Gəncə şəhərində xuliqanlıq əməli törətmiş şəxs həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Gəncə Şəhər Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli hökmü ilə şəhərin N. Nərimanov küçəsində bıçaqla xuliqanlq əməli törətmiş 1968-ci il təvəllüdlü Samir İlyasova (soyadlar şərtidir) 2 il 6 ay həbs cəzası təyin edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.
Araşdırmalar zamanı məlum olub ki, Samir N. Nərimanov küçəsindəki binada yaşayıb. O, binanın qarşısında meyvə-tərəvəz satışı ilə məşğul olan Nazim adlı şəxslə ədavət aparıb. Hadisə baş verən gün Samir Nazimin onun evinə məxsus su çəninə xlor maddəsi tökərək onu zəhərləyərək öldürmək istədiyini deyib.
Bundan sonra Samir əsəbi halda küçəyə çıxaraq “Bu gün qan içəcəm, Nazimin qanını içəcəm”, deyərək qışqırıb. O, bıçaqla satıcıya hücum edərək onu dirsək nahiyəsindən bıçaqlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya digər əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə iş açılıb. Nazim bildirib ki, Samirin çəninə heç nə tökməyib. Samir isə ifadəsində bildirib ki, hamamda əl-üzünü yuyarkən gözü yaşarıb və suya xlor qatıldığını hiss edib.