AZ

İctimai Şura sədri: Pensiya yaşının azaldılması, uşaqpulunun verilməsi təklifləri əsaslandırılmalıdır

Modern.az  saytı nazirliklərin yanında ictimai şuraların sədrləri ilə silsilə müsahibələrə davam edir.

Budəfəki müsahibi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Şuranın sədri Elşad Məmmədovdur.  
 

- Azərbaycanda İctimai şuralara münasibət birmənalı deyil. Bunun səbəbi isə bəzi İctimai şuraların yanında fəaliyyət göstərdikləri qurumun müdafiəçisi qismində çıxış etməsidir. Bununla bağlı nə deyə  bilərsiniz? İctimai şura necə fəaliyyət göstərməlidir ki, nüfuz qazana bilsin?
 

- Bu kifayət qədər həssas mövzudur. Hesab edirəm ki, İctimai şuralar təbii olaraq yanlarında fəaliyyət göstərdikləri qurumların vəkili olaraq çıxış etməməlidir. Amma eyni zamanda bəzən cəmiyyətdə səsləndirilən fikirlərə əsaslanaraq o nəticəyə gəlmək olar ki, sanki İctimai Şura ictimai tənqid şurasıdır. Bu belə də deyil. İctimai Şuranın müvafiq qanunvericilik bazası əsasında missiyaları, qarşısında duran vəzifələri var. İctimai Şura məhz bu istiqamətlərdə öz işini qurmalıdır. Mən düşünmürəm ki, sırf tənqid, yaxud tərif üzərində fokuslanmaq və İctimai şuralara bu prizmadan yanaşmaq düz olar. Sizinlə o mənada razıyam ki, İctimai şuralar haqda cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Fikrimcə, bu da normaldır, çünki tənqidçilər, ekspertlər İctimai şuralardan olan gözləntiləri bir çox hallarda düz formalaşdırmırlar. Ona görə də bu gözləntilər real olmayanda,  əldə olunan nəticəyə də münasibət birmənalı olmur. Hesab etmirəm ki, İctimai Şura nazirlik yanında rupora və ya vəkillik fəaliyyətini reallaşdıra bilən quruma çevrilməlidir. Amma eyni zamanda müvafiq dövlət qurumlarında müsbət inkişafa, şəffaflığa, idarəetmənin effektivliyinə doğru mütərəqqi yanaşmalar var ki, İctimai Şura bunları da işıqlandırmalı, münasibət bildirməlidir. Maksimum şəkildə şuralar obyektivliyə çalışmalıdır. Eyni zamanda şuralarda təmsil olunan mütəxəssislərin, ekspertlərin, analitiklərin peşəkarlığı təmsil olunduğu sahə ilə nə qədər bağlı olmasından birmənalı şəkildə asılıdır. Hesab edirəm ki, burada universal, ümumi yanaşma ola bilməz. Bəzi şuralarda təmsil olunan nümayəndələr prizmaya ayrı, digərləri də başqacür yanaşa bilər. Mənə gəlir ki, burada hər şey insanın öz şəxsi keyfiyyətindən irəli gələn məsələdir.
 

- ƏƏSSM yanında İctimai Şura öz işini necə qurub? Fəaliyyətinizdə əsas prioritet istiqamətlər hansıdır?

