AZ

İqlim dəyişiklikləri və davamlı cəmiyyət

COP29 sessiyasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT-nin HİV/QİÇS üzrə Birləşmiş Proqramının hazırladığı “İİV və İqlim Dəyişikliyi üzrə Çərçivə Sənədi”nin təqdimatı keçirilib. Tədbirdə BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, BMT-nin Azərbaycandakı rezident – əlaqələndiricisi Vladanka Andreyeva, Braziliya Səhiyyə Nazirliyinin Səhiyyə Nəzarəti Katibi Etel Masiel və digər rəsmilər çıxış ediblər.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev qeyd edib ki, İİV qlobal səhiyyənin əsas problemlərindən biridir. Hər il dünyada 1 milyondan çox insan bu xəstəliyə   yoluxur, 600 mindən çox insan isə İİV-lə bağlı xəstəlikdən vəfat edir. O, respublikamızın  İİV-ə qarşı mübarizədə yüksək nailiyyətlər əldə etdiyini deyib. Bildirib ki, ölkəmizdə İİV-ə yoluxan şəxslər antiretrovirus preparatları ilə dövlət tərəfindən təmin olunurlar: 

– Ölkəmiz ÜST və Qlobal Fond kimi beynəlxalq təşkilatlarla möhkəm tərəfdaşlıq qurub. 2023-cü ilin sonunadək ölkədə İİV-lə yaşayan insanlara “89–80–93” səviyyəsində xidmətlər göstərilməsində irəliləyiş əldə edilib. Bu, bölgədə ən yaxşı göstəricilərdən biri kimi qeydə alınıb. İqlim dəyişikliyinin təsirlərinin qeyri-mütənasib şəkildə paylandığı çıxışlarda vurğulanıb. 

Hava ilə bağlı fəlakətlər, dəniz səviyyəsinin qalxması, yağıntıların və temperaturun dəyişməsi əhalinin miqrasiyası, xəstəliklər,  təmiz su qıtlığı ərzaq təhlükəsizliyi və səhiyyə infrastrukturunun zədələnməsinə gətirib çıxarır. Sübuta əsaslanan araşdırmalar belə vəziyyətdə insanların psixi sağlamlıq problemlərinin gərginləşməsini, zorakılığın və uşaq nikahlarını artırdığını, eyni zamanda, narkomaniyanı təşviq etdiyini təsdiqləyir.

İqlim dəyişikliklərinə davamlı səhiyyə sistemlərinin qurulması və səhiyyə işçi qüvvəsinin təlimi, HİV epidemiyasına son qoyulması da daxil olmaqla Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün çox vacibdir. Yalnız beynəlxalq həmrəylik, resursların ədalətli bölüşdürülməsi, eləcə də bilik və qabaqcıl təcrübə mübadiləsi yolu ilə biz iqlim dəyişikliklərinə davamlı cəmiyyət yarada bilərik ki, orada sağlamlıq problemləri həll edilir və əhalinin sağlamlığı yetərincə qorunur.

Zərifə BƏŞİRQIZI 
XQ

 

Seçilən
28
2
xalqqazeti.az

4Mənbələr