AZ

Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar

Bakı, TurkicWorld

Azərbaycan Dəmiryol Muzeyində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyət göstərmiş COP29 və ADY könüllüləri ilə görüş keçirilib.

TurkicWorld bu barədə ADY-yə istinadən xəbər verir.

ADY rəhbərliyinin iştirak etdiyi görüşdə ölkəmizin dünya əhəmiyyətli daha bir tədbirə uğurla ev sahibliyi etdiyi və bu prosesdə könüllülərin böyük əməyi olduğu diqqətə çatdırılıb.

Könüllülərin planetimizin gələcəyi naminə qlobal dialoqu dəstəkləmək məqsədilə fədakarcasına çalışaraq hər kəsi ruhlandırdığı, COP29-u hər kəs üçün əlçatan etdiyi vurğulanıb.

Qeyd olunub ki, COP29 və ADY könüllüləri 11-23 noyabr tarixlərində Abşeron dairəvi marşrutu üzrə stansiya və dayanacaqlarda akkreditasiyalı şəxslərin rahat keçidinə kömək etməklə, onları qatarların hərəkət cədvəli ilə tanış etmək və istiqamətləndirməklə tədbirin uğurla keçməsinə töhfə veriblər.

Bildirilib ki, COP29 günlərində qatarlarla ümumilikdə 10 mindən çox akkreditasiyalı sərnişin daşınıb. "Koroğlu" sərnişinlərin ən çox istifadə etdiyi dayanacaq olub. Tədbirin keçirildiyi Azərbaycan Dəmiryol Muzeyi də bu dövrdə fəaliyyətini gücləndirib. COP29 tədbirlərində iştirak etmək üçün Bakıya gələn Çin, Almaniya, İsveçrə, Böyük Britaniya, Braziliya, İrlandiya kimi ölkələrin vətəndaşları muzeyi ziyarət ediblər.

Sonda ADY adından könüllülərə xatirə hədiyyələri və təşəkkürnamə təqdim edilib.

Seçilən
2
16
turkic.world

10Mənbələr