Mən ilk dəfə 2021-ci ildə İctimai Şura seçkilərində iştirak etmişəm. Bu mənim sözügedən istiqamətdə ilk təcrübəm oldu. Mən başqa heç bir İctimai Şura seçkilərində iştirak etməmişəm. Düşünürəm ki, insanın öz ixtisasına uyğun 1, 2, maksimum 3 İctimai Şurada təmsil olunması onun fəaliyyətinə effekt verə bilər. Amma bir insan kifayət qədər hazırlıqlı olsa da, onun 5-6 İctimai Şuraya seçilməsi effektiv nəticəyə gətirib çıxarmayacaq. Mən ilk dəfə seçkidə iştirak edəndən sonra elə həmin tərkibdə olan şuranın sədri seçildim. 2023-cü ilin martında növbəti seçkilərdə yenidən sədr seçildim. Bu seçkilərdə şuramızın tərkibində kəmiyyət baxımından xeyli azalma oldu. 2021-2023-ci illər şurasında 15 nəfər təmsil olunurdu. 2023-cü ildə seçilən şurada isə 9 üzv fəaliyyət göstərir. Mənə elə gəlir ki, bu daha kompakt, çevik və effektiv fəaliyyət üçün əsas verir. Nəzərə almaq lazımdır ki, bu, şura üzvlərinin əsas yerləri deyil. Üzvlərin əsas iş yerləri var ki, onları oradan çox ayırmaq da mümkün deyil. 15 nəfəri bir yerə toplamaqda tez-tez problemlər olurdu.

Hazırkı şuramız kifayət qədər peşəkar mütəxəssislərdən ibarətdir. Şurada müharibə iştirakçılarının, qazilərin iştirakı təşkil olunur. Sevindirici haldır ki, müxtəlif sosial-iqtisadi spektr üzrə bloklar təbii şəkildə formalaşıb. Buraya hərbi blok da daxildir ki, 3 nəfər Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları təmsil edir. Onlar müharibə iştirakçılarının əlilliyi, ailələri ilə bağlı məsələlər barədə kifayət qədər məlumatlıdırlar. Onların məhz müharibə iştirakçılarının təmsil olunduğu təşkilatların problemləri ilə bağlı nazirliyə müraciət etmək imkanı var.

Şuramızda 2 nəfər iqtisadçı ekspert təmsil olunur ki, bu da bir bloku formalaşdırır. Eyni zamanda sırf əhalinin sosial müdafiəsi ilə bağlı sosial blok da formalaşıb. Paralimpiya Komitəsinin vitse-prezidenti də bizim şurada təmsil olunur. Bu da idmançılarla, paralimpiyaçılarla, fiziki imkanları məhdud olan idmançılarımızın sosial problemlərini işıqlandırmaq, nazirliyə çatdırmaq üçün dəstəkdir. Bir sözlə, İctimai Şuramız kifayət qədər geniş şəkildə spektrı əhatə edir. Bu, bizim işimizin təşkilinə kömək edir.
Bizim işin təşkilinə gəldikdə isə qanunvericiliyə əsasən, mütəmadi toplantılar, nazirlik rəhbərliyi ilə görüşlər keçiririk. Yeni tərkibdə İctimai Şuramızın şəxsən cənab nazirlə də 2 görüşü olub. Nazirlik tabeliyində olan bütün qurumların rəhbərlikləri ilə də mütəmadi görüşlərimiz olur. Bu görüşlər zamanı həmin qurumla bağlı yığılan bütün müraciətləri birbaşa rəhbərə çatdırırıq. Eyni zamanda biz burada əks reaksiyanı da götürük. Yəni həmin qurum tərəfindən hansı yeniliklər tətbiq olunacaqsa, biz onu da ictimaiyyətə çatdırırıq. Kommunikasiya nöqteyi- nəzərdən biz həmin qurumun rəhbəri ilə görüşü gözləmirik. Biz daim ictimaiyyətdə olan məsələləri nazirliyə çatdırmalıyıq. Ona görə də nazirlik tabeliyində olan hər bir qurumda bizimlə kommunikasiyaya cavabdeh olan həmsöhbətimiz var. Elə gün olmur ki, nazirlik sistemində olan hansısa qurumun nümayəndəsi ilə əlaqədə olmayım. Vurğulamaq istəyirəm ki, ƏƏSMN-i açıq bir qurum kimi təqdim etmək olar. Şəxsən kommunikasiyaların yaradılması ilə bağlı müvafiq lazımlı şərait formalaşıb.

 
- ƏƏSMN yanında İctimai Şura vətəndaşlarla necə əməkdaşlıq edir? Onların müraciətləri əsasən hansı sahə üzrə olur?
 

