AZ

Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət

Əfqanıstanı faktiki idarə edən Taliban hərəkatı ölkəyə mümkün qədər çox turist cəlb etmək istəyir. Bu il Əfqanıstana səfər edən alman səyyah Yannis M. əmindir ki, həqiqətən də oraya getməyə dəyər. 

Qaynarinfo xəbər verir ki, Britaniyanın "The Daily Mail" tabloidinə verdiyi müsahibədə o, bunun əslində "böyük təcrübə" olduğunu bildirib.

Artıq 93 ölkəyə səfər edən 23 yaşlı alman deyir ki, məqsədi dünyanı gəzməkdir. Əfqanıstan onun siyahısında 88-ci ölkə olub.

"Əfqanıstan xoşuma gəldi və özümü təhlükəsiz hiss etdim. Mənə çox yaxşı münasibət göstərildi. Əfqanlar dünyanın ən qonaqpərvər xalqlarından biridir. Məni yaxşı qarşıladılar və insanlar haradan olduğumu soruşurdular", deyə Yannis bildirib.

Onun sözlərinə görə, adi əfqanlar onu evlərinə şam yeməyinə dəvət ediblər. O, həmçinin Talibandan ancaq yaxşı münasibət görüb:

"Taliban turistlərin gəlməsini istəyir, ona görə də sizi əmin edirlər ki, hər zaman təhlükəsizlikdəsiniz".

Yannisin sözlərinə görə, Əfqanıstana getməkdən qorxan insanlar dünyanı heç vaxt öz gözləri ilə görməyəcək və üfüqlərini genişləndirməyəcəklər.

"Bilirəm ki, çoxları Əfqanıstana səfər etməyi yaxşı fikir hesab etmir, lakin sizi əmin edə bilərəm ki, bu şəxsi inkişafınıza və müəyyən məsələlərə öz baxışınıza töhfə verəcək".
 
 


Yannis Əfqanıstana səfərindən bəzi fraqmentləri "TikTok" platformasındakı şəxsi bloqunda dərc edib. Bu videolarda onun qeyri-adi mavi suyu ilə tanınan Band-e-Amir Milli Parkının gölündə qayıqla üzdüyünü, Kabil quş bazarını və digər yerləri gəzdiyini görmək olar.

Kabildə Yannis hətta antik qutu kamera ilə şəhərin sonuncu peşəkar fotoqraflarından biri olan Hacı Mirzəman tərəfindən də çəkilib. "Onunla görüşmək mənim üçün şərəf idi və şübhəsiz ki, maraqlı təcrübə oldu", deyə səyahətçi bildirib.

Alman məşhur qədim Budda heykəllərinin vaxtilə yerləşdiyi Bamiyan bölgəsinə də baş çəkib. 2001-ci ildə Taliban heykəlləri dağıdıb, lakin onların oyulmuş qaya boşluqları hələ də qalmaqdadır.

"Əfqanıstanın maraqlı tarixi, mədəniyyəti, böyük insanları və gözəl yeməkləri var və mən bunu görmək və özüm üçün yaşamaq istədim", deyə Yannis bildirib.
 

O, bu ölkəyə səfərinin təşkilati təfərrüatlarını da açıqlayıb. Bildirib ki, bundan əvvəl Əfqanıstana vizanın Dubayda, Pişəvərdə (Pakistan) və ya Tacikistan-Əfqanıstan sərhədində verilə biləcəyini öyrənib. Hər iki ölkəyə birdən səfər etmək qərarına gəldiyi üçün sonuncu variantı seçib.

Yannis əlavə ehtiyat tədbiri olaraq Əfqanıstana səfəri üçün bələdçidən istifadə edib. Bu variantı ona əvvəllər Əfqanıstanda səfərdə olmuş tanışı tövsiyə edib.

Lakin müsbət təcrübəsinə baxmayaraq, Yannis Əfqanıstanı yalnız təcrübəli səyahətçilər üçün bir istiqamət kimi tövsiyə edir. Onun fikrincə, bu ölkəyə səfər yeni gələnlər üçün bir az şok ola bilər. Çünki bəzi aspektlər ən yaxşı vəziyyətdə deyil. Xüsusilə, gigiyena problemləri ciddidir.

Aydın
Seçilən
26
1
qaynarinfo.az

2Mənbələr