AZ

Yəmənli kişilər vətəndaşlıq vədi ilə şirnikləndirildikdən sonra Ukraynaya qarşı döyüşmək məcburiyyətində qalıblar

BUSINESS INSIDER: “Financial Times”ın (FT) hesabatına görə, yəmənli kişilər yüksək maaş və vətəndaşlıq vədinə aldanaraq Rusiyaya getdikdən sonra Ukraynada döyüşməyə məcbur ediliblər.

Ukraynadakı müharibədə döyüşmək üçün husilərlə əlaqəli bir şirkətin köməyi ilə Rusiyaya gələn bir nəfər FT-yə deyib ki, ona ayda 2000 dollarlıq iş və 10.000 dollar mükafat vəd edilib.

Bununla belə, onun sözlərinə görə, Rusiyaya gəldikdən sonra onu Rostov yaxınlığındakı hərbi bazaya göndiblər. Orada oxuya bilmədiyi hərbi xidmətə getmək barədə müqaviləni imzalamaq məcburiyyətində qalıb.

Başqa bir nəfər isə nəşrə bildirib ki, ona mühəndislik və təhlükəsizlik sahəsində iş vəd edilib, lakin Ukraynadakı meşədə Rusiya tərəfində döyüşüb.

FT yüzlərlə yəmənlinin Rusiya uğrunda döyüşdüyünü təxmin edir.

Analitiklər hesab edirlər ki, husilərlə münasibətlərdəki bu son inkişaf Rusiya ilə İranın dəstəklədiyi hərbi qruplaşma arasında artan əməkdaşlığın əlamətidir.

Stimson Mərkəzinin əməkdaşı Bəşir Abbas BI-ə deyib: “Husilər üçün bu, çox məna kəsb edir, çünki Rusiyanın onlara İsrail hədəfləri ilə bağlı kəşfiyyat məlumatı verdiyi məlumdur”. "Beləliklə, onlar arasında əməkdaşlıq üçün açıq potensial var."

Rusiyanın husilərlə əməkdaşlığının tam miqyası bəlli deyil. Lakin ABŞ Dövlət Departamentinin sözçüsü keçən həftə BBC-yə deyib ki, Putin İranın dəstəklədiyi üsyançılarla “ciddi səviyyədə” əlaqə saxlayır.

ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Lenderkinq FT-yə bildirib ki, Rusiya bir ildən çoxdur Qırmızı dənizdə gəmilərə hücum edən husilərlə silah satışını fəal şəkildə müzakirə edir.

"Müzakirə olunan silah növləri çox narahatlıq doğurur və husilərə Qırmızı dənizdə və bəlkə də, ondan kənarda gəmilərə daha yaxşı hücum etməyə imkan verəcək" deyə Lenderkinq qeyd edib.

Abbas bildirib ki, bu, İranın Ukraynadakı müharibədə Rusiyaya fəal şəkildə kömək etdiyini bir daha sübut edir. “Bu, demək olar ki, simbiotik bir əlaqədir, xüsusən də Rusiya Avropada aktiv şəkildə müharibə apararkən hər gün öz xəzinəsini boşaldır”, - deyə o bildirib.

Bu, kişilərin Ukraynada döyüşməyə məcbur edilməsi ilə bağlı ilk məlumat deyil. Mart ayında “The Guardian” saysız-hesabsız hindistanlı və nepallı kişilərin Ukraynaya qarşı mübarizədə Rusiyaya qoşulmaq üçün aldadıldığını yazmışdı.

Hindistan və Nepaldan olan kişilər nəşrə bildiriblər ki, onlara rus dilində yazılmış hərbi müqavilələri imzalamaq üçün təzyiq edilib və pasportları əllərindən alındığı üçün oranı tərk edə bilməyiblər.

Şimali Koreya da Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya minlərlə əsgər göndərib. Keçən həftə Vaşinqtonun analitik mərkəzi olan “Institute for the Study of War” bildirib ki, yeni qoşunların axını Putinə ən azı müvəqqəti olaraq növbəti məcburi səfərbərlikdən qaçmaq imkanı verir.

Kreml nümayəndələri BBC-nin şərh sorğusuna dərhal cavab verməyiblər.

Seçilən
20
turan.az

1Mənbələr