- Şura sədri olaraq telefon nömrəm də, sosial şəbəkələrdə olan hesablarım da, kommunikasiyalarım da hər zaman mənimlə əlaqə qurmağa tam şəkildə imkan verir. Mənimlə əlaqənin yaradılması ilə bağlı heç bir problem yoxdur. Mən dəfələrlə bu barədə ictimaiyyətə də, mediaya da açıqlamalar vermişəm. Mənə olan müraciətlərin sayı, strukturu, keyfiyyəti onu deməyə əsas verir ki, ictimaiyyətlə şuramız arasında kommunikasiya qurulması baxımından heç bir problem və məhdudiyyət yoxdur. Eyni zamanda, şuramızın üzvləri də hər zaman media və ictimaiyyətə açıqdır. Mən özüm gün ərzində ölkənin aparıcı media resurslarına açıqlamalar verirəm, analitik məaqalələrim çap edilir. O baxımdan hesab etmirəm ki, mənimlə əlaqə qurulmasında problem var.
O ki qaldı şuramızın digər üzvlərinə, onların hər biri öz sahələrində kifayət qədər tanınmış, peşəkar ekspertlərdir. Sizin platformadan istifadə edərək vurğulamaq istəyirəm ki, istənilən vətəndaşın sosial sahədə, sosial müdafiə sistemi, sosial təminatları ilə bağlı problemləri, əmək bazarında üzləşə biləcəyi çətinlikləri olarsa, ƏƏSMN yanında İctimai Şuraya açıq şəkildə müraciət etsin. Mən ona zəmanət verə bilərəm ki, bu müraciətlər reaksiyasız qalmayacaq.

 
- İctimai şuraların əsas problemlərindən biri də maliyyə məsələsidir. "İctimai İştirakçılıq haqqında"  Qanunda bununla bağlı maddə yer almadığı üçün şuralar müəyyən problemlər yaşayır. Siz bu barədə nə deyə bilərsiniz? ƏƏSMN yanında İctimai Şurada bununla bağlı vəziyyət necədir?
 

- Bu kifayət qədər çox verilən suallar arasındadır. Mən bir iqtisadçı olaraq deyə bilərəm ki, yaşadığımız bazar iqtisadiyyatında istənilən qurumun fəaliyyətinin təşkili üçün müvafiq maliyyə resursları lazımdır. Biz əhalinin həssas kateqoriyası ilə işləyirik. Problemi olan vətəndaşlar nəinki Bakının, ölkənin ən ucqar yerlərində də ola bilər. Onların müraciətlərinə reaksiya vermək baxımından ən azı müvafiq nəqliyyat vasitələri lazımdır. Bunün üçün təbii ki, maliyyə resursları olmalıdır. Etiraf etmək lazımdır, qanunvericiliyimizdə bununla bağlı boşluqlar var. Çünki heç bir real, konkret, effektiv mexanizm yoxdur ki, ona söykənərək bu işi təmin edə bilək. Nazirliklə bizim münasibətimiz ictimai əsaslar əsasında formalaşıb. Bizim hansısa işimizin görülməsi, vətəndaşların problemlərinin həll edilməsi üçün yanında olduğumuz nazirlikdən, yaxud hansısa özəl və ya dövlət qurumundan maliyyə istəməyimiz qanunla nəzərdə tutulmayıb. İctimai Şura üzvlərinin hansısa tədbirdə iştirakının təmin edilməsi ilə bağlı tələb qoymaq ixtiyarımız yoxdur. Ona görə də digər İctimai şuralar kimi biz də maliyyə resursları çatışmazlığını hiss edirik. Hətta mən deyərdim ki, bizim maliyyə resursu ehtiyacımız digər şuralardan daha çoxdur. Çünki bizim məşğul olduğumiz sahənin problemləri, əhatə dairəsi elədir ki, işimizin həcmi digər şuralardan çoxdur. Bu isə o deməkdir ki, maliyyə yükümüz də digər şuralardan daha çoxdur. Ona görə də bu problemlər var. Mən burada ekspertlərimizin, müvafiq dövlət qurumlarımızın, xüsusilə də parlamentimizin məsuliyyətini qeyd etmək istəyirəm. Parlamentimizin qanunvericilikdə bu istiqamətdə müvafiq dəyişiklik etməsinə ehtiyac var.

