AZ

Azərbaycan və Latviya genişmiqyaslı iqtisadi əməkdaşlıqda maraqlıdır -Edqars Skuya

Azərbaycan Latviyanın mühüm iqtisadi tərəfdaşıdır və bunu son iki ildə ölkələr arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması sübut edir.

Redaktor.az xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Latviya Respublikasının müstəqilliyinin elan edilməsinin 106-cı ildönümünə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, hər iki ölkə genişmiqyaslı iqtisadi əməkdaşlıqda, ticarət dövriyyəsinin artırılmasında maraqlıdır: “Gələn il biz iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığı genişləndirməyi planlaşdırırıq. Bundan əlavə, bələdiyyələr arasında fəal əməkdaşlıq əlaqələri qurmuşuq, azərbaycanlı gənclərin Latviyada təhsil almağa marağının artdığını görürük. İcazə verin, Latviya-Azərbaycan münasibətlərinin indiki gözəl vəziyyətinə görə minnətdarlığımızı bildirim. İnanıram ki, xalqlarımızın rifahı naminə əlaqələrimizin daha da möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik”.

Səfir vurğulayıb ki, il ərzində çoxlu siyasi və işgüzar səfərlər, o cümlədən Latviya parlamentinin sədri və üzvlərinin, eləcə də hökumətin nümayəndə heyətlərinin səfəri olub.

“Biz həm Azərbaycanda, həm də Latviyada birlikdə çoxlu sayda mədəni layihələr həyata keçirmişik”, - o söyləyib.

Diplomat Bakıda keçirilən COP29 iqlim konfransının yüksək səviyyədə təşkilini də diqqətdən kənarda qoymayıb. “Bu gün COP29 iqlim konfransının başa çatmasından sonrakı ilk iş günü olduğundan bu çox mühüm missiyanın uğurlu nəticələrinə görə hər kəsi təbrik etmək istərdim. COP29-un sədrliyinə və bütün təşkilatçılara belə əlamətdar tədbirin peşəkar keçirilməsinə görə təşəkkürümü bildirirəm və əldə olunmuş razılığa görə təbrik edirəm”, - səfir bildirib.

Seçilən
42
4
redaktor.az

5Mənbələr