AZ

Bakı sakinlərinə ŞAD XƏBƏR: 2500-ə çatdırılacaq!

“Bakıətrafı kənd və qəsəbələrdə avtobusların vəziyyəti o qədər də ürəkaçan deyil. Sayından tutmuş, nəqliyyat vasitələrinin texniki vəziyyətinə qədər hər şey bərbaddır”.

 

KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov deyib. O, paytaxt ərazisindəki sərnişindaşıma üzrə son durumu dəyərləndirib:

“Heç bir standarta uyğun olmayan nəqliyyat vasitələri mövcuddur. Nəzərə alsaq ki, paytaxtımız mötəbər bir tədbirlərə ev sahibliyi edir, belə halda sözügedən durum təəssüf doğurur. Çünki bu tədbirə uyğun olmayan nəqliyyat vasitələri həddən artıq çoxdur. Yalnız mərkəzə gələn elektrobuslar mövcuddur. Digər avtobusların qəsəbə və kəndlərə yönəldiləcəyi haqqında yalnız ehtimal söyləmək olar. Hər halda, bu da ürəkaçan bir məlumatdır. Ümid edirik ki, yalnız yaxın zamanlarda avtobusların sayı artdıqca daha dar və ensiz küçələrə daxil ola biləcək kiçik tutumlu avtobusların qəsəbə və kəndlərə yönəldilməsi daha mötəbər sayılar. Bu həm sərnişinlər, həm də qəsəbə sakinləri üçün çox ürəkaçan məlumat ola bilər”.

Sözügedən məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə də sual ünvanladıq.  AYNA-nın  mətbuat katibi Tural Orucov sorğumuzu belə cavablandırdı:

“Əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bir ildən çoxdur ki, mobilliyin transformasiyası proqramı həyata keçirilir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb və tətbiqinə başlanılıb.

Avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılıb.

2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2011-ə çatdırılıb. Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb edilib. 160  yeni elektrik avtobusunun da sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır.

Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir”.

Seçilən
16
2
konkret.az

3Mənbələr