- Hansı vacib məsələlərlə bağlı sosioloji sorğu və ictimai dinləmələr keçirmisiniz?
 

- Bizim ictimai sektorla kommunikasiyalarımız mövcuddur. Ən son ictimai dinləməmiz 31 oktyabrda keçirildi. 13 ictimai sektor nümayəndəsinin iştirakı ilə dinləməmiz baş tutdu. Həmin şəxslər İctimai Şuraya daxil olmayan ictimai sektor rəhbərləri idi. Orada İctimai Şuramızın da 4 nümayəndəsi, ƏƏSMN-in 2 şöbə müdiri və 1 şöbə müdirinin müavini iştirak etdi. Bu tip ictimai dinləmələrin keçirilməsi məqsədəuyğundur. Sonuncu dinləməmizdə kifayət qədər aktiv diskussiyalar keçirildi və ictimaiyyətdə olan həssas məsələlər səsləndirildi. Biz belə bir razılıq əldə etmişik ki, ictimai sektor şura vasitəsilə öz iradlarını, təkliflərini və fikirlərini nazirliyə çatdırsın.
 
- Əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən həyata keçirilən çağırışçıların sağlamlıq yoxlanışları artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Bu mövzu ilə bağlı şuranıza hansısa şikayətlər daxil olubmu? Şuranız bu prosesdə iştirak edirmi?
 

- O qərar qüvvəyə mindikdən sonra İctimai Şura olaraq Nazirliyin tabeliyində fəaliyyət göstərən müvafiq agentliyin rəhbərliyi ilə görüşdük. Həmin görüşə qədər də bizə müraciətlər var idi, biz həmin müraciətləri müvafiq quruma çatdırdıq. Hesab edirəm ki, bu funksiyanın ƏƏSMN-nə verilməsi nazirliyin effektivlik göstəricisi ilə bağlıdır. Eyni zamanda onu vurğulayaq ki, bu məsələ cəmiyyətdə kifayət qədər həssasdır. Bu funksiyanın ƏƏSMN-nə verilməsinə baxmayaraq, digər qurumlarla koordinasiyalı iş görülməlidir. Hansısa vətəndaşımızın hərbi xidmət üçün yararlı olub-olmaması ilə bağlı rəy ƏƏSMN tərəfindən veriləcək. Amma etiraf edək ki, səhiyyə müəssisələri və SHXÇDX-in də bu prosesdə rolu qalır. Burada problemləri də, əldə olunan nəticələri də mütənasib şəkildə bölmək lazımdır. Yəni digər qurumda problem yaranarsa, bütün yükü yenə də bir nazirliyə yükləmək yanlışlıq olar. Mənə elə gəlir ki, bu sahədə problemlər hələ uzun müddət davam edəcək. Bunu bir günə həll etmək infrastruktur baxımından da mümkün deyil. Əlillik təyinatı ilə bağlı olan müsbət təcrübə, orada şəffaflığın təyin olunması bu istiqamətdə tam şəkildə şəffaflığa nail ola biləcəyimizi proqnozlaşdırmağa imkan verir. Qeyd etmək istəyirəm ki, çox az müddət keçib. Bütün problemlərin öz həllini tapmasına fikir bildirə bilmərəm. Amma müsbətə doğru addımları hiss edirəm, çünki ictimaiyyətlə bu müstəvidə təmasımız mütəmadidir. Bir çox hallarda maarifləndirici tədbirlərin reallaşdırılmasına ehtiyac var. Çünki vətəndaşlarımızın xeyli hissəsi hələ də bu qərarın praktiki nəticələrinə tam bələd deyil. Bir daha qeyd etmək istəyirəm, bir-birindən asılı olmayan müxtəlif dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində müvafiq qərar verilir. Mənə elə gəlir ki, burada qurumlararası koordinasiya, ictimaiyyətin geniş maarifləndirilməsi və ictimai nəzarətin keçirilməsinə ehtiyac var. Bizə ƏƏSMN tərəfindən nəzarət etmək imkanı yaradılıb, SHXÇDX və digər qurumlar tərəfindən də eyni addım atılmalıdır. Biz ƏƏSMN xaricində digər qurumlara nəzarəti həyata keçirmirik. Ona görə də orada həmin qurumların bu proseslərə nə dərəcədə hazırlıqlı olması barədə fikir söyləyə bilmərəm.
 
