AZ

Azərbaycanın növbəti tarixi uğuru

Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq bir ənənəyə çevrilib. Bu da təsadüfi deyil. Çünki ölkəmizin beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi var. Bu baxımdan, Azərbaycanın COP29-u da ən yüksək səviyyədə təşkil etməsi təbii qanunauyğunluqdur.

Nəzərə almaq lazımdır ki, COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə ev sahibi seçilməsi haqqında qərar beynəlxalq birliyin  ölkəmizə yüksək etimadın göstəricisi idi. Xüsusilə, COP29-un ölkəmizdə keçirilməsi ilk növbədə Prezident İlham Əliyevin dünyada yüksək nüfuzunun və həyata keçirdiyi uğurlu siyasətin parlaq nümunəsidir. Dövlətimizin başçısı qazanılan bu uğurla Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.

Beynəlxalq birliyin etimadını böyük məsuliyyət kimi qəbul edən Azərbaycan COP29-a cəmi bir il ərzində yüksək səviyyədə hazırlıqlar həyata keçirdi. Bu, həm də ölkəmizin hazırda aktuallığı heç vaxt olmadığı qədər artan iqlim çağırışlarına həssas yanaşmasını ifadə edir.

Çəkilən zəhmət, sərgilənən məsuliyyətli yanaşma  öz bəhrəsini verdi. Belə ki, COP29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksəksəviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşımında qeyd edib: “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.

Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”.

Ümumiyyətlə, Bakının ev sahibliyi etdiyi bu tədbir COP tarixində ən nəticəyönümlü konfranslardan biri kimi qalacaq. Tədbir çərçivəsində aparılan aktual müzakirələr, qəbul olunan mühüm qərarlar, həmçinin dünya miqyasında konfransa göstərilən böyük maraq belə qənaətə gəlməyə tam əsas verir. Bir sıra dairələrin, o cümlədən də Fransanın boykot çağırışlarına rəğmən, COP29-a 80 dövlət və hökumət başçısı, bütövlükdə qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı qatıldı.

Eyni zamanda, Bakıda COP tarixində bir sıra ilklərə imza atıldı. Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması COP29-un ən böyük uğurlarından biridir. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir.

Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.

Beləliklə, ölkəmiz COP29 çərçivəsində qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində oldu. Tədbirdə qəbul olunan qərarlar iqlim dəyişikliyi ilə mübarizədə mühüm nəticələr verəcək ki, bu da bilavasitə Azərbaycanın növbəti tarixi uğurudur!

Elçin Quliyev,
​YAP Nərimanov rayon təşkilatının sədri

Seçilən
4
4
ikisahil.az

5Mənbələr