AZ

Zahid Oruc: Sərhədlərin açılması 100 minlərlə qaçqınların ölkəmizə axını ilə nəticələnəcək

“2025-ci ilin dövlət büdcəsi layihəsi prezident İlham Əliyevin iki ali məqsədini görməyə imkan verir:
birincisi, ölkə rəhbəri qələbədən sonra Azərbaycanın artan beynəlxalq nüfuzunu tarixmizdə ilk dəfə dünyanın bölüşdürülməsində obyekt kimi deyil, subyekt kimi iştiraka yönəldir, ikincisi, müstəqillik dövründə hərbi büdcəni ən yüksək həddə - 8.3 milyard manata çatdırmaqla Ermənistandan çox, başqa təhlükələrin qarşısını alır”.

Paralel.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə büdcə müzakirəsi zamanı deyib.

Komitə sədri əlavə edib ki, Qlobal İqlim Zirvəsi planetar miqyasda qələbəmizin davamı, növbəti diplomatik-siyasi uğur, "Yaşıl Azərbaycan" quruculuğuna əvəzsiz töhfə oldu. 

O əlavə edib ki, geosiyəsətin əlifbasına görə, sərhəddinə 500 km-lik yaxınlıqda müharibə gedirsə, tarazlı büdcə siyasəti üçün bütün riskləri hesablamalısan. “Layihədə yalnız neftin qiymət konyunkturasına uyğun 3 ssenariyə baxılıb. Lakin ən azı iki regional savaşın radiusu böyüyür və dövriyyəyə kütləvi qırğın silahları daxil olur. Büdcəsi 1.4 trilyon dollar olan NATO-ya üzv ölkələrdə hərbi təlimlərin intensivliyi 3 dəfə artıb, son bir ildə dünyada toplam hərbi xərclər 7 faiz artaraq, 2.4 trilyon dollara çatıb. Əlbəttə, şişirdilmiş ehtiyatlılıq və əsassız bədbinliyin də əleyhinəyik. Militarist iqtisadiyyat, hərbi relslərə daşınmağı da təklif etmirik. Onsuz da müasir dövrdə təhlükəsizlik yalnız hərbi vasitələrlə təmin olunmur. Yerləşdiyimiz regionda baş verən müharibələrin yeni mərhələyə - strateji çökdürmə və orta-uzaqmənzilli raketlər erasına qədəm qoyması, konfliktlərin coğrafiyasının genişlənməsi, ölkəmizin büdcə planlaşdırılmasında yeni rejimə - dövlətin xalq qarşısında birinci dərəcəli öhdəliklərin yerinə yetirilməsi siyasətinə keçməyi zəruri edir. Sosial xərclər, enerji infrastrukturunun fasiləsiz çalışması, ordunun təminatının artırılması, Böyük qayıdış kursunu saxlamaq şərtilə bir çox ikinci dərəcəli xərcləri, bəzi investisiya layihələrini təxirə salmaq olar. Xəzərin üzərindən 100 km-lərlə məsafədə hədəflər vurulursa, ənənəvi ticarət tərəfdaşları bloklara cəlb olunursa, ölkəmizin hərbi-siyasi neytrallığını qoruyub saxlaması asan olmayacaq”, - o qeyd edib.

Deputat əlavə edib ki, sanksiyalardan yan keçməklə ölkəmizin beynəlxalq əlaqalərinin müntəzəm çalışması liderimizin siyasi məharətinin nəticəsidir: “Lakin prezidentin bir çıxışında deyilir ki, biz seçim məcburiyyətində qala bilərik.

Əhalimizlə açıq danışmalıyıq ki, sərhədlərin açılması, Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər”.

Mürtəza
Paralel.az

Seçilən
7
2
paralel.az

3Mənbələr