AZ

Ukrayna ordusu KRİTİK DURUMDA – Rusiya daha bir vilayəti ƏLƏ KEÇİRƏCƏK?

Görünən odur ki, cəbhə xəttində Ukrayna üçün kritik günlər başlayır. Ukrayna ordusu son dövrlər ölkənin şimal-cənubunda Rusiyanın şiddətli hücumlarına tab gətirməyərək, bir sıra kiçik şəhərlər də daxil olmaqla, bəzi yaşayış məntəqələrini itirib. Həmin istiqamətdə üstünlük hələ də Rusiya ordusunun tərəfindədir.

Eyni zamanda, Kursk istiqamətində Ukraynanın tutduğu bəzi əraziləri itirdiyi barədə də məlumatlar var. Başlıcası isə, Rusiyanın Dneprə atdığı Oreşnikraketləri qarşı tərəfin, o cümlədən ona dəstək verən Qərbin də xeyli dərəcədə məyus olmasına səbəb olub. Analitiklər də Ukrayna ordusunun gücünün tükənmək üzrə olduğunu deyir.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp komandasının bir hissəsi Putinin Ukrayna ilə bağlı şərtləri ilə razılaşıb?


Bu fonda Rusiyanın Zaporejye istiqamətində hücuma hazırlaşdığı ilə bağlı xəbərlər yayılıb. Ukrayna ordusunun çətin durumda olması, bu hücumlar nəticəsində daha bir vilayətin Rusiyanın əlinə keçməsi ehtimalını arıtıb.

Müharibənin seyri necə dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Ukrayna zəif görünsə də, Rusiyanın Zaporejye və Xarkov kimi iri şəhərləri tutması ehtimalı sıfıra bərabərdir: 

“Ukrayna cəbhəsində Rusiya qoşunlarının irəliləməsi davam edir. Yaxın zamanlarda Moskvanın daha bir neçə kiçik yaşayış məntəqəsini ələ keçirməsi də mümkündür. Ancaq Ukraynanın Zaporejye, Xarkov kimi iri şəhərləri əl keçirilməsi isə mümkünsüzdür. Çünki ilin sonuna doğru yəqin ki, Ukraynanın müqaviməti güclənəcək.

ABŞ verdiyi sözə əməl etsə və Kiyev üçün nəzərdə tutulan hərbi yardımı vaxtında çatdırsa, Ukraynanın iri şəhərləri qorumaq imkanı olacaq. Üstəlik onu da nəzərə alaq ki, noyabr-dekabr aylarında adətən həm Rusiya, həm də Ukraynanın cəbhədə uğur qazanmaları çətin olur. Havanın soyuması, yağışların artması qoşunların irəliləməsi üçün o qədər də əlverişli şərait yaratmır”.

Bu səbəbdən ekspert hesab edir ki, Ukrayna iri şəhərlərini itirməyəcək və Trampın andiçmə mərasiminə qədər cəbhə xəttində kəskin dəyişiklik baş verməyəcək:
 

“Onun fəaliyyətə başlaması ilə isə sülh danışıqları intensivləşəcək. Moskvanın sınaqdan keçirdiyi son raket zərbələri Qərbi qorxutmasa və Kiyevə bundan sonra da Rusiyanın dərinliklərinə doğru zərbə endirməyə icazə versələr, yaranmış vəziyyət şimal ölkəsinin hücum gücünün azalmasına gətirib çıxaracaq və son nəticədə sülh danışıqlarında Ukrayna indi olduğundan da əlverişsiz vəziyyətə düşməyəcək.


Baxmayaraq ki, sülh danışıqlarında Kiyevin onsuz da əlverişsiz vəziyyətdə olduğu göz qabağındadır. Yəni onun işğal olunan 123 min kv.km. ərazini geri qaytarmaq şansı çox azdır. Torpaq itkisi qaçılmazdır. Ancaq ümid edək ki, Ukrayna yerdə qalan ərazilərini öz nəzarətində saxlayacaq”.  

Rüfət Sultan, Bizim.Media

Seçilən
48
50
bizim.media

10Mənbələr