- Vətən müharibəsindən 4 il keçib. Nə üçün qazilərin problemlərini həll edə bilmirik?
 

- Bu məsələyə də bir qurumla bağlı problem kimi yanaşmaq düz olmaz. Burada qurumlararası koordinasiya olmalıdır. Ölkə başçısının qərarı ilə müvafiq institutlaşma gedib. Koordinasiya qurulmalıdır. ƏƏSMN-nin burada böyük məsuliyyəti var. Şikayətlərə gəldikdə isə müharibə dövründən keçmiş hər ölkədə bu məsələlərlə bağlı narazı olanlar, müvafiq qərarlardan şikayət edənlər olub. Bizim şuraya da nazirliyin verdiyi qərarla bağlı müraciətlər olub. Biz bu qərarları təkrarən nazirliyə göndəririk. Sonra nazirlikdən aldığımız cavabı da şikayətçiyə çatdırırıq. 75-80% şikayətçiyə konkret sübutlarla müvafiq qərarın verildiyini göstərəndə, bu, onu qane etmir. Əksəriyyət vətəndaş onu qane edən cavabı almadan qərarın obyektiv olmadığını düşünür. Bu şəxsin psixologiyasından irəli gələn məsələdir. Şəxs həmin vəsaiti alacağını, müəyyən istiqamətdə istifadə edəcəyini düşünür. Almayanda da narazılıq yaranması gözləniləndir. Bu, psixoloji cəhətdən onların özündən asılı məsələdir. Biz anlayırıq ki, hər kəsin maddi problemləri var, amma burada ikili standartlara yol verilə bilməz. Müharibə iştirakçısı yaralandıqdan sonra müalicə nəticəsində sağalıbsa və ona müvafiq əlillik statusu düşmürsə, mənə elə gəlir ki, burada qanunun aliliyi mütləq şəkildə təmin olunmalıdır. Əks halda, bu idarəolunmaz prosesə gətirib çıxara bilər. Ona görə də qanunun aliliyi təmin olunmalıdır, şikayətlərin olması təbiidir. Narazı olan insanların varlığı təbiidir. Şəffaflıq və qanunun aliliyi nazirlik tərəfindən təmin olunur.
 

- Pensiya yaşının azaldılması təklifilə bağlı nazirliyə müraciət etmisinizmi?
 

