AZ

Türkiyə üçün əsas maneə aradan qalxıb – Ermənistanla sərhədlər açıla bilər? 

Uzun müddətdir, müzakirə olunan məsələlər içərisində Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mövzusu da var. Bir müddət öncə Türkiyənin Ermənistanın Axurik kəndi ilə həmsərhəd olan Akyaka kəndində iki ölkənin xarici işlər nazirləri müavinlərinin gizli görüşünün olduğu ilə bağlı məlumatlar dərc olundu. İddia edilib ki, bir neçə saat davam edən görüşdə Gümrü-Qars dəmir yolunun açılması məsələsi müzakirə olunub.

Xatırladaq ki, Türkiyə Ermənistanla sərhədlərin açılmasının Ermənistan-Azərbaycan sülh prosesindən asılı olduğunu bəyan edib. Belə ki, iki ölkə arasında münasibətlər 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra dayandırılıb. Bu gün Kəlbəcərin işğaldan azad edilməsindən 4 öl ötür. Ankara ilə İrəvan arasında münasibətlərin kəsildiyinə səbəb olan amil aradan qalxıb.

Türkiyə bu məqamı əsas götürüb, Ermənistanla sərhədləri açmaq istəyə bilərmi?

İki ölkə arasında sərhədlərin açılması, siyasi, diplomatik və iqtisadi əlaqələrin bərpası istiqamətində gedən danışıqlar hansı mərhələdədir?

Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mümkündür:

“Əvvəlcə bu sərhədlərin niyə bağlandığına nəzər salaq. Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlanmasında Bakı-İrəvan məsələsi əsas rol oynadı. Birinci Qarabağ müharibəsi dövründə Kəlbəcərin 1993-cü ildə işğal edilməsi sərhədlərin bağlanmasına gətirib çıxartmışdı. Təkcə bu fakt deyildi. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi həlledici rol oynasa da rəsmi İrəvanın Türkiyəyə qarşı ərazi iddiaları, soyqırım məsələsinin də prosesə təsiri var.

30 ildən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad edə bildi. Türkiyə üçün əsas maneələrdən biri bununla aradan qaldırıldı. Lakin torpaqlarımızın işğaldan azad edilməsi Türkiyə-Ermənistan münasibətlərinin tam şəkildə normallaşması anlamına gəlmir. Bakı və İrəvan arasında yekun sülh müqaviləsi imzalanmayıb, bunun üçün əsas haqlı tələblərimiz yerinə yetirilməyib. Digər tərəfdən delimitasiya və demarkasiya prosesi də tam formada başa çatmayıb”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan konstitusiyasında Azərbaycanla yanaşı Türkiyə qarşı da ərazi iddiaları qalır:

“Sözügedən problemlər həyata keçmədən iki ölkə arasında sərhədlərin açılması mümkün deyil. Bakı və Ankara sərhədlər məsələsini birlikdə tənzimləməlidirlər. Çünki Ermənistan həm Azərbaycana, həm də Türkiyəyə problem yaradır. Türkiyə də Ermənistanla sərhədlərin açılmasında maraqlıdır. Sərhədlərin açılması, siyasi, diplomatik və iqtisadi əlaqələrini bərpası istiqamətində mühüm töhfələr verəcək”.


Seçilən
15
referans.az

1Mənbələr