamız İsveçə 1:3, 0:6, Slovakiyaya 0:2, 1:3, Estoniyaya isə 1:3 hesabı ilə uduzub və yalnız Qəbələdə estonlarla qolsuz heç-heçə edib.
Bosniya və Hersoqovina isə Niderlanda 2:5, Almaniyaya 0:7, 1:2, Macarıstana 0:2 uduzub. Bosniyalılar macarlarla (0:0) və Niderlandla (1:1) heç-heçə edib. Turnirin antirekordu isə Cəbəllütariqə məxsusdu. "Cırtdan ölkə"nin yığması 2022/23 mövsümündə qapısında 18 qol görüb.

KƏNAN BAHADIR

Seçilən
59
football-plus.az

1Mənbələr