Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Sabunçu Təcili Tibbi Yardım Stansiyasının Zabrat filialı istifadəyə verilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, son illər Sabunçu rayonu ərazisində artan əhali sayını nəzərə alaraq, eləcə də çağırışların vaxtında icrası məqsədilə yaradılan filial 24 saat ərzində çağırışlar üzrə vətəndaşları təcili və təxirəsalınmaz tibbi xidmətlərlə təmin edəcək.
Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsi 13 ünvanında istifadəyə verilən 3 otaq və 1 mətbəxdən ibarət yeni filiala ambulans və həkim briqadaları təhkim olunub.
TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov yeni filialda yaradılan şəraitlə tanış olublar.
Əhaliyə tibbi xidmətin yüksək şəkildə təşkili ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib. Qeyd olunub ki əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədilə TƏBİB tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları əhalinin məskunlaşması, tələbatı, stansiyaların geolokasiyası nəzərə alınaraq yenidən təşkil olunur.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi hazırlanıb. Abşeron yarımadası üçün planlama işləri artıq yekunlaşıb. Əmrə əsasən, ehtiyac üzrə stansiya və filialların sayının artırılması nəzərə tutulub.