Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Elm və Sənət Tədqiqat Mərkəzi (İSARC) və Türkiyə İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə “I Beynəlxalq Avrasiya Elmi Araşdırmalar və İnnovasiyalar" konfransı keçirilib.
Hibrid formada keçirilən konfransın plenar iclasında MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov açılış nitqi ilə çıxış edərək, kitabxananın yaranma tarixi, fondları, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Direktor plenar iclasın canlı keçirildiyi Qarabağ müharibəsi Qəhrəmanları fondunda I və II Qarabağ müharibələri, Aprel və Tovuz döyüşlərinin, antiterror əməliyyatlarının iştirakçıları, qazi və şəhidləri haqqında məlumatların toplandığı, eləcə də 44 günlük Vətən müharibəsi, Qarabağın tarixi-etnoqrafik, mədəni-ədəbi həyatı haqqında yazılan çoxsaylı dəyərli kitabların qorunduğunu iştirakçıların nəzərinə çatdırıb və konfransın işinə uğurlar arzulayıb.
İKSAD-ın Azərbaycan üzrə baş koordinatoru, dr. Əlvan Cəfərov və konfransın qrup rəhbəri Yasəmən Ağaoğlu azərbaycanlı yazarların kitablarının QR kodlarının yerləşdirildiyi elektron plakatı MEK oxucularının istifadəsi məqsədilə kitabxanaya hədiyyə edib, yaradılan şəraitə görə təşəkkür bildiriblər.
Qeyd edək ki, konfransa dünyanın 23-dən artıq ölkəsinin 300-dən artıq elm adamı qatılıb. Təkcə Türkiyə Respublikasından 126 elm adamının konfransda iştirakı təmin olunub.
Kofrans öz işini bölmə iclasları ilə davam etdirib. Burada müxtəlif elm sahələri üzrə 247-dən artıq məqalə və təqdimatlar dinlənilib.
Konfransın yekununda iştirakçılara sertifikatlar təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi