AZ

Şanlı tarixin QƏLƏBƏSİ 

"Dörd il əvvəl sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi böyük igidlik nümunəsi sayəsində erməni hərbi qüvvələri torpaqlarımızı tərk edərək geri çəkildilər. Otuz ilə yaxın işğal atında olan torpaqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə düşməndən təmizlənərək əzəli sahibinə qaytarıldı. Haqq savaşına qalxan Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa, Ağdam rayonundan beş gün sonra noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Beləliklə, daha bir rayon – Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi"
 
 Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin Kəlbəcər rayonundan olan keçmiş deputatı Aqil Məmmədov deyib. O, bildirdi ki, ümummilli Lider 1996-cı ildə kəlbəcərlilərlə görüşündə bildirmişdi ki, vaxt gələcək, Kəlbəcər işğaldan azad olunacaq və kəlbəcərlilər öz doğma evlərinə qayıdacaqlar. Biz indi bu reallığın şahidiyik.
 
Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz ermənilərin 30 ildən artıq işğal altında saxladığı əraziləri azad etdi. 2020-ci ildə biz qazandığımız Zəfərimizlə ərazi bütövlüyümüzü bərpa etdik. Kəlbəcər də, Şuşa da daxil olmaqla, Qarabağımızı geri qaytardıq.
 
A.Məmmədov qeyd edib ki, 1993-cü il aprelin 2-də ermənilər tərəfindən işğala məruz qalan Kəlbəcər də 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə öz azadlığına qovuşdu. Azərbaycanın ən yüksək dağ rayonu olan, gözəl təbiəti və faydalı qazıntılarla zəngin olan doğma Kəlbəcər düşmənin kapitulyasiyasından sonra 2020-ci il noyabrın 25-də işğaldan azad edilib. Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində Kəlbəcər də daxil olmaqla, 3 rayonumuz bir güllə atılmadan boşaldıldı. Digər rayonlarımız kimi, Kəlbəcərin də işğal səbəbləri hər birimizə gün kimi aydındır. Ərazilərimizin işğalı həmin dövrdə ölkədə mövcud olan özbaşınalıq və xaosun, AXC-Müsavat hakimiyyətinin xəyanətinin nəticəsi idi. Bu xəyanətin, özbaşınalığın əziyyətini isə öz yurd-yuvasında qovulmuş günahsız insanlar çəkdi. Vəzifə, stol hərisi olan bir ovuc şəxslərin ucbatından insanlarımız min bir zülm, əziyyət çəkdilər. Ən əsası, Kəlbəcər, Laçın və digər strateji ərazilərimiz düşmənin nəzarətinə keçdi.
 
Kəlbəcərin işğal günlərindən danışan deputat qeyd edib ki, rayon əhalisi 1988-1993-cü illərdə tamamilə mühasirə şəraitində yaşayıb: "Kəlbəcərin bütün əlaqələri kəsilmişdi, yol, işıq yox idi. Ümidimizi təkcə Laçın yoluna bağlamışdıq. Ağdərə istiqamətindən ermənilərin mütəmadi təzyiqlərinə və hücumların məruz qalırdıq. Bunun sübutu olaraq təkcə Ağdaban faciəsini xatırlatmaq kifayətdir.
 
Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən rayonun sonrakı işğalına şərait yaratmaq məqsədilə Ağdaban kəndində törədilmiş soyqırımı hadisəsi erməni vəhşiliyinin sərhəd tanımadığını göstərir. Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində 130 evdən ibarət kənd tamamilə yandırıldı. Kəndin 779 nəfər dinc sakininə müxtəlif işgəncələr verildi, 67 nəfər isə amansızlıqla qətlə yetirildi".
 
Ermənistanın öz çirkin əməllərini 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra da davam etdirdiyini deyən A.Məmmədov bildirib ki, ermənilər Kəlbəcərin işğalı zamanı oranı tar-mar edib, rayonun əmlakını talayaraq Ermənistana daşıyıblar. Ermənilər məcbur qalıb Kəlbəcəri tərk edəndə də öz məkrli, alçaq xislətini ortaya qoyaraq yaşadıqları evləri yandırdılar, meşələri qırıb odununu daşıdılar.
 
O vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunması, 44 günlük Vətən müharibəsində böyük Qələbəmiz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin, dövlətimizin başçısının səmərəli və gərgin fəaliyyətinin bəhrəsidir. Azərbaycanın beynəlxalq müstəvidə böyük nüfuzu, güclü ordu quruculuğu, xalq-iqtidar birliyi Qələbəmizi şərtləndirən amillərdir. Kəlbəcərlilər həmişə ümidlə yaşayıblar, bir gün torpaqlarının azad olunacağına və öz doğma evlərinə qayıdacaqlarına inanıblar.
 
“Təsadüfi deyil ki, Kəlbəcəri Azərbaycanın “qərb qapısı” adlandırırlar. Turizmin inkişafı üçün Kəlbəcərin gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları ölkəmizin iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Dövlətimizin gücü və qüdrəti sayəsində işğaldan azad edilən bölgələrin, o cümlədən Kəlbəcərin də bərpası, yenidən qurulması və gələcək inkişafı istiqamətində əsaslı işlər görülür, infrastruktur yenidən qurulur. Ağalıda, Talış kəndində olduğu kimi tezliklə Kəlbəcər də sakinlərinə qucaq açacaq”, - deyə Aqil Məmmədov bildirib.
Seçilən
34
moderator.az

1Mənbələr