“Belarus Prezidenti Aleksandr Lukaşenko bəşəriyyətin III Dünya müharibəsi ərəfəsində olduğunu deməklə həqiqətdən o qədər də uzaq deyil. Maraqların sərt şəkildə toqquşması artıq bir çox ölkələri sözlərdən, hədələrdən əməllərə keçməyə sövq edib”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Rusiya ilə Ukrayna arasında olan münaqişədə Ukraynaya kömək edən 50-dən çox ölkə var: “Münaqişədə Rusiya tərəfində isə İran, Şimali Koreya var. Düzdür, İran ilə Rusiya arasında hərbi anlaşma yoxdur, ancaq iki tərəf bu yaxınlarda strateji tərəfdaşlıq haqqında çox əsaslı bir sənəd imzalamalıdır. Şimali Koreya ilə Rusiya arasında isə hərbi sənaye, hərbi texniki sahədə münasibətləri tənzimləyən sənəd var. Yəni onlar rəsmən hərbi müttəfiqdirlər”.
T.Abbasov qeyd edib ki, dövlətlərin bir çoxu bütün bu proseslərdə iştirak edirlər: “Çünki artıq maraqlar toqquşur, digər tərəfdən blokların bir-biri ilə çəkişməsi var. Hələki NATO bir o qədər də fəallıq göstərmir, ancaq siyasi bəyanatlara gəldikdə NATO-nun baş katibi və digər rəsmiləri də məsələlərə sərt münasibət bildirirlər. Yəni Rusiyanı, İranı, Kitayı, Çini və digər ölkələri qınaq obyektinə çeviriblər. Belarusa gəldikdə isə Belarus xüsusi xidmət orqanlarının vaxtaşırı açıqlamaları olur və bildirilir ki, ölkənin cənub-qərbindən müdaxilə olmalıdır. Yəni üç ölkənin Litva, Polşa və Ukraynanın iştirak ilə xüsusi dəstələr formalaşdırılıb və onlar Belarus ərazisinə hücum edəcəklər. Prezident Aleksandr Lukaşenko hətta bu haqda açıqlama da verərək ən sərt tədbirləri görməyə hazır olduqlarını bildirib. Digər tərəfdən biz əgər nəzər salsaq ki, Rusiya Prezidenti Putin nüvə doktrinasına əlavələr edib və bildirilir ki, hətta nüvə silahından Rusiyaya qarşı istifadə olunmasa belə Rusiya lazım bilərsə taktiki nüvə silahlarından qarşı tərəflərə istifadə edə bilər. Yəni bu, təhlükəli, mürəkkəb bir bəyanat və açıqlamadır. Doktrina bunu ehtiva edirsə, demək onlar bunu edə bilərlər”.
Politoloq bütün bunların vəziyyətin gərginliyindən xəbər verən məqamlar, reallıqları əks etdirən hadisələr olduğunu vurğulayıb: “Dünya müharibəsinin konturları getdikcə konkretləşir. I Dünya müharibəsi zamanı dünyada 50-dən çox müstəqil dövlət vardı. Amma müharibədə 30 ölkənin iştirakı göstərdi ki, bu həqiqətən də dünya müharibəsidir. İndi isə dünyada 200-ə yaxın ölkə var, əksər dövlətlər də artıq prosesə müdaxilə edir və onlar öz maraqları uğrunda sonadək mübarizələrini aparacaqlar, öz istəklərindən dönməyəcəklər. Nəticədə bu, böyük fəlakəti qaçılmaz edə bilər”.
T.Abbasov Cənubi Qafqazın mövqeyini də nəzərə almalı olduğumuzu diqqətə çatdırıb: “Çox həssas bir bölgədəyik. Bir çox ölkələr bizim bölgədən keçən kommunikasiyalardan fəal istifadə edirlər və bu, onlar üçün həyati əhəmiyyətli bir məqamdır. Məsələn, Rusiyanı götürsək, onun Qərbə doğru bütün yolları bağlanıb və alternativləri də o qədər çox deyil. Şərqə doğru daşımaları, gediş-gəlişi inkişaf etdirmək onlar üçün bir o qədər maraqlı deyil. Amma bizim bölgədən istifadə olunur. Türkiyə, İran və digər dövlətlər də bizim bölgədən istifadə edir. Ümumiyyətlə, Avrasiya məkanında Cənubi Qafqazın xüsusi yeri var. Çünki şimal-cənub, şərq-qərb, cənub-qərb, cənub-şərq istiqamətlərində yaxşı imkanlar, tranzitlər var. Odur ki, əgər hər hansısa ölkə başıpozuqluq edib Ermənistandan istifadə edərək burada vəziyyəti gərginlik yaratmaq üçün pozarsa, o, çox böyük bir fəsadları ortaya çıxara bilər. Bu baxımdan əminəm ki, Azərbaycan dövləti həm güc sahibi, həm də diplomatik potensiala malik tərəf kimi əlindən gələni edəcək ki, risklər, neqativ təsirlər Cənubi Qafqazdan uzaq olsun”.
Röya İsrafilova