Bakıda 8 milyon manatdan çox mənimsəmədə ittiham olunaraq həbsə alınan Mehmet Şahanın cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Mehmet Şahanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Musavat.com xəbər verir ki, müttəhimin vəkilləri ittihamın məhkəmə dövründə təsdiqini tapmadığını əsas gətirməklə Mehmet Şahan barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Məhkəmədəki son sözündə Mehmet Şahan da barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
M. Şahan vaxtilə fransız firması olan “Thales International” şirkətinin Azərbaycandakı nümayəndəliyinin (bilməyənlər üçün gəlirləri və iş həcmi baxımından Azərbaycanın İnvestisiya Holdinqindən belə böyük olan) müdiri olub. Şahan yüksək səviyyədə fransız dilində danışa bildiyinə görə, həmçinin fransız şirkətləri ilə olan gərginlik zamanında türk insanına ciddi ehtiyac olduğu üçün bu vəzifəyə təyin edilib. İllərlə vəzifəsinin öhdəsindən gəldiyi üçün bir xəbərdarlığı, töhməti də olmayıb.
Azərbaycan rəhbərliyinə ünvanladığı müraciətində bu barədə bunları yazmışdı:
“Mən Mehmet Şahan Fransada yaşayıb, yüksək səviyyədə fransız dilində danışa bildiyimə görə fransız şirkətlərinin Azərbaycandakı ofislərində ölkə müdiri vəzifəsində işləmişəm. Son iş yerim olan “Thales International” şirkətinin Azərbaycandakı Nümayəndəliyinin ofisində 2014-cü ildə başlayan ölkə müdirliyi vəzifəm 2021-ci ilin aprel ayında sona çatıb. Hava limanı, metro və müdafiə sənayəsi sahələrində bir çox layihə üçün 4-5 işçisi olan rəhbərliyini etdiyim bu ofis sağlam münasibətlər qurub, tender prosedurları həyata keçirib və layihələr alıb. Layihə müqavilələri isə tendərə daxil olan idarə ilə “Thales”in Fransadakı Mərkəzi arasında bağlanıb. “Thales” işləri görərkən yerli tərəfdaş kimi “Modern Construction Company” (MCG) ilə müqavilə bağlayıb və uzun illər partnyor kimi birgə fəaliyyət göstəriblər”.
Elə Mehmet Şahanı həbsə aparan yolda da bu iki şirkət birlikdə hərəkət ediblər. Belə ki, Makron hakimiyyətə gəldikdən sonra “Thales International” şirkətində də rəhbər vəzifə tutan şəxslər dəyişib. İllərdən bəri şirkətin idarəçiliyini edən yəhudi əsilli Fransa vətəndaşlarının yerinə Makrona yaxın ermənilərin gəlməsindən və ən əsası Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın 20 illik ən yaxın dostu Pierre Mathieu şirkətdə rəhbər vəzifəyə təyin olunduqdan sonra şirkətin Azərbaycan siyasəti 180 dərəcə dəyişib. Elə Mehmet Şahanın da qara günləri bundan sonra başlayıb.
Özü prosesi belə izah edir:
“2018-ci ildə Fransada Makron prezident olduqdan sonra vəzifəyə gələn “Thales”in yeni rəhbərliyi Azərbaycan ilə münasibətləri kəsmək barədə qərar qəbul edib. Onlar Bakıdakı ofisin bağlanmasına qədər davam edəcək proseslərə başladılar və mən də onların hədəfində idim. 2021-ci ilin aprelində “Thales” tərəfindən işdən çıxarıldım. İşimə xitam verilməsi barədə məlumat verdilər və kiçik xərclərimi bəhanə gətirərək, kompensasiyamın verilməyəcəyini bildirdilər. İşdən çıxarıldığımda bu haqsızlığı qəbul edə bilmədim və münasibətimi illərlə dostum hesab etdiyim MCG sahiblərinə bildirdim. MCG-nin sahibləri adlandırdığım Oyrat Tağıyev və Emin Əliyev adlı milliyyəti azərbaycanlı, ancaq Lüksemburqda yaşayan şəxslərdir. “Thales”i məhkəməyə verəcəyimi, bunların Ermənistanın dostu olduğuna görə məni qovduqlarını dedim. Emin Əliyev isə “Thales”in yeni rəhbərliyi ilə yaxın münasibət qurmaq üçün mənim haqqımda şişirdilmiş dezinformasiyalar yaydı”.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, “THALES İNTERNATİONAL WESTERN COUNTRİES B.V.” transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.
Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə Şahan Mehmet Mehmetali oğluna Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məhkəmə prosesi dekabrın 3-nə qədər təxirə salınıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com