AZ

Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”



Bu günlərdə Azərbaycan bütün dünyanın diqqət mərkəzində idi. Daha doğrusu, cənab Prezident İlham Əliyevin sözləri ilə desək, bütün dünya Azərbaycanda idi. Noyabr ayında Azərbaycan 2023-cü ilin sonlarında 200 ölkənin həmrəy qərarı ilə əldə etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu reallaşdırdı. Əlbəttə ki, son illər ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərin həm miqyasının, həm də əhəmiyyətlilik dərəcəsinin getdikcə artması Azərbaycanın dünya birliyində durmadan yüksələn nüfuzunun daha bir göstəricisi kimi qiymətləndirilməlidir. O cümlədən noyabrın 12-də Bakıda öz işinə başlamış COP29-un da ən yüksək səviyyədə təşkili əlbəttə ki, dünya ictimaiyyətinin diqqətindən kənarda qalmayacaq.Azərbaycan üçün isə COP29 iqlim dəyişikliyinin yaratdığı fəsadlarla mübarizədə ön sıralarda olduğunu göstərmək imkanı olmaqla yanaşı, eyni zamanda da qlobal səhnədə cərəyan edən proseslərə getdikcə artan iqtisadi və siyasi təsirini nümayiş etdirmək üçün unikal fürsət oldu.

Bugünkü buraxılışımızda Azərbaycanın ev sahibliyi etdiyi COP29-ungedişi və əldə olunan nəticələr, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Xoş gördük Sizi, Eldar müəllim. Yenidən Sizinlə görüşmək bizə çox xoşdur və ilk sualımız əlbəttə ki, noyabrın 12-dən 22-nə qədər Bakıda keçirilmiş ÇOP29-la bağlı olacaq. Əminəm ki, Sizin COP29-un bilavasitə iştirakçısı kimi fikirləriniz, müşahidə etdiyiniz xüsusi məqamlar və gəldiyiniz nəticələr oxucularımız üçün son dərəcə maraqlı olacaq. Bu tədbirin dünya miqyasında ən önəmli və ən böyük beynəlxalq tədbirlərdən biri olduğu bu gün heç kimdə şübhə doğurmur. Məhz bu baxımdan COP29-a ev sahibliyi etmək Azərbaycana nə qazandırır?

- Mən də sizi ürəkdən salamlayıram və yenidən görüşməyimizdən məmnun olduğumu bildirmək istəyirəm. İlk növbədə deməliyəm ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları, hansılar ki, bütün dünyada COP kimi tanınır, həqiqətən də planetimizin ən böyük və ən mötəbər tədbirləri sırasında durur. Çox şadam ki, Bakıda keçirilən COP29-da ölkəmizi təmsil etmək üçün Milli Məclisin sədri və sədr müavinləri, Parlament komitələrinin sədrləri və sədr müavinləri ilə yanaşı mən də iştirak edirdim. Bu gün Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən unikal xarici siyasət və incə diplomatiya sayəsində artıq sadəcə regional gücdən qlobal oyunçuya çevrilməkdədir. COP29 eyni zamanda məhz bu transformasiyanı da həm təsdiq edən, həm də bütün dünyaya nümayiş etdirən bir tədbir oldu. Əlbəttə ki, keçən ilin dekabr ayında Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etmək hüququnu qazanmaqla, özünün növbəti böyük uğuruna imza atdı. Məhz buna görə cənab Prezident İlham Əliyev Konfransın Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu məqamı xüsusi vurğulayaraq bildirdi ki, Azərbaycanın bu tədbirə 200 ölkənin yekdil qərarı ilə ev sahibliyi etməsi ölkəmizin qlobal proseslərdə fəal rolunun beynəlxalq arenada yüksək qiymətləndirilməsi deməkdir. COP29-a ev sahibliyi hüququnu ölkəmizə verməklə beynəlxalq ictimaiyyət, diqqət edin, qlobal miqyasda beynəlxalq ictimaiyyət Azərbaycana növbəti dəfə böyük etimad göstərilmiş oldu və bu da birmənalıdır ki, ölkəmiz bu hörməti və nüfuzu ilk növbədə məhz cənab Prezident İlham Əliyevin gördüyü mühüm işlər, həyata keçirdiyi son dərəcə uğurlu müstəqil xarici siyasət sayəsində qazanmışdır.

