Kanadanın Montreal şəhərində NATO Parlament Assambleyasının (PA) 70-ci illik sessiyası öz işinə başlayıb. Noyabrın 22-dən 25-nə qədər keçirilən sessiyada Alyansa üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər.
Hafta.az xəbər verir ki, sessiyanın komitə iclasları çərçivəsində Ukraynadakı müharibə, Alyansın Vaşinqton Zirvə görüşündən irəli gələn nəticələr və qəbul olunan qərarlar, Alyansın müdafiəsinin gücləndirilməsi, NATO-nun tərəfdaşlıqlarının gələcəyi, eləcə də Qlobal Cənub və Hind-Sakit okeanı regionu ilə tərəfdaşlıq perspektivləri, Qara dəniz regionu təhlükəsizliyi, Çindən irəli gələn təhdidlər, NATO-nun üzləşdiyi təhlükəsizlik çağırışları, iqlim dəyişikliyi, yüksək texnologiyaların və süni intellektin tətbiqi və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Tədbirdə Milli Məclisin nümayəndə heyəti və Azərbaycanın NATO yanında nümayəndəliyinin üzvləri iştirak edirlər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti NATO PA-nın Baş katibi Ruxandra Popa və Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlüd Çavuşoğlu ilə görüş keçirib.