- Mən bu istiqamətdə iqtisadçı ekspert olaraq öz fikrimi bildirmək istəyirəm. Bəlkə də bu fikir bir çox media resurslarının nümayəndələrini razı salmayacaq. Amma mən hesab edirəm ki, biz elmi ictimaiyyətin nümayəndələri özümüzdə o cəsarəti tapmalıyıq ki, bu məsələlərə populist deyil, real, elmi cəhətdən yanaşaq. O cümlədən alimlərimizin, ekspertlərimizin, analitiklərimizin missiyasıdır ki, reallığı ictimaiyyətə çatdırmağa çalışaq. Burada pensiya yaşının azaldılması ilə bağlı məsələ üzərində heç bir halda siyasi spekulyasiyalara getməməliyik. Bunu xüsusilə müvafiq qurumların, o cümlədən parlamentin nümayəndələrinə üzümü tutaraq deyirəm. Mən əhalinin geniş şəkildə, o cümlədən təqaüdçülərimizin və yaşlı nəslimizin sosial dəstəyinin genişləndirilməsinə birmənalı tərəfdaram. Hesab edirəm ki, bu, ilk növbədə əməkhaqqı fondunun genişlənməsi, məşğulluq siyasətinin effektivliyi hesabına olmalıdır. Müəyyən yaşı keçəndən sonra insanlar əmək bazarında problemlərlə üz-üzə qalmamalıdırlar. Əgər onların fiziki sağlamlığı imkan verirsə, fəaliyyətlərinə davam edə bilməlidirlər. Mən ali məktəblərdə çalışıram, inanın ki, 70-75 yaşlarında elə müəllimlərimiz var ki, onlar dərs keçmək qabiliyyəti, işə münasibət baxımından bir çox gənclərdən daha aktivdirlər. Onların əmək qabiliyyəti də əmək bazarında fəaliyyətlərini davam etdirməyə tam şəkildə imkan verir. Bizim onları passiv mövqeyə, yalnız pensiyaçı kimi dövlət tərəfindən hansısa müavinət almağa istiqamətləndirməyimiz həmin vətəndaşların fiziki və psixoloji durumuna mənfi təsir göstərə bilər. Biz çalışmalıyıq ki, vətəndaşlarımız daha çox məşğulluqla təmin olunsunlar. Aktiv məşğulluq siyasəti həyata keçirilməlidir.

Mən onun tərəfdarıyam ki, bizim yaşlı nəslimiz daha çox məşğulluq prosesində, əmək bazarında olsun. Sözsüz ki, bu, iqtisadiyyatın strukturu ilə bağlıdır. Bir çox hallarda media nümayəndələri, ekspertlər, hətta parlamentin bəzi üzvləri də pensiya yaşının azaldılması haqda fikirlər səsləndirilər. Biz çalışaq ki, yaşlı nəsil üçün daha çox iş yerləri olsun. Bu, onların sosial müdafiəsi baxımından pensiya təminatından dəfələrlə üstündür. Çünki onların işləməsi pensiya kapitalının yığılması üçün imkanlar yaradır. Məsələyə bu cür yanaşmaq əvəzinə, bəzən özünü ekspert adlandıranlar iqtisadi əsası olmayan, reytinqə hesablanmış çıxışlar edir. Bizim missiyamız ondan ibarətdir ki, reallığı ictimaiyyətə çatdıraq. Əməkhaqları birmənalı şəkildə artırılmalıdır, bu gün buna böyük ehtiyac var. İşlə təminat, məşğulluq baxımından bir çox işlər hələ də görülməlidir.

Pensiya yaşının azaldılması, uşaqpulunun verilməsi kimi məsələlər səthi görünsə də, onların həlli daha dərin, strukturlaşmış və elmi cəhətdən əsaslandırılmış olmalıdır. İnfilyasiya elə hal alıb ki, insanları hansısa ödənişlərə fokuslandırıb əmək bazarından kənara çəksəniz, yenə də bir müddət sonra onların sosial müdafiələri ilə bağlı iddiaları, fikirləri, şikayətləri olacaq. Ona görə də bunun ardınca qaçmaq deyil, qabaqlayaraq iqtisadiyyatın strukturunu elə formalaşdırmaq lazımdır ki, əməkhaqqı fondu artsın və insanların sosial müdafiəsi ilk növbədə bunun hesabına təmin olunsun.
 

- Azərbaycanda çoxuşaqlı ailə dedikdə 6 uşağı olan ailələr nəzərdə tutulur. Son illər ölkəmizdə çox uşaq saxlayan ailələrə az rast gəlinir. Bu sayın azaldılması ilə bağlı təklifiniz olubmu?
 