- Eldar müəllim, Azərbaycanın hər zaman öz üzərinə götürdüyü öhdəliklərə böyük məsuliyyətlə yanaşmasını bu gün bizimlə əməkdaşlıq edən bütün dünya ölkələri təsdiq edirlər. Bu baxımdan ölkəmizin COP29-a ev sahibliyi etməklə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının ümumi fəaliyyətinə necə yeniliklər gətirə biləcəyini, hansı töhfələri verəcəyini düşünürsüz?

- Tamamilə doğru qeyd etdiniz ki, Azərbaycan istənilən platformada hər zaman öz öhdəliklərinin icrasına böyük məsuliyyətlə yanaşan bir ölkədir. Cənab Prezident İlham Əliyevin “bizim sözümüz imzamızdır” ifadəsi də bu tendensiyanı bir daha təsdiqləyir. COP 29-da sədrlik edən bir ölkə kimi Azərbaycan ilk növbədə beynəlxalq iqlim danışıqlarının gələcəyi ilə bağlı mövqeyini ortaya qoyur. Əlbəttə ki, bu mövqe ölkəmizin getdikcə artan iqtisadi gücü və siyasi nüfuzu vasitəsilə möhkəmləndirilir. Az öncə də qeyd etdiyim ki, Bakıda COP 29-un keçirilməsi artıq ölkəmizin beynəlxalq iqtisadi və siyasi arenalarda artan təsir imkanlarının əyani göstəricilərindən biridir. Bu isə eyni zamanda beynəlxalq ictimaiyyətin Azərbaycandan böyük gözləntiləri olduğunu da deməyə əsas verir. Bu gözləntilərin xüsusilə inkişaf etməkdə olan ölkələr üçün nə qədər vacib olduğunu iştirakçıların əhatəsində olduqca aydın müşahidə etmək olurdu. Əlbəttə ki, Azərbaycanın coğrafi mövqeyi, Asiya ilə Avropanın qovşağında yerləşməsi ölkəmizə böyük üstünlüklər verir. Lakin cənab Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında qeyd olunduğu kimi, Azərbaycan təkcə coğrafi baxımdan deyil, eyni zamanda həm də mənəvi-mədəni baxımdan fərqli sivilizasiyaları bir araya gətirən məkandır. Buna bir tərəfdən Azərbaycan xalqının hələ qədim vaxtlardan mədəniyyətinin bir parçası olmuş tolerantlıq prinsipləri, digər tərəfdən də multikulturalizmin Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biri olması güclü zəmin yaradıb. Məhz bütün bu göstəricilərin toplumu da Azərbaycana COP29-un iştirakçıları arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilmək imkanı verir. Əminəm ki, COP29 Tərəflər Konfransının indiyədək keçirilmiş bütün Sessiyalarından daha mühüm nəticələrlə tarixə düşəcək.

- Biz əlbəttə ki, İqlim Dəyişikliyi ilə bağlı mövzuya yenidən dönəcəyik. Lakin indi mən istərdim ki, COP29 ərəfəsindəbaş vermiş müəyyən hadisələrə müraciət edək və bu proseslərin qarşılıqlı bağlantılarını təhlil etməyə çalışaq. Bu baxımdan düşünürəm ki, cənab Prezident İlham Əliyevin bu ilin oktyabr-noyabr aylarında iştirak etdiyi MDB, BRİCS və TDT sammitlərində müzakirə olunan mövzular da xüsusi maraq kəsb edir...

- Bu zaman yəqin ki, xronoloji ardıcıllığa uyğun olaraq ilk öncə möhtərəm Prezidentimizin cari ilin 8 oktyabr tarixində Moskvada keçirilmiş Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirakı barədə danışmaq daha məqsədəuyğun olar. Məlumdur ki, Azərbaycanın istər Qoşulmama Hərəkatında, istər Türk Dövlətləri Təşkilatında, istərsə də İslam Əməkdaşlıq Təşkilatında fəaliyyətini müşahidə edərkən biz aydın şəkildə görürük ki, ölkəmiz bu qurumlara üzv dövlətlərin böyük əksəriyyətilə əlaqələrini həm ikitərəfli formatda, həm də çoxtərəfli formatda uğurla inkişaf etdirir. Əlbəttə ki, bu baxımdan Müstəqil Dövlətlər Birliyi də istisna deyil. İlk növbədə Azərbaycanın bu quruma üzv olan digər dövlətlərlə münasibətlərinin formalaşmasına belə bir amil təsir göstərir ki, bu ölkələrin hamısı 70 il ərzində SSRİ tərkibində müttəfiq respublikalar kimi mövcud olublar. Digər tərəfdən də MDB üzvləri arasında Azərbaycanla digər beynəlxalq təsisatlarda birgə üzvlüyü olan ölkələr də çoxluq təşkil edir. Bütün bunlar əlbəttə ki, xüsusi münasibətlərin formalaşmasına zəmin yaradıb.

