AZ

“CAPİTAL CİTY" MTK-NIN EV UÇURMA ƏMƏLİYYATI

Şikayətçilər: "“Capital City” tikinti şirkəti obyektləri və yaşayış evlərini sakinlərin başlarına uçurmaqdan çəkinmir...”

...Novruz Həsənovun rəhbərlik etdiyi “Capital City” tikinti şirkəti paytaxtın Nəsimi rayonundakı Mərdanov qardaşları və Abbas Səhhət küçələrinin kəsişməsində yaşayan sakinlərin də sakit həyat tərzini pozmaqdan çəkinmir. "Pilot layihə" adı altında, hətta sakinlər yatarkən, heç bir xəbərdarlıq olmadan başlarına uçurdulub, məhv edilən evləri və xırda obyektləri artıq su altındadır. Belə çıxır ki, şirkət dağıntıda israrlıdır və rəhbərinin dünya vecinə deyil. "Təzadlar"a edilən şikayətdən sonra dağıntı baş verən yerə baş çəkən əməkdaşımız deyilənlərin şahidi olub və sakinlər deyiblər ki, paytaxtın bu ərazisində adıçəkilən tikinti şirkəti xeyli müddətdir mülk sahiblərinin sakitliklərini pozmaqda davam edir. Mediada daha öncələr də bu haqda yazılıb, lakin tikinti şirkəti sakinləri mülklərindən didərgin salmaqda, evləri məhv etməkdə israrlıdır. Onların təbirincə desək, artıq, “Capital City” “hücum səmtini dəyişib, bu istiqamətdə qələbəyə doğru gedir”. Əvvəlki qanunsuzluqlar barədə əlaqədar dövlət qurumlarının hamısı xəbərdar edilsə də, indiyədək dərdlərinə əlac edən tapılmayıb.

“Şübhəsiz, eyni aqibəti biz də yaşayacağıq. Məcburiyyətdən, ölkə rəhbərliyinə – Prezidentə, Birinci Vitse-Prezidentə müraciət edərək, bizə qarşı edilən bu qanunsuzluqların qarşısının alınmasını xahiş edəcəyik. Başqa əlacımız qalmayıb“, — narazı sakinlər deyirlər.

Şikayətçilərin sözlərinə görə, müraciətlərində onu da qeyd edəcəklər ki, nizamnamə kapitalı çox aşağı məbləğdə olan, MMC kimi tanınan bu tikinti şirkətinin bu layihəyədək həyata keçirdiyi bütün tikinti işləri səs-küylü olub. Etdikləri özbaşınalıqlara görə, rəhbər kreslosunda oturanlar “dəmir barmaqlıqlar” arxasına da düşüb: “Əmin deyilik ki, MMC başladığı layihəni icra edib, uğurla sona çatdıra biləcək. Çünki bu ətrafda yüzlərlə sakin var, belə bir şirkətin edə biləcəyi iş deyil ki, hamı evlə, kompensasiya ilə təmin edilə bilsin. Habelə, bu, dövlətin uğurlu pilot layihəsi olmadığı üçün, biz işin yekunlaşdırıla bilməsinə inanmırıq. Həm də, bu ərazi çox böyükdür və gələcəkdə bu adamlar evsiz-eşiksiz qalan narazı kontingentə çevrilə bilər.

ar-2

Üstəlik, bu MMC-nin nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi Rayon icra hakimiyyəti ilə, tikintinin deyilən vaxtda yekunlaşacağına dair müqavilələri yoxdur. Şirkət, sadəcə, BŞİH-dən bu ətrafdakı ərazidə tikinti aparmağa razılıq alıb, heç bir öhdəlik götürməyib. Ölkə mətbuatının da əvvəllər yazdığı kimi, ən pisi odur ki, BŞİH və Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri vətəndaşları qorxutmağa çalışırlar, sanki şirkətin “vəkili” rolunda çıxış edirlər. Həmin yazılarda da deyildiyi kimi, bu MMC sakinlərdə xof yaratmaq üçün, ərazidəki bir-neçə mülk sahibləri ilə gizli danışıqlara gedərək, bəzilərini aldadaraq, söküntü görüntüsünü yaratmaq məqsədi ilə, həmin evlərin qapı-pəncərələrini, divarlarını söküb. Üstəlik, qəsdən həmin yararsız hala saldıqları evlərə heyvan iç-çalatları ataraq, süni şəkildə üfunət qoxusu yaradıb, sakinləri didərgin salmağa çalışıblar. Həmçinin, burada qapı-pəncərəsi olmayan mənzillər uzun müddət narkomanların və qeyri-əxlaqi hərəkətlər edən ünsürlərin “yuvasına” çevrilib. Uşaqlarımızı həyətə buraxa bilməmişik.

Faktiki olaraq, zorakı şəkildə – bizim razılığımız alınmadan, bu yerin taleyinin də sual altında qalaraq, kompensasiya almadan və qanunsuz şəkildə mülklərimizin söküntüsü davam etdirilib”.

Mövzuya qayıdılacaq.

Şirkət rəhbərliyinin də mövqeyini dinləməyə hazırıq.

"Təzadlar"ın Araşdırma Qrupu

Seçilən
19
4
tezadlar.az

5Mənbələr