- Hesab edirəm ki, ölkəmizdə bununla bağlı vəziyyət qənaətbəxş sayıla bilər. Əgər biz çoxuşaqlı ailələrə müavinətlərin verilməsi üzərində fokuslansaq, heç kim müavinətlərin azalmasını istəməyəcək. Biz hamımız  əhalinin sosial müdafiəsinin daha çox təmin olunması üzərində çalışmalıyıq. Bunun üçün də ölkə iqtisadiyyatına investisiyaları çoxaltmalıyıq, iqtisadiyyatın çoxşaxəli istiqamətini təmin etməliyik, yüksək texnoloji tutumlu sahələri inkişaf etdirməliyik ki, vətəndaşlarımız, o cümlədən çoxuşaqlı ailələr işlə təmin olunaraq öz sosial müdafiələrini təmin edə bilsinlər. Desək ki, bu kateqoriyaya artıq 4 uşağı olanları da aid etmək olar, amma verilən müavinətlər həmin ailələrin sosial xərclərinin qarşısını ala bilirmi? Hətta o müavinətlərin 30, 40, 50% artırılması problemi həll edəcəkmi? Ona görə də mən aktiv məşğulluq siyasətinin tərəfdarıyam. Bunun üçünsə biz dövlət investisiyalarını artırmaqla yanaşı, elə şərait yaratmalıyıq ki, özəl investisiya institutu lazımi səviyyədə işə düşsün. Bank kreditləri investisiyaların artımına xidmət etməli, iqtisadiyyatda şaxələndirmə olmalıdır. Əgər iqtisadiyyat bir istiqamətdən çox asılıdırsa, əmək bazarında tarazlığı təmin edə bilməzsiniz. Müavinətlər, güzəştli kateqoriyaların sayı artırılsa da, bu problemlər daha da zəncirvari şəkildə davam edəcək. Çünki o zaman insanlarda fikir formalaşacaq ki, hansısa kateqoriyalara düşüb dövlətdən müavinət alsınlar. Amma biz əks istiqamətdə hərəkət etməliyik ki, insanlarımız əmək bazarına inteqrasiya olunsunlar. Burada bir sual yarana bilər ki, bizim kompetensiyamız var, amma əmək bazarında iş yoxdur. Mən bu iradı qəbul edirəm. Mən dəfələrlə demişəm, yüksək peşəkarlıq bacarığına malik olan insan üçün həmişə iş var. Amma hər kəsin kompetensiyası yüksək səviyyədə deyil. Peşəkarlığı aşağı olan insanların iş tapması üçün problemlər var, bunu etiraf edirəm. Amma onların əmək bazarına cəlb olunması, təhsillə bağlı kompetensiyalarının yüksəldilməsi sosial sahə ilə bağlı məsələ deyil. Bu, iqtisadiyyatın strukturuna, təhsil müəssisələrimizin sisteminə daxildir. Bu problemi sistemli şəkildə həll etmək lazımdır. Daha çox iş yerləri açılmalı, bunun üçün iqtisadiyyatın strukturu dəyişməlidir.  Bunun üçün də təhsil müəssisələrimiz öz mənfəətlərinə fokuslanan deyil, ölkənin uzunmüddətli,  dayanıqlı sosial inkişafına yönəlik siyasət aparmalıdır. Əmək bazarı bir tərəfdən sosial müdafiə sistemi, digər tərəfdən təhsil sistemi, eyni zamanda milli iqtisadiyyatın strukturu və dövlət qurumlarının koordinasiya edilmiş fəaliyyətidir. Biz buna nail olmalıyıq.

- ƏƏSMN yanında İctimai Şura sosial-həssas qrupa daxil olan tələbələrin problemlərinin həlli istiqamətində hansı işlər görür?
 

