Məmmədov Qəhrəman Şamil oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Müəyyən edilib ki, Məmmədov Qəhrəman Şamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 206.3.3 (ölkə hüdudlarından kənarda qaçaqmalçılıq) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
"EDnews"xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Q.Məmmədovun əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işlədiyi və son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərdiyi barədə məlumatlar var.
Bundan əvvəl Türkiyə mətbuatı noyabrın 23-də İstanbul şəhərində polis əməkdaşları tərəfindən Azərbaycan vətəndaşında 70 kiloqram qızıl aşkarlandığı barədə məlumat yayıb.
Belə ki, Sarıyer rayonunda ticarət mərkəzinin yaxınlığında qaçaqmalçılıqla mübarizə şöbəsinin əməkdaşları yoxlama üçün taksini saxlayıblar. Avtomobildə azərbaycanlı M.G.Ş. olub və o, qızılın ona məxsus olduğunu söyləyib.