AZ

Masallıda sözünə qulaq asmayan arvadını dəfələrlə bıçaqlayan kişi HƏBS EDİLMƏDİ


“İlkanə qışqıraraq mənə kişi olmadığımı dedi və kobud ifadələr işlətdi”.

News24.az Cenublu.az-a istinadla bildirir ki, bu sözləri məhkəmə qarşısında sözünə qulaq asmayan arvadını öldürməkdə təqsirləndirilən İlqar Məmmədov (ad şərtidir) deyib.

Belə ki, 1979-cu il təvəllüdlü İlqar Məmmədov arvadı ilə birgə Masallı rayonun Təklə kəndində yaşayıblar. Evdə onu əri kimi saymaması, sözlərinə əhəmiyyət verməməsinə görə arvadı ilə İlqar arasında mütəmadi olaraq mübahisələr yaranıb. Belə mübahisələrin birində İlqar anlaqsız vəziyyətdə arvadı İlkanə Məmmədovanı qəsdən öldürmək qərarına gəlib. Buna görə mətbəx bıçağı ilə İlkanəni dəfələrlə bıçaqlayıb.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Müşfiq Məmmədovun sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən İlqar Məmmədov ifadə verməkdən imtina edib və susaraq danışmayıb.

Anlaqsız vəziyyətdə cinayət törətmiş İlqar Məmmədovun psixi durumunun onunla hər hansı bir istintaq hərəkətinin aparılmasına yol vermədiyi nəzərə alınaraq dindirilməsi mümkün olmayıb.

Buna görə də məhkəmə istintaqında təqsirləndirilən İlqar Məmmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində özünü təqsirli bilərək göstərib:

“2009-cu ildə İlkanə ilə ailə həyatı quraraq rayonun Təklə kəndində yerləşən ata evində yaşamağa başladıq. Psixoloji olaraq xəstə olduğum üçün hər hansı işdə işləyə bilmirdim. Ailəmizin dolanışığını anam təşkil edirdi. Uzun müddət uşağımız olmadığı üçün yoldaşımla anam arasında mübahisələr yaranırdı. Uzun illər müalicə aldıqdan sonra qız övladımız dünyaya gəldi. Uşaqdan sonra xərclər daha da artdı və İlkanə ilə mübahisələrimiz daha da çoxaldı. Anamın 2022-ci ildə vəfatından sonra İlkanə ilə münasibətimiz nisbətən yaxşılaşdı.

Lakin son 6 ayda İlkanə ilə mübahisələrimiz pisləşib, münaqişəyə çevrildi. Münaqişələr əsnasında əsəbi olduğum üçün bir neçə dəfə İlkanənin üzərinə çaynik, qənd qabı və s. xırda təsərrüfat əşyaları atmışam. İlkanə ilə davaların əsas səbəbi mənim əsəbi olmağıma baxmayaraq onun əsəbiləşdirməyi, məni kişi kimi evdə görməməyi, gördüyü işlərdə mənimlə məsləhətləşməməyi olub”.

Hadisə günü həkimdən evə gələndən sonra İlkanədən çay istəyən İlqar rədd cavabı alıb:

“İlkanə çay verməkdən imtina etdi. Həmin vaxt əsəbiləşib həyətdə olan bir neçə daşı onun üzərinə atdım və evə qalxdım. İlkanənin məni evdə kişi kimi görməsi üçün yol axtarırdım. Həm də uşağa görə boşanmaq istəmirdim. Axşam dedim ki, məni kişi kimi görmürsənsə, çıx get bu evdən. İlkanə isə qarşılığında kobud ifadələrlə evdə qalıb ailəni kişi kimi idarə etməyini tələb etdi. İlkanə qışqıraraq mənə kişi olmadığımı dedi və kobud ifadələr işlətdi. Ondan sakit olmasını xahiş etdim. İlkanənin dediyi sözləri diqqətlə dinləyərək beynimdə onu qətlə yetirmək fikrimi dəqiqləşdirdim. Bıcağı götürdükdən sonra yenidən yataq otağına keçib İlkanənin yanında uzandım. Bıçağı çıxararaq onu dəfələrlə bıçaqladım”.

Məhkəmədə İlqar Məmmədovun əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilib. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib. O, məcburi müalicəyə cəlb edilib.




Seçilən
40
1
news24.az

2Mənbələr