- Bizə bu məsələ ilə bağlı da müraciətlər olur. Mən özüm bir çox universitetlərdə müxtəlif formatda təmsil olunuram. Sizin qeyd etdiyiniz tələbə kontingenti ilə daim əlaqədəyəm. Onların əksəriyyəti də mənim hansı qurum yanında İctimai Şurada təmsil olunmağımı bilir. Yeri gəlmişkən deyim ki, son illər tələbələrin aldığı təqaüdlərlə bağlı çox işlər görüldüyünü deyə bilərik. Hesab edirəm ki, burada böyük artımlara ehtiyac var. Tələbələrin sosial müdafiəsi yalnız stipendiyalar deyil. Onların təhsilini davam etdirməsi, əmək bazarında daha tez iştirak etməsi üçün işlər görülməlidir. İnsan 18 yaşına çatıbsa, tələbə olsa belə əmək bazarında tam şəkildə öz yerini tapmalıdır. Tələbə dərsdənkənar vaxtda öz bacarıqlarını praktiki olaraq tətbiq etməyi öyrənməlidir. Bu o demək deyil ki, bütün tələbələr işləyib özlərini dolandırsın, burada dövlətin müvafiq dəstəyi olmalıdır. Amma onların özlərinin peşə kompetensiyalarının formalaşması üçün bu lazımdır. İqtisadiyyat çox mürəkkəbdir, bir çox hallarda onların nəzəri bilikləri əmək bazarında özlərini tapmasına yetərli olmur. Ona görə də daha tez əmək bazarında olması çağırışdır. Biz tələbələrimizin vaxtında əmək bazarına inteqrasiya edilməsinə doğru müvafiq addımlar atmalıyıq. Tələbələr tərəfindən müraciətlər çox olur. O yaşda insanların əmək bazarında olmasına həvəsləri varsa, bunu alqışlamalıyıq. Mən nazirlik və aidiyyəti qurumlarla bu məsələyə dair mütəmadi təmasdayam. Çalışıram ki, tələbələrimizin işlə təmin olunmasında aktiv iştirak edim.
 
- Jurnalistlərin İctimai Şura ilə əməkdaşlığını necə qiymətləndirirsiniz?
 

- Mən medianın İctimai Şuraya, şəxsən mənə münasibəti baxımından çox razıyam. Demək olar ki, hər gün 4-5 media nümayəndəsilə təmasda oluram. Ümumiyyətlə, İctimai Şuraya münasibət baxımından bizim mediaya hansısa sualımız yoxdur. Biz media ilə kifayət qədər effektiv platforma qurmuşuq. Etiraf etmək lazımdır ki, sosial sahədə effektiv münasibətlərimizin formalaşması, o cümlədən ƏƏSMN-də kommunikasiyalarə cavabdeh olan qurumlarla sağlam münasibətimizə də söykənir. Onların da bu istiqamətdə bizə böyük dəstəyi var. Müvafiq məlumatları yalnız nazirlikdən öyrənə bilərik. Həmin məlumatları əldə etməsək, media ilə əməkdaşlığımız çətin olardı. Bütövlükdə hesab edirəm ki, medianın özünün aktivliyi elə ictimai nəzarətin bir mexanizmidir. Mən cox istəyərdim ki, media resurslarında daha çox peşəkar, işinə məsuliyyətlə yanaşan nümayəndələr olsun. Çünki bu son nəticədə ictimai nəzarətə böyük bir dəstəkdir.
Ən sonda bildirmək istəyirəm ki, istər media, istər ictimai sektor nümayəndəsi, istərsə də dövlət məmuru olsun, ümumilikdə vətəndaş vicdanlı olmalıdır. Çünki kompetensiyaları artırmaq olar, amma qeyd etdiyim olmadıqda istənilən peşəkar öz fəaliyyətini mənfi istiqamətə yönəldə bilər. Ona görə də çox istəyərəm ki, bizim ictimai sektorumuzun, mediamızın, dövlət qurumlarımızın daxilində daha çox ölkəsinə, vətəninə, xalqına bağlı olan vicdanlı həmvətənlərimiz olsun. Bu, ölkəmizin bütün istiqamətlər üzrə imkanlarını genişləndirəcək

Seçilən
60
5
demokrat.az

10Mənbələr