“Təlim-məşq toplanışından sonra iştirak edəcəyimiz yarışlarda üzgüçülərimizdən yüksək nəticələr gözləyirik”.
90deqiqe.Az xəbər verir ki, bu sözləri üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya İdman Kompleksində keçirilmiş təlim-məşq toplanışı barədə federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
O, 16 üzgüçü və 5 məşqçinin iştirakı ilə reallaşan toplanışın qarşıdan gələn iki vacib yarışa hazırlıq məqsədi daşıdığını bildirib: “Noyabrın 5-24-də milli komanda tam heyətlə təlim-məşq toplanışına qatıldı. Təlimlərin məqsədi bu ayın 27-30-da Bakı Su İdmanı Sarayında təşkil olunacaq Azərbaycan Açıq Qış çempionatına və dekabrın 18-23-də Estoniyanın Tartu şəhərində keçiriləcək Açıq Estoniya Qış çempionatına hazırlıqdır. Yığma üzvləri Azərbaycan çempionatına yüklənmiş formada çıxacaqlar. Yəni, təlim-məşq toplanışının ardından yarışlarda iştirak edəcəklər. Hazırlıq prosesinin təşkilində digər məqsədimiz üzgüçülərimizin 3 həftə ərzində aerob-anayrob qarışıq iş qabiliyyətlərinin artırılması idi. Azərbaycanda təşkil olunacaq yarışlardan sonra dekabrın 5-18-də idmançılarımız Estoniya səfərinə hazırlığa başlayacaqlar. Bu yarışlarda üzgüçülərimizdən yüksək nəticələr gözləyirik”.