İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 10 gün aralıqla təxminən iki eyni məzmunlu tender keçirərək, onların ikisini də eyni şirkətə verib.
Mia.az-ın məlumatına görə, Tribunainfo.az xəbər verir ki, söhbət “360 dərəcə marketinq – Media yerləşdirilməsi xidmətlərinin satın alınması” və “Tədbirlərin təşkili xidmətlərinin satın alınması” tenderlərindənm gedir.
Qeyd edək ki, hər iki tenderin qalibi “ELVİ.M.M. SERVİCES GROUP” MMC olub. Birinci tender üzrə MMC ilə 1.844.192,5 manatlıq müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən sözügedən şirkət ATV, Xəzər, İTV, ARB, Space, AZTV kimi televiziya kanallarında rəqəmsal hökumət fəaliyyəti çərçivəsində məlumatların yerləşdirilməsini həyata keçirməlidir.
Mia.az-ın məlumatına görə, Tribunainfo.az açıq mənbələrdən müəyyən edib ki, “Elvi.M.M. Services Group” MMC “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC və “İS.M.M.” eyni adamlara məxsusdur. Belə ki, “RASH.M.M.TRADE AND SERVICES-2020” (VÖEN 1303449481) MMC 26.11.2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 406 939.00 manat olan şirkətin hüquqi ünvanı BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, NİZAMİ, ev 115-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.
Xudiyev Nadir Bilman oğlu həm də “İS.M.M.” (VÖEN 1400006201) Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İS.M.M.” MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir.
MMC-nin ilk qanuni təmsilçisi Xudiyeva Mürvət Xıdır qızı olub. Onu Sadıqov Ceyhun İsmayıl oğlu əvəzləyib. Ceyhun Sadıqov 2023-cü ilə qədər “İS.M.M.” “MMC-ni təmsil edib.
“RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-nin digər qanuni təmsilçisi olmuş İsgəndərov Coşqun Fəxrəddin oğlu isə “ELVİ.M.M. SERVİCES GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.
Bu MMC-nin ilk qanuni təmsilçisi və yaxud təisçisi Həsənov Ülvi Dilqəm oğlu Yevlax rayonunda anadan olub. 2003-cü ildə Qafqaz Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə; Biznesin təşkili və idarəedilməsi fakültələrini bitiribr. Sərbəst auditor kimi fəaliyyətə başlamışdır. “Financial Academy Audit and Consulting” MMC-nin direktor-auditoru kimi fəaliyyətini davam etdirir.