2025-ci ilin büdcə layihəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsi üçün cari illə müqayisədə 17,8 faiz çox vəsait proqnozlaşdırılır.
Musavat.com-un məlumatına görə, bunu Milli Məclisin komitə sədri Azər Əmiraslanov deyib. Bildirib ki, Azərbaycan regionda sülh və sabitliyin qorunması missiyasını yerinə yetirir: “Bu xərclərin artımı sərhədlərimizdən kənarda bəzilərini narahat edir. Onların əsassız fikirləri ilə bağlı bəzi məqamları qeyd edim. Müdafiə xərclərinin artırılması militarist siyasət həyata keçirmək anlamına gəlmir. Hərbi xərclərin artırılması digər sahələr üzrə xərc artımı fonunda baş verir. Ölkəmizin büdcə xərclərində ən yüksək pay heç də müdafiə xərclərinə aid deyil.
Büdcənin hərbiləşdirilməsi meylləri məlum ölkə üçün xarakterikdir. İşsizlik səviyyəsi 12 %-ə çatan, 15 ildən çoxdur ki, kəskin demoqrafik böhran yaşayan Ermənistanda hərbi xərclərin təkcə 1 il ərzində 70 %, yəni kəskin artırılması militarist büdcənin bariz nümunəsidir”.
E.Paşasoy,
Musavat.com