-Eldar müəllim, amma bunu da etiraf edək ki, MDB-yə üzv ölkələr arasında Azərbaycanın məhz Rusiya ilə münasibətləri hər zaman daha çox beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olur. Bu barədə nə deyə bilərsiz?

- Bu təbii haldır. Düzgün xarici siyasət strategiyası olan hər bir ölkə kimi, Azərbaycan üçün də qonşu dövlətlərə münasibətlərin inkişafı olduqca vacib amildir. Çünki öz sərhədlərində təhlükəsiz, mehriban münasibətlər yarada bilən ölkələr beynəlxalq aləmdə mövqelərini daha yaxşı qoruya bilirlər. Bu baxımdan Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın ən güclü ölkələrindən olan Rusiya ilə humanitar, mədəni sektordan tutmuş siyasi-hərbi sahəyə qədər çoxşaxəli əməkdaşlıq əlaqələri əldə olunmuş yüksək nəticə kimi qiymətləndirilməlidir. Eyni zamanda da Rusiya ilə imzalanmış müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə xüsusilə Vətən müharibəsindən sonra bölgədə yaranmış reallıqlar baxımından Azərbaycan üçün çox əhəmiyyətlidir. Həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayan Azərbaycan bununla bölgədəki yeni konfiqurasiyanı möhkəmləndirmiş oldu. Bu, cənab Prezident İlham Əliyevin daha bir möhtəşəm diplomatik gedişi idi.

- Yeri gəlmişkən, dövlət başçımızın sözügedən Moskva səfəri çərçivəsində “Rossiya-1” televiziya kanalına verdiyi müsahibəsində verdiyi bəzi açıqlamalar, xüsusilə də ABŞ və Fransa hökumətlərinin yürütdükləri ikili standartlar siyasətinə qarşı səsləndirdiyi fikirlər də böyük maraq doğurmuş oldu...

- Əslində bu fikirləri cənab Prezident İlham Əliyev əvvəlki çıxışlarında da bir neçə dəfə beynəlxalq ictimaiyyətin diqqətinə birmənalı şəkildə çatdırıb. Bu fikirlərin mahiyyətində isə belə bir fakt durur ki, bu gün bəzi Qərb dövlətləri, ilk növbədə də ABŞ və Fransa Azərbaycanın müstəqil xarici siyasət yürütməsini, öz ərazi bütövlüyünü və tam suverenliyini heç kimdən soruşmadan, heç kimdən qorxmadan və heç kimi saymadan, öz gücünə bərpa etməsini heç cür həzm edə bilmirlər. Buna görə ölkəmizə qarşı tamamilə haqsız olaraq hansısa sanksiyalar tətbiq edilir. Dövlət başçımız tamamilə doğru olaraq vurğuladı ki, həmin sanksiyalarla bağlı ABŞ hökumətinin ikiüzlülüyünü, riyakarlığını açıq-aşkar ifşa edə məqamlardan biri də Azərbaycan-NATO tərəfdaşlıq münasibətləri çərçivəsində gedən proseslərdə özünün aşkar təsdiqini tapıb. Məlum olduğu kimi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var və bu tərəfdaşlıq hər zaman müsbət qiymətləndirilib. O cümlədən Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda yüksək effektivliklə iştirak edib. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr də məhz Azərbaycan hərbçiləri olublar. O zaman bizim hərbçilərimiz hava limanının mühafizəsinə görə cavabdeh idilər və bu, NATO qüvvələrinin Əfqanıstandan təxliyəsində əsas məsələ idi. Lakin bu gün ölkəmizin bu xidmətləri ermənipərəst qüvvələrin təzyiqi nəticəsində unudulur. Məhz bütün bunlara cənab Prezident İlham Əliyev “Rossiya-1” televiziya kanalına verdiyi müsahibəsində hər zaman olduğu kimi, növbəti dəfə prinsipial möveyini nümayiş etdirərək birmənalı münasibətini açıq mətnlə ifadə etmişdir.

Söhbətləşdi: Azər Məmmədov
aia.az

(ardı var...)





Seçilən
22
aia.az

1Mənbələr