AZ

Yığma üzvlərinin qiymətləndirməsi (10 ballıq şkala ilə)

Rza Cəfərov – 4,0
6 qol buraxan qapıçı haqda müsbət fikir söyləmək çətindi. Xüsusən də gənc qapıçının üç topu ayaqları arasından buraxması acınacaqlı durumdu. Estoniya ilə oyunla müqayisədə komanda yoldaşları ilə anlaşması daha yaxşı olsa da, topu oyuna daxil edərkən daha inamlı görünsə də, faciəvi məğlubiyyəti əngəlləyə bilmədi. Ədalət naminə deyək ki, penaltini qaytarmasaydı və bir neçə önəmli seyv etməsəydi, hətta Fransa ilə oyundakı antirekord da təkrarlana bilərdi.

Anton Krivotsyuk – 3,0
Nə müdafiə, nə də hücum əməliyyatlarında seçildi. Bəzən adama elə gəlirdi ki, Anton, ümumiyyətlə, meydanda yoxdu. Bir legioner milli komandada belə təsir bağışlayırsa, olmasından olmaması yaxşıdı.

Bədavi Hüseynov – 3,0
Kapitan özü yaxşı oynamaqla yanaşı, oyundaşlarını da arxasınca aparmağı bacarmalıdı. Bədavi isə artıq bu vəzifənin öhdəsindən gələ bilmir. Dyökereş hesabı 3:0 edərkən onu sanki tapdalayıb keçdi. Bəlkə də ilk yarının gedişində aldığı zədə həmin epizodda zəif görünməsini şərtləndirdi. Zədənin nəticəsi kimi 2-ci hissədə meydana çıxmadı.

Bəhlul Mustafazadə - 2,5
Əslində darmadağının əsasını Bəhlul qoydu. Hələ 10-cu dəqiqə tamamlanmamış topu cərimə meydançasında elə saxladı ki, Kulusevskiyə yalnız qol vurmaq qaldı. Elə 2-ci qolda da Rzaya mane oldu. Bir sözlə, komandasında əsas heyət üzvü olmadığı, formadan düşdüyü açıq-aydın görünür.

Amin Seydiyev – 2,5
Amin də klubda yaşadığı enişi yığmada da davam etdirir. Rəqibin oyunçuları onun cinahını “su yoluna döndərmişdi”. Santuş Aminin oyunundan narazılığını fasilədən az sonra onu Abbasla əvəzləməklə göstərdi.

Aleksey İsayev – 2,5
Qəbələdəki oyunla müqayisədə bir qədər yaxşı təsir bağışlasa da, yer aldığı mövqeyə uyğun keyfiyyətləri ortaya qoya bilmir. Hücumu kəskinləşdirən ötürmələri, qapıçını ustalığını göstərməyə məcbur edən zərbələri olmadı. Üstəlik penalti də “yaratdı”. Vəzifəsinin öhdəsindən gələ bilmədiyini görən Santuş 63-cü dəqiqədə İsayevi də əvəzlədi.

Ozancan Kökçü – 2,5
Yığmamızın oyun ərzindəki 4 zərbəsindən birinin müəllifi olmaqdan başqa heç nə ilə yadda qalmadı. Təsadüfi deyil ki, fasilədən dərhal sonra əvəzləndi.

Coşqun Diniyev – 3,5
Kreativ oyun, yaradıcılıq adına nəsə göstərməyə çalışan nadir futbolçulardan biri idi. Bəzən topu ələ keçirmək üçün meydanın dərinliklərinə də çəkilirdi. Türkiyə çempionatının aşağı liqasında çıxış edən futbolçudan bundan yüksək səviyyə gözləmək çətindi.

Toral Bayramov - 2,5
Yığma ilk dəqiqələrdən əsasən müdafiə olunmağa üstünlük verdiyindən oyundaşlarından lazımi dəstək görmədi. Hücum əməliyyatlarına heç bir töhfə vermədi, oyunu imkanlarından aşağı səviyyədə keçirdi.

Nəriman Axundzadə - 2,5
Klubunda əsas heyətə həsrət qaldığına görə oyun vərdişlərini itirən daha bir futbolçu. İlk yarının sonunda çox gözəl ötürmə alsa da, topla nə etmək istədiyini müəyyənləşdirə bilmədik. Nəriman hissənin sonunda fərqi azaltsaydı, bəlkə də faciəvi məğlubiyyətdən qaçmaq olardı.

Mahir Emreli – 2,5
Onunla bağlı çox böyük gözləntilər var idi deyə, bəlkə də bu üzdən “yandı”. Sanki öz qabında deyildi, komanda yoldaşları kimi heç bir fayda vermədi.

Ramil Şeydayev – 2,5
Nərimanın əvəzinə oyuna qoşulan Ramil heç nə ilə yadda qalmadı. İndi o, “Qarabağ”dakı obrazının solğun kölgəsini xatırladır. Açıq-aşkar formada deyil.

Zamiq Əliyev – 2,0
Zədəli Bədavinin əvəzinə oyuna qoşulan legioner dərhal səhvləri sıralamağa başladı. 4-cü qolda topu uzaqlaşdıra bilmədi, 5-ci qolda isə onu Dyökereşə bağışladı. Bu səviyyədə futbolçu milli forma geyməyə tələsməməlidi.

Ceyhun Nuriyev – 2,5
Ozancanı əvəzləsə də, onu unutdura bilmədi. Ümumiyyətlə, bu səviyyəli oyunlarda hadisələrin axarını dəyişməyə qadir futbolçu deyil.

Abbas Hüseynov – 2,5
Seydiyevi əvəzlədi, amma nə müdafiədə işləri qaydasına saldı, nə də hücum əməliyyatlarında fəal iştirak edə bildi. Əslində hücumlarımızın sayı da o qədər çox deyildi.

Musa Qurbanlı – 3,0
Hesab yalnız 0:5 olandan sonra Santuş onun əməyinə ehtiyac duydu. Musa meydanda nəsə etməyə çalışsa da, bacarmadı. Xüsusən də təkbətək mübarizələrdə çox zəifdi. Driblinq cəhdləri dəfələrlə uğursuzluğa düçar oldu.

Seçilən
13
football-plus.az